14 İyun 2017 13:22
3 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyatımın 8 ilini sərf edib Peterburq arxivindən 1831-ci ildə Qərbi Azərbaycanın İrəvan xanlığındakı 15 mahalda, Naxçıvan xanlığının Dərələyəz mahalında yaşayan 70 minə yaxın müsəlman-türkün siyahısını toplamışam.

Teleqraf.com xəbər verir ki, bunu Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli qeyd edib.

Araçdırmaçı bu fəaliyyəti ilə erməni tapdağı altında qalan ulularımızın heç olmasa ruhlarını şad etmək istədiyini vurğulayıb:

“Onları çap etməklə qəbirləri erməni tapdağı altında qalan ulularımızın heç olmasa ruhlarını şad etmək istəyirəm, əgər öz ulu babaları ilə maraqlananlar olsa, bu siyahılarda tapacaqlar. Mənsub olduğum Dərələyəz mahalına aid olan sənədi rus dilindən tərcümə edib ön sözlə çap etdim. Tarix institutunun elmi işçilərinə, professorlara oxutdum ki, sanballı mütəxəssis əlindən keçsin. İrəvan xanlığına daxil olan mahalların sırasında Göyçə mahalı 15-ci yerdə olsa da, bu mahala, onun saz-söz ustadlarına olan hörmətimə görə onu qabağa çəkdim”.

Nazir Əhmədli bildirib ki, əldə etdiyi sənədləri çapa hazırlayarkən Aşıq Ələsgərin, Aşıq Alının və başqalarının doğum tarixlərinin indiyə qədər folklorşünasların yazdığından xeyli fərqləndiyini deyib:

“Misal üçün Ələsgər 1821-ci ildə deyil, 1852-ci ildə, Alı isə 1801-ci ildə deyil, 1835-ci ildə doğulub. Onların yaşı, əlbəttə, yaradıcılıqlarına verilən qiyməti azaltmır”.

Bununla yanaşı, N.Əhmədli qeyd edib ki, bu araşdırmasına görə, xüsusilə aşıqların doğum tarixləri ilə bağlı faktlar kimlərinsə xoşuna gəlməyib: “Nəticədə bir qrup hayküyçü ortaya çıxıb mənə olmazın hədyanlarını yağdırmaqla məşğuldurlar. Onlara anlada bilmirəm ki, şairin, sənətkarın yaradıcılığına onun neçə il yaşamasına görə qiymət verilmir. Müxtəlif şairlərin - Nizaminin, başqa dahilərin yaşını xatırlatmaq da fayda vermir. Son əlac kimi peyğəmbərin cəmi 63 il yaşadığını xatırladıram, yenə xeyri yoxdur. Guya Aşıq Ələsgər 105 il yox, 74 il yaşasa yaradıcılığı kiçiləcək”.


Müəllif: Cavad