15 Noyabr 2017 13:18
2 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən “İkinci Pərdə” filminin təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, çoxsaylı insanların qatıldığı gecədə “IMAX” kinoteatrının dörd zalı da tamaşaçı ilə dolub. Dəvətnamə üçün ayrılan bir zaldan əlavə digər zallara giriş bilet satışı ilə gerçəkləşdirilib.

Təqdimat mərasiminə qatılanlar arasında xalq artisti Sənubər İsgəndərli, əməkdar artistlər Ayşad Məmmədov, Bəhram Bağırzadə, Cabir İmanov, aktyorlar Kamran Ağabalayev, Türkay Cəfərli, Tural Əhməd, aparıcılar İlkin Həsəni, Şəhriyar Əbilov, Zümrüd Bədəlova, Zümrüd Qasımova, aktrisalar Zemfira Əbdülsəmədova, Pərvin Abıyeva, Oksana Rəsulova da olub.

Film ərinə onun uşaqlıq dostu ilə xəyanət edən Samirə və bunu öyrənib çətin imtahan qarşısında qalan Timadan bəhs edir. Rejissoru Emil Quliyev olan ekran işində baş rol ifaçısı Samirəni oynamaq üçün aktrisaların heç biri razılıq verməyib. Son günədək Günay Əhməd də obrazına haqq qazandırmadığı üçün rola çəkilmək istəməyib. O bu barədə film bitəndən sonra alqışlarla səhnəyə çıxan komandanın çıxışı zamanı məlumat verib: “Eminə, Orxana və Zaur Şəfiyevə təşəkkürümü bildirirəm. Tərəf-müqabillərimlə işləməkdən böyük zövq aldım. Hər birimizin həyatında Tima, Samirə və Arif kimi insanlar var. Çox istərdim ki, onlar bu filmə baxdıqdan sonra özləri üçün nəticə çıxarsın.

Əslində ekran işini izləyənlər Samirə və Arifi qınayacaq. Amma düşünürəm ki, burada Timanın da gühanları var. Emil şahiddir ki, son günə qədər Samirəyə heç cür haqq qazandıra bilmirdim. Anlayırdım ki, əgər aktrisa obraza haqq qazandıra bilmirsə, onu oynaya bilməz. Amma sonda obrazımla razılaşdım”.

Rejissor Emil Quliyev çıxışında bütün komandaya təşəkkür edib. Filmin mənfi qəhrəmanı Qorqud Cəfər isə çox həyəcanlı olduğunu dilə gətirib: “Mənfi qəhrəmanlar adətən təqdimatlarda danışmır. Sadəcə onu demək istəyirəm ki, kino və teatr xəyanəti sevmir. Bəzən insan müəyyən nöqtəyə çatanda müxtəlif ünvanlardan ona kömək gəlir və taleyi dəyişir. Çox həyəcanlıyam, dünəndən bəri özümə gələ bilmirəm. Mənə bu işdə müəllimlərim Zemfira Əbdülsəmədova, Çingiz Rəsulzadə kömək etdi. Çingiz bəy “Kuklalar” filminin rejissorudur. Nə vaxt yıxılmışam, həmişə mənə qalxmaqda kömək edib. Ömrümün axırına qədər ona minnətdar olacağam. Komanda ilə işləməkdən və "döyülməkdən" zövq aldım...”

“İkinci Pərdə”nin ən yazıq və bəxtsiz obrazı İbişi canlandıran aktyor Elşən Əsgərov saytımıza açıqlamasında filmin ilk debütü olduğunu bildirib: “Bu, ilk filmim idi. Obrazıma həm yazılı, həm də beyində hazırlaşmışdım. İbiş mənfi obraz idi, ya müsbət, onu aydınlaşdırmamışam”.


Müəllif: Günay Məsimzadə