4 İyul 2016 16:41
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Musiqili Teatrda mövsümün ən yaxşıları bəlli oldu.

Teleqraf.com xəbər verir ki, tədbirdə həm başa çatan 106-cı teatr mövsümünün yaxşılarına diplom və mükafatlar verildi, həm də teatrın direktoru Əliqismət Lalayevin 60 illik yubileyi qeyd olundu.

Tədbirin aparıcısı Əliqismət Lalayev öncə qısa hesabat verdi. O bildirdi ki, sözügedən mövsüm Musiqili Teatr üçün çox əlamətdar və zəngin olub: “Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib, “Qafqazlı qardaşqızı” “Baladadaşın toy hamamı”, “Qızıl cücə”, “999-cu gecə” tamaşalarının premyerası olub. Habelə, teatr “Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib, “Multikulturalizm ili” çərçivəsində müxtəlif regionlarda – Masallı, Xaçmaz, Şamaxıda tamaşalarla çıxış edib”.

Mükafatlandırmaya gəlincə, direktor qeyd edib ki, ənənənin əsası ötən il qoyulub: “İlk dəfə məhz bizim teatrda müxtəlif nominasiyalar üzrə mövsümün ən yaxşı yaradıcı şəxslərinə mükafatlar təqdim olundu. Bu tədbir nazirlik tərəfindən yüksək qarşılandı və bunun bütün teatrlara şamil edilməsi barədə tapşırıq verildi”.

Beləliklə, “Mövsümün ən yaxşı aktrisası” nominasiyasında qalib teatrda mövsüm ərzində üç tamaşada baş rolda çıxış edən Mehriban Zalıyeva oldu. “Mövsümün ən yaxşı aktyoru” mükafatı Çingiz Əhmədova verildi. “Mövsümün debütü” gənc aktrisa Aydan Həsənovaya, “Mövsümün perspektivli aktyoru” Səməd Səmədzadəyə, “Mövsümün ən məhsuldar aktyoru” Ağaxan Şərifova, “Mövsümün ən yaxşı balet artisti” nominasiyasında diplom və mükafat Cəmalə Novruzluya verildi.

“Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı” üzrə qalib Ülviyyə Əliyeva oldu. Beləki, o “Mən dəyərəm min cavana” tamaşasında Afaq Bəşirqızının oynadığı Güldəstə rolunun yeni ifaçısıdır.

“Mövsümün ən yaxşı tamaşası” isə iki tamaşa seçildi. Direktor bu nominasiyada səslərin yarıbayarı bölündüyünü qeyd edib. “Baladadaşın toy hamamı”, “999-cu gecə”

Teatrın “Büllur alma” mükafatı ilə İlham Namiq Kamalla, Hüseyn Əliliyə verildi.

Mükafatlandırmanın ardınca Əliqismət Lalayev yubileyini kollektivin arasında tort kəsərək qeyd etdi.

Nərmin


Müəllif: