13 Sentyabr 2021 13:50
5 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyindən sonra Müdafiə Nazirliyi də İrana məxsus maşınların Qarabağa doğru hərəkətinə dair məlumat yaydı. İranın istər müharibə vaxtı, istərsə də sülh quruculuğu dövründəki bu hərəkətləri təəccüblü görünməsə də, yenə də düşünməyə vadar edir. Əcəba, İran nə istəyir?

Həm Ermənistanda, həm də diasporda ermənilərin özləri məhv olduqlarını, Qarabağı tamamilə itirdiklərini, artıq savaşın taleyinin həll olunduğunu bəyan etdikləri halda İranın bir ovuc tör-töküntüyə olan ehtiyacı nəyə görədir?

Bunun bir məntiqi izahı varmı?

Əvvəlki vəziyyət olsaydı, anlamaq olardı ki, İran Azərbaycanın güclənməsini istəmədiyi, bölgədə söz sahibi olmasını qəbullanmadığı üçün Ermənistana dəstək olur, bizim əbədi olaraq bu problemlə məşğulluğumuzu arzulayır. Çünki Qarabağ problemi həll edilmədiyi halda Azərbaycanın öz soydaşları və tarixi torpaqları ilə maraqlanması müşkül olacaqdı. İrana sərf edirdi ki, Arazın o tayında separatçı başıpozuq qüvvələr olsun, iki Azərbaycanı təkcə Araz deyil, həm də silahlar ayırsın. Bunun əksi olsaydı, biz 1994-cü ildən bu yana İranın münaqişənin həllində müsəlman qonşusuna köməyini, Türkiyə kimi ortaya qəti mövqe qoyduğunu görərdik. Halbuki bunların heç biri olmadı, əksinə şiə müsəlmanlarının dini lideri mövqeyində qəbul edilən şəxslərdən tutmuş İran dövlət rəsmilərinə qədər hamısı Ermənistanla dostluq, qardaşlıq mesajı verdilər.

Dünən hüquqşünas Pərvin Rəhimov sosial mediada maraqlı mövzuya toxundu. Azərbaycanda İran və Türkiyəyə xoş münasibəti olan şəxslər barədə belə bir fikir yazdı: “Türkiyə sevdalıları ilə İran aşiqləri arasında belə bir fərq var: Türkiyəni sevənlər lazım gələndə Azərbaycana yönəlmiş səhvləri deyir, etiraz edirlər. 2009-da Ermənistanla sərhədin açılması zamanı əksər bu tip adamlar etiraz etdi. Yəni Türkiyə sevgisi Azərbaycan aspektindən baxılır həm də. İran aşiqlərində bu yoxdur. Heç vaxt heç nəyi etiraf etməzlər. Yüz dənə fakt qoysan, gözlərini yumarlar. Başqa sözlə, Azərbaycana sevgi İran prizmasındandır onlarda”.

Olduqca doğru təsbitdir. Baxın insanlar sosial mediada 44 günlük müharibədə Türkiyəni baş tacı etsələr də, konfederasiya təkliflərinə qarşı çıxan böyük qüvvə var. Eləcə də Türkiyə silahları Azərbaycanda müharibənin qədərini həll etsə də, Türkiyə bazalarının ölkəmizdə yerləşdirilməsinə yenə qarşı çıxanlar var. Çünki bu insanlara görə Türkiyə bizə dost və qardaş ölkə olsa da, müstəqillik, suverenlik məsələsi müzakirə mövzusu ola bilməz.

Maraqlı yanaşmalardır.

Amma İran məsələsi elə deyil. Gözləri və qəlbləri möhürlənmiş bu adamlar Azərbaycan idarəçiliyinin uğuruna, müzəffər ordumuza, şəhidlərimizin Vətən uğrunda axan qanlarına rəğmən hələ də İranın Qarabağa maşınlarla nəsə daşımasına irad bildirmirlər. Bunun adı nə şiəliyə, nə də tarixi keçmişə bağlılıqdır. Bunun adı manqurtluq, bunun adı casusluqdur.

İran bir neçə nəsildir ki bəzi insanların beynini yuyub. Gözünün önündə Qarabağa maşınla nəsə daşıyan İranı görmür, amma İsrailin Qüdsdəki hərəkətlərini guya görə bilir. Halbuki o İsrail ki 44 günlük savaşda ən azı Pakistan qədər yanımızda oldu.

Mərhum türk islam alimi Yaşar Nuri Öztürkün “Allah ilə aldatmaq” adlı kitabı vardı. İran və aşiqləri illərdir məhz bu yolu seçiblər. Bir əlləri ilə Quran tutaraq, bir əlləri ilə isə ermənilərin əllərini sıxaraq ikiüzlülük göstərirlər.

Qüdsü guya görüb, Xankəndini görməyən gözlər yalançıdırlar. Müsəlmanı deyil, İranı müdafiə edənlər yalançıdırlar. Hər kəsi öz adı ilə çağırmaq lazımdır. Belələri haqqında Quranın özündə də çağırışlar var. Mərhum Yaşar Nuri həmişə “Maun” surəsinə diqqət etməyimizi istəyərdi. O surədə deyilir: “Dini yalan sayanı gördünmü?”.

Hər kəsə ünvanlanan bu sualın cavabı var. Bəli, gördük. İran mollalarının timsalında, müsəlman məscidləri, pirləri, ocaqları xarabazarlığa çevriləndə onu edən terrorçularla dostluq edənlərin timsalında gördük. Üç min şəhid verdiyimiz torpaqlara “müsəlman” ölkəsindən hələ də terrorçulara dəstək aparılanda gördük.

Nə yaxşı ki gördük.

Savaş zamanı gördüyümüz çox şey oldu.

Xudafərinin o tərəfindən “ordumuz” deyən insanları da gördük. Onları ən ali səviyyədə təbrik də etdik.

Körpülər insanların çaylar üzərindəki qələbəsidir.

Bu baxımdan Xudafərin ayırıcı yox, birləşdiricidir...


Müəllif: Dilqəm Əhməd