21 Avqust 2019 20:39
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yadımdadır. Qarabağ qazilərindən biri özünə qəsd etmişdi. Bir neçə il öncə idi. Problemləri varmış, həll edə bilmirmiş. Təbii ki, hər kəs, o cümlədən də dövlət rəsmiləri buna görə çox üzüldü. Hətta sonradan onun problemlərinin həllini də məhz rəsmilər öz üzərinə götürdü. O da yadımdadır ki, həmin qazinin mərasimlərində yetərincə yüksək vəzifəli rəsmilər iştirak edirdi. Öz gözümlə görmüşəm, çünki mən də o mərasimlərdə idim.

Lakin qazinin dəfnində iştirak etməmişdim. Bununla belə prosesi yaxından izləyirdim. Ordakı dostlarımız, eləcə də sosial media vasitəsilə. Hətta kimin gəlib-getməsinə, necə münasibət bəsləməsinə qədər hər şeydən xəbərim vardı. Qazi qardaşımızı itirmişdik, üzgündük, amma dövlətin yanaşmasına görə çox məmnunduq. Mərasimlərdə iştirak edən rəsmilərin bu acını şəxsi acıları kimi yaşadığını görmək dərdimizi az da olsa yüngülləşdirirdi.

Qeyd etdiyimiz kimi, hər şey qaydasında idi. Mərasimlər yüksək səviyyədə təşkil edilmişdi. Yeri gəlmişkən, özünə qəsd etmiş qazi qardaşımızın ailəsi hələ onun vəfatından xeyli əvvəl dövlət hesabına yeni mənzillə də təmin edilmişdi. Mərasimlərin də xərcini dövlət öz üzərinə götürmüşdü. Yalnız yolunda getməyən bir hal da vardı ki, bunu mənə dostlarımız – orda olanlar danışıb.

Deməli, Lökbatanda yaşamış bu qazini dəfn etmək üçün qəbristanlığa apararkən böyük bir izdiham onu müşayiət edirmiş. Təbiidir. İnsanımız belə məsələdə çox həssasdır. Bu izdihamın içində 5-10 nəfər radikal da varmış. Əli Kərimlinin dəstəsindən. İzdiham Bibiheybət məscidinə çatanda bu başıpozuqlar şüarlar çığırmağa, qazinin nəşini şəhərin mərkəzinə aparmağa çağırışlar etməyə başlayır. Onlar bayraqlar açaraq hakimiyyətə qarşı şüarlar səsləndirir, izdihamın emosiyalarını coşdurub siyasi məqsədləri üçün naməlum hərəkətlərə sürükləməyə çalışırmış. Hadisə yerində olan Qarabağ qazilərindən bir neçəsi önə keçərək o radikalların ağzını necə lazımdır yumur, dəfni el adətincə həyata keçirmək üçün asayişi bərpa edir. Həmin radikalları da lənətləyərək hadisə yerindən qovurlar. Sonradan öyrəndik o dəstənin başında gedən “Əli aşiqi” Avropada siyasi sığınacaq alıb…

Gendən gəldim bir az deyəsən. Təsadüfi deyil. Səbəbsiz də deyil. Bugünlərdə hər kəs hərbi pilotumuz Rəşad Atakişiyevin acısını yaşayır. Artıq onun nəşi Xəzərin dibindən tapılıb, uyğun şəkildə və layiqincə dəfn edilib. İndi görürük ki, bu radikallar hətta bu olaydan da siyasi gəlir əldə edəcək qədər aşağı yuvarlanıblar…

Baş tutmamış Milli Şuranın uğursuz rəhbəri Cəmil Həsənli bəyan edib ki, bəs, sən demə pilotun dəfn mərasimində iştirak əngəllənibmiş… İddia edilir ki, pilotun qaynatası, məşhur siyasi xadim Qabil Hüseynli belə bir çağırış edib ki, müxalifət dəfnə gəlməsin. Açığı, biz Qabil Hüseynlinin bu fikri deyib-demədiyini dəqiq bilmirik. Şəxsən mən onun açıqlamasını görməmişəm. Lakin bir ölü yiyəsi kimi onun, yaxud da pilotun başqa yaxınlarının elə bir çağırış etməsində də nəsə siyasi səbəb axtarmaq doğru deyil.

Üstəlik, ölü sahibi olaraq onlar belə çağırış edibsə, bizə də, Azərbaycan hakimiyyətinə də bu çağırışa sayğılı yanaşmaq düşər. O cümlədən müxalifətə, elə lap Cəmil Həsənlinin özünə də. Amma nə görürük? Hamı susur, üzüntüsünü ifadə edir, Cəmil Həsənlisə Azərbaycan hakimiyyətini faşizmdə ittiham edir! O Cəmil Həsənli ki, tarixçidir, uzun illər siyasətdə olub, hətta deputat kimi parlamentdə də oturub. Yəni bu adam faşizmin nə olduğunu bilməyənlərdən deyil. Di gəl ki, məsələnin Azərbaycan hakimiyyətinə dəxli olmadığını bildiyi halda utanmadan hansısa faşizmdən danışır!

Faşizm o deyil, Cəmil Həsənli! Faşizm sizin kimilərin insanların faciəsindən belə siyasi məqsədlər üçün istifadə etməsidir!

Örnəklər verimmi?! Verim!

Siz və mənsub olduğunuz düşərgə hər il 20 Yanvar ziyarəti sırasında siyasi şüarlar çığırıb qarşıdurma yaratmırmı? Yaradır!

Yaxud da elə builki Xocalı mərasimində sizin mənsub olduğunuz düşərgənin bir ovuc təmsilçisi deyilmiydi abidənin ziyarəti zamanı heç dəxli olmadan haray salıb siyasi bəyanatlar verən? Onlardı!

İndi əgər bir şəhid pilotumuzun yaxınları sizin bu xasiyyətinizi bildiyi üçün dəfndə iştirakınızı arzu etmirsə, buna Azərbaycan hakimiyyəti, sizin “faşist” adlandırdığınız İlham Əliyev nə etsin?

Yuvarlanmısınız, Cəmil Həsənli, çox dərinə yuvarlanmısınız. O qədər dərinə ki, öz siyasi maraqlarınız naminə bütün ədəb və əxlaq qaydalarını, Türkün törəsini ayaqlar altına atıb bir şəhid üzərindən təbliğat quracaq qədər enmisiniz! Sizin dəfndə iştirakınızı yasaqlasaydılar belə şəhidin xətrinə susmalı, təmkinli davranmalıydınız! Törəmiz bunu tələb edir! Amma siz Törədən anlamazsınız ki! Həm də qızını bir ingilisə ərə vermiş “türk milliyyətçisi” yorğun professordan Törəyə əməl etməyi niyə gözləyək ki?..


Müəllif: Azər Həsrət