6 Avqust 2023 15:41
19 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tez-tələsik bir müraciətlə ortaya düşmək düşmən dəyirmanına su tökmək deyil, nədir?

Qubad İbadoğlunun həbsi ətrafında süni ajiotajın yaradılması və kimlərinsə kor-koranə şəkildə bu kampaniyaya qoşulması mənzərəsi ilə üz-üzəyik. İbadoğlunun həbsindən sonra ilkin rəsmi məlumat yayılıb və hazırda istintaq davam edir. Fəqət məlum qüvvələr tərəfindən istintaqın nəticələri bəlli olmadan gah həbsin sifarişli olması, gah İbadoğlunun aydan arı, sudan duru olması barədə rəylər yaradılır və bununla da istintaqa təzyiq cəhdləri ortaya qoyulur.

Bu insanlarda İbadoğlunun tam günahsız olması barədə səhih məlumat hardandır? İbadoğlu nə vaxtdan cəmiyyətdə kifayət qədər güclü dayaqlara malik hakimiyyət üçün təhlükə mənbəyinə çevrilib ki, onu sifarişlə həbs etmək zərurəti yaransın?
Qubad İbadoğlu cəmiyyətə özünü gah iqtisadçı, gah qatı müxalifətçi donunda təqdim etsə də, onun elektoratı hakimiyyətlə deyil, adi müxalifət partiyaları ilə müqayisədə belə, yox dərəcəsindədir. Adam Müsavat Partiyasından qoparıb yanına apardığı 5-10 qocalmış müxalif simalarla sosial şəbəkədə müxalifətçiliklə, həm də xaricdə dərs deməklə məşğuldur. Müxalifətçi, iqtisadçı müəllimin hakimiyyət üçün guya təhlükə mənbəyinə çevrildiyini ortaya atmaq, onun bu səbəbdən həbsinə sifariş verilməsini iddia etmək olduqca gülüncdür. İstənilən halda istintaqın nəticəsi gözlənilməli, soyuqqanlı davranılmalıdır. Necə ki, bunu Qubad İbadoğlunun millət vəkili olan qardaşı etdi və istintaqın obyektiv aparılcağına inamını dilə gətirərək, prosesə başqa don geyindirmədi...

Amma siyasətimizin hərşeyşünas dramaturqu, səsi gündə bir yandan gələn Eldəniz Quliyev eyni düşüncənin daşıyıcısı olduğu bir qrup adamla ölkə başçısına müraciət ünvanlayıb. Olsun. Bu, vətəndaş kimi onun və yandaşlarının hüququdur. Amma müraciətdə ölkənin nüfuzuna zərbə dəyməsi, ermənilərin bundan istifadə etməsi və s. kimi ənənəvi nağılların yer alması diqqəti cəlb edir. Əslində isə istintaqın getdiyi bir vaxtda bu formada ortaya düşməyin özü ölkənin nüfuzuna zərbə vurmaq məqsədi daşıyır. Məqsədli şəkildə rəy yaradılır ki, guya hakimiyyət sifarişli həbslər həyata keçirir və ziyalılar buna qarşıdır. Bunun özü erməni ağzı ilə danışmaq və erməni dəyirmanına su tökmək deyilmi? Kiminsə İbadoğlunun günahsız həbs olunduğunu indidən bu şəkildə iddia etməsi Azərbaycanı istəməyən qüvvələrin əlinə oynamaqdan başqa bir şey deyil...

Eldəniz Quliyevin “zəngin” bioqrafiyası onun əsl peşəsinin elə bu olduğunu düşünməyə əsas verir. Rəngarəng ampulalarda cəmiyyətə özünü tədqim edən bu adam nə vaxtdan ölkə ziyalılarının siması olub?

Vaxtilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının əməkdaşı olan Eldəniz Quliyev siyasətə qədəm qoyandan gah İrana yaxın qüvvələrlə, gah da özünü Qərbə bağlı partiyalar kimi təqdim edən dairələrlə bir araya gəlib. Adamın müxalifətdə baş vurmadığı kol qalmayıb. Kifayət qədər qaranlıq sima olan Eldəniz Quliyev bir ara jurnalistlərin sevimli ekspertinə də çevrilməyi bacarmışdı. Adam su, çörək, təhsil, iqtisadiyyat, kənd təsərrüfatı, daxili və beynəlxalq siyasət, bir sözlə bütün sahələrlə bağlı suallara cavab verirdi. İrana meylli olması onu bu ölkənin Azərbaycan əleyhinə çalışan “Səhər” kanalının sevimlisinə də çevirmişdi. Növbənöv təşkilatların, birliklərin, forum və cəmiyyətlərin sıralarında yer alan, vaxtilə politoloq Eldar Namazovun “El”indən tutmuş, İranın ölkəmiz əleyhinə olan KİV-dən boylanan Eldəniz Quliyev öz davranışları ilə kim olduğunu ortaya qoyub.

Sonuncu dəfə səsi “Milli Şura”dan gələn və bir müddətdir qeybə çəkilən iranşünas, qərbşünas, kinoşünas, bütövlükdə hərşeyşünas indi də Qubad İbadoğlunun həbsi ilə siyasi xal qazanmağı düşünür.

Bir daha vurğulamaq vacibdir ki, İbadoğlu hakimiyyət üçün heç vaxt təhlükə mənbəyi olmayıb. Və ya o səviyyəyə yaxın belə düşməyib. İllərdir, adam sosial şəbəkədə nə gəldi danışır, nəyə gəldi reaksiya verir və ona gözün üstə qaşın var deyən olmayıb. Həbs edilən İbadoğlu ilə, 5 il əvvəlki İbadoğlu arasında heç bir fərq yoxdu. Ortada ona qarşı ən sərt addım varsa, deməli ciddi səbəblər var. O səbəbləri bilmək üçün, bir daha təkrar edirik: istintaqın nəticələrini gözləmək lazımdır. Eldəniz Quliyev kimi “ziyalıların” fitvasına uyub ölkənin imicinə zərbə vurmaq üçün fəaliyyətə yuvarlanmaq isə kimsəyə başucalığı gətirmir...


Müəllif: Elman Babayev