28 Aprel 2015 15:37
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siqareti tərgitmişdim guya, əməlli-başlı qəzetə müsahibə vermişdim, başlığına da yazılmışdı ki, gənc yazıçı siqareti atdı. Nə danım, özümü çox rahat hiss edirdim. Hər gün meyvə şirəsi içirdim. Cana qulluq edirdim.

Səhərlər dəniz kənarında hava alır, hər saatdan bir dənizin kənarında – Bayraq Meydanında dalğalanan üç rəngli bayrağımıza baxanda qürur hissi keçirirdim. Qollarımı məscid minarəsi kimi göyə ucaldıb şükür, sonra əllərimi qoşa gül kimi üzümə söykəyib Allaha dua eləyirdim.

Doğrudan, Allah çox sağ olsun, məni belə gözəl ölkədə yaradıb. Sadəcə, içki və siqaret mənim daxili gözümü bu günə kimi bağlayıbmış ki, belə gözəllikdən bixəbər olmuşam. İş yerimdə də vəziyyət yaxşı idi. Rektor məni çox istəyir deyə hamı başıma and içir. Məni görən kimi iki əlli görüşürlər.

Siqaretdən sonra içkini atmaq barədə düşünmək ayrı bir ləzzətdir. O ki, məclisdən otursan, içki içirsən, dostlarının nə qədər siqaret çəkməyinə baxmayaraq, sən çəkmirsən, onda adam elə gözəl hisslər keçirir. Elə bilirsən ki, dostlarının hamısı xərçəng xəstəliyinə tutulacaq, amma sənə heç nə olmayaq. Hərdən bu barədə dostlara yüngülvari xəbərdarlıq da edirsən, amma çox dərinə getmirsən.

Düzü, şəxsi həyatımın qaydasında olması mənə siqaretdən uzaq dayanmağa xeyli kömək edirdi. Bir müddət beləcə siqareti türkün məsəli, əlimə də almadım, ancaq nə yalan deyim, hərdən ürəyimdən elə keçirdi, elə keçirdi, sadəcə, maaşım vaxtı-vaxtında verilirdi deyə içimdə həyat eşqi daha güclü idi.

Təəssüf, elə ki, bir işim yolunda getmir, özümdən gizlin dostlardan bir siqaret alırdım, əlimdə görən kimi tez atırdım yerə. Nə bilim, həyat çox çətindir. İzah da eləyə bilmirsən. Bəzi dünya görmüş kişilər deyirdi ki, əslində, siqareti qəfil atmaq adama pis təsir edir, ölüm təhlükəsi var. Bu sözdən sonra qorxdum, o dostdan bir siqaret, bu dostdan bir siqaret ala-ala 3-4 ayı bu cür yola verdim. Bir də gördüm özümün də xəbərim olmadan mən siqareti yox, siqaret almağı tərgitmişəm.

Ürəyim əməlli-başlı siqaret istəməyə başladı. Düzü, bu ərəfədə iş yerimdə də problem yarandı. Təsəvvür eləyin, istedadsız, nadan şöbə müdiri mənə deyir ki, işə gəlib-gedəndə rəsmi geyin, bura sənin üçün kafe-restoran deyil. Yaxud, səhər saat doqquzu yarısı gəl tabelə qol çək, yoxsa maaşından tutulacaq. Yəni bu sözü mənə deyən müdirlə mənim başqa nə kimi problemlərim ola bilər, özünüz təsəvvür eləyin. Alınmır.
Doqquzun yarısı işə gəlib qol çəkərəm, amma biləm ki, normal maaşım var. Mən yazıq gedim fəhlə işləyim? Yaxşı, fəhlə işləməyə də razıyam, heç olmasa, vaxt verin. Məni incitməyin, nə olar.

Son dəfə o şöbə müdirinin sifətini görəndə o qədər əsəb keçirdim ki, özümün acığına nisyə bir blok siqaret aldım, getdim pivəxanaya. Ofisianta dedim, mənə bir vanna pivə gətir. Sağ olsun, gətirdi. Şalvarımı çırmayıb ayaqlarımı saldım vannaya.

Sonra dedim ki, bir vedrə də pivə gətir. Sağ olsun, yenə gətirdi. Bir vedrə pivəni tökdüm başıma. Sonra dedim, bir bakal pivə gətir. Bir bakalı da çəkdim başıma. Dedim, birin də gətir...

Siqaretin birini taxdım ayaq barmağımın arasına, birin taxdım o biri ayaq barmağıma, birin bir əlimə, o birin də bir əlimə, dördün də yandırdım. Pilədim getdi. O qədər içdim, o qədər içdim, yadımda deyil, deyəsən, kiməsə zəng eləyib dedim ki, hamamın bakını pivə ilə doldur, gəlirəm yuyunmağa...


Müəllif: Kəramət Böyükçöl