3 May 2018 19:14
2 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç kəs məndən inciməsin, bizdə peşəkarlıq çox aşağıdır. Bizim məktəbimiz yoxdur. İndi elə vəziyyət yaranıb, istənilən adam səhər yuxudan durub deyə bilər ki, mən filmə çəkilmək istəyirəm. Belə şeylər ancaq bizdə mümkündür.

Bu sözləri Teleqraf.com-a Azərbaycanı İranda keçirilən 36-cı “Fəcr Beynəlxalq Film Festivalı”nda təmsil edən, “Xənnas” filminin rejissoru Elvin Abdulla deyib.

Onunla müsahibəni təqdim edirik.

- Elvin bəy, festival haqda məlumat verərdiz. Festivalda neçə ölkə iştirak edirdi?
- “Fəcr Beynəlxalq Film Festivalı” Şərqin ən nüfuzlu, ən mötəbər festivalı hesab olunur. 62 ölkədən 264 iştirakçı var idi. Çox yüksək səviyyədə təşkil olunmuşdu. A kateqoriyalı festivallar necədirsə, bu festival da elə idi. Qonaqların rahatlığı üçün hər şey nəzərə alınmışdı. Bütün xərcləri öz üzərlərinə götürmüşdülər. İştirakçılar festival keçirilən binaya rahat gedib-gəlsin deyə, nəqliyyatla təmin olunmuşdular. Hər iştirakçıya İran Bankının xüsusi kartı verilmişdi, biz o kartlardan istifadə edib, yemək yeyə bilirdik.

- Fəxri qonaqlar arasında kimlər vardı?
- Fəxri qonaqlar arasında Oliver Stoun, Humayun Ərşadi kimi nəhənglər var idi. Eyni zamanda festivalın təşkilatçısı, 25-dən çox beynəlxalq müsabiqələrin qalibi Rza Mirkərimi və onunla yanaşı İran kinematoqrafiyasının ən tanınmış simalari da festivala qatılmşdı. Festival dünyaca məşhur media qurumlarının da maraq dairəsində idi. “Avronyus”-un Beynəlxalq əlaqələr şöbəsinin nümayəndələri, İranın televiziya kanalları festivalı yayımlayırdı.

Ən xoşuma gələn məqamlardan biri də bu oldu ki, festivalın market hissəsi var idi, o marketə daxil olub, film satışı ilə bağlı söhbət edə bilirdin. Həmin marketdə Fransadan, Almaniyadan, Qazaxıstandan, BƏƏ-dən, İrandan film marketçiləri iştirak edirdilər. Onlara öz filmini təqdim edə bilirdin.

Bütün bunlar öz nəticəsini bu gün-sabah göstərməsə də, 5 ay sonra, 1 il sonra, 3 il sonra çox yaxşı nəticələri ola bilər. Yəni mənim əhatəmin genişlənməsindəki müsbət məqamlar avtomatik olaraq, mənim ölkəmin kino sənayesinə də müsbət təsirini göstərəcək.

- Festivalda iştirak etmək üçün hansı şərtlər tələb olunur?
- Əvvəlcə onu qeyd edim ki, bizim tamaşaçılar elə bilir ki, kino da idman yarışları kimidir. Fəxri kürsü var, iştirakçılar birinci, ikinci, üçüncü yerləri tuturlar və belə mükafatlandırılırlar. Qətiyyən elə deyil. Deməli, festivalda 6-7 min film müraciət edir, ancaq onların içindən 30 film seçilir və festivala rəsmi şəkildə dəvət olunur. Bu, çox böyük uğurdur, inanılmaz qələbədir.

Azərbaycan film sektoru iki hissədən ibarətdir: özəl sektor - hansı ki, müxtəlif sponsorlar vasitəsi ilə maliyyələşir, bir də dövlət xətti ilə maliyyələşən filmlər. “Xənnas” filmi özəl sektorun ilk filmi idi ki, beynəlxalq festivalda ölkəmizi təmsil edirdi. Bunu mütləq demək və qabarıq şəkildə tamaşaçılara çatdırmaq lazımdır. Bəzi qurumlar da xəbərdar olsunlar. Çünki biz lazımi diqqəti üzərimizdə hiss edə bilmirik. Biz daha çox diqqətə layiqik. Çox böyük addım atmışıq.

Peşəkar film sahəsində olan adamlar zəng edib təbrik edir, bunu böyük uğur kimi qəbul edirlər. Çünki onlar bilirlər ki, belə festivallarda ölkəni təmsil etmək nə deməkdir. Yenə deyirəm, bu festivalda iştirak etməyimiz üçün, arxamızda heç kəs dayanmadı. Öz gücümüzə, filmimizin keyfiyyətinə görə orda idik. Belə mötəbər festivalların təşkilatçıları onların nüfuzuna xələl gətirəcək hər şeydən çəkinirlər. Ona görə də, yalnız keyfiyyətli filmləri qəbul edirlər ki, ildən ilə festivalın nüfuzu bir az da artsın.

Sevindirici haldır ki, “Xənnas” bu festivalın tələblərinə cavab verdi. Bu da bir ilk oldu.

- Azərbaycan tərəfindən kimlər var idi?
- "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov gəlmişdi. Məni ürəkdən təbrik etdi və özü də “Xənnas”a olan marağa şahid oldu. “Xənnas”ın nümayişi üçün festivalın ən böyük zallarından birini ayırmışdılar, filmimiz ən böyük zalda nümayiş olunurdu. Bu da filmə olan maraqdan irəli gəlirdi.

Filmə baxandan sonra tamaşaçılar qeyd etdi ki, müasir üslubda çəkilmiş qorxu filmidir, film keyfiyyəti baxımından Hollivud filmlərindən geri qalmır.

- Tamaşaçılar müxtəlif ölkələrin vətəndaşları idi?
- Bəli. Onların çoxu peşəkar kino adamları idilər. Hətta yerli rejissor və prodüserlər filmimizi o qədər bəyəndilər ki, məni “Netfliks” üçün çəkilən serialın çəkiliş meydançasına dəvət etdilər. Çox möhtəşəm idi. Səhəri gün həmin serialı çəkən istehsalçı şirkətin rəhbəri mənimlə görüşmək istədi. Görüşdük və gələcəkdə birlikdə işləmək üçün müzakirələrimiz oldu, eyni zamanda “Xənnas”ın İranda satışı üçün müəyyən söhbətlər də etdik. Müqavilə imzalanmayıb deyə, ətraflı danışmaq istəmirəm. Çox güman ki, 10 gün ərzində dəqiqləşəcək. Yəni festivalın bizim üçün ən əhəmiyyətli tərəflərindən biri də bu idi: biz yeni əlaqələr qurduq və bizim üçün yeni qapılar açıldı.

- Çəkiliş meydançasında olmusuz və qeyd etdiz ki, çox möhtəşəm idi. Yəqin ki, burda həm ümumi heyəti nəzərdə tutursuz, həm də texniki imkanları. Elə möhtəşəm çəkiliş meydançası nə vaxtsa bizdə də ola bilərmi?
- Mən orda olduğum müddətdə müşahidə etdim və belə nəticəyə gəldim ki, kino məktəbimiz formalaşsa, investisiya yatırılsa, çox böyük işlər görə bilərik. Əslində dünyaya çıxış qapıları bizə çox yaxındır, sadəcə, keyfiyyətli filmlər çəkmək lazımdır. Təəssüf, yerli prodüserlərimizin iş prinsipi bundan ibarətdir ki, komediya çəksinlər, o komediyanı Novruz Bayramına yaxın kinoteatrlarda nümayiş etdirsinlər, 100 min qazansınlar, vəssalam. Hamı da onları alqışlayıb desin ki, halal olsun, siz bu işin ustalarısız, bayramda hamını güldürdüz. Film belə olmur. Film işi bu deyil.

İran kinosunda 100 min manatın üstünə 100 min də qoyub bir aktyorun qonorarını verirlər. Çünki onlar film işinə ciddi yanaşırlar. Onlar filmlərdən bir neçə mərhələdə pul qazanırlar. Bizdə isə filmlər kinoteatrlarda nümayiş olunur, daha sonra Yutuba yüklənir, bununla da məsələ bitdi. Bunu görən tamaşaçılar isə sabah bütün filmlərin Yutuba yüklənməsini gözləyir. Bu, mənə də təsir edir. Nəzarət edən də yoxdur.

Nəticədə film sənayemiz get-gedə öz qüvvəsini itirir. Ümid edirik ki, bir gün bizdə də gözəl festivallar təşkil olunacaq, biz də peşəkar səviyyədə filmlər çəkib, bu filmləri xarici ölkələrə satacağıq.

- Yəqin ki, festivalda digər iştirakçıların filmlərini də izləyirdiz. Öz filminizlə o filmlər arasında nə kimi oxşar və fərqli cəhətlər var idi?
- Festivalda çox mükəmməl filmlər var idi. “Xənnas”la həmin filmləri müqayisə edəndə, sanki “Xənnas”da məzlumluq görürdüm. Bilmirəm, bəlkə də filmi mən çəkmişəm deyə, mənə belə gəlir. Amma hər bir halda “Xənnas” artıq, festivalın iştirakçıları arasında idi deyə, keyfiyyəti ilə bağlı heç bir şübhə qalmamışdı. Yəni biz artıq beynəlxalq festivalda idik.

Bu o deməkdir ki, filmimiz tələb olunan standartlara cavab verirdi. “Xənnas” da, digər filmlər də eyni ekranda göstərilirdi.

Mənim şəxsi fikrimə gəlincə, İran filmləri çox möhtəşəm idi. “Xənnas” isə festivalda tək qorxu filmi idi deyə, bütün filmlərdən seçilirdi. Hətta mən deyərdim ki, bəzi filmlərdən görüntü baxımından, rəssam işinə və işıqlandırmaya görə üstün idi.

- Aktyorlar arasında nə kimi fərq vardı?
- Heç kəs məndən inciməsin, bizdə peşəkarlıq çox aşağıdır. Bizim məktəbimiz yoxdur. İndi elə vəziyyət yaranıb ki, istənilən adam səhər yuxudan durub deyə bilər ki, mən filmə çəkilmək istəyirəm. Belə şeylər ancaq bizdə mümkündür. Məsələn, Türkiyədə belə bir qayda var, dövlətin qanunudur, əgər bir adam heç bir aktyorluq kursunu bitirməyibsə, sənədi yoxdursa, onu heç bir seriala çəkmirlər, çəkə də bilməzlər. Bizdə belə şey varmı?

Əlbəttə ki, yox. Küçədən keçən istənilən adamı kinoya çəkmək olar. Uzun sözün qısası, bizdə məktəb yoxdur. İncəsənət Universitetində təhsil səviyyəsi çox aşağıdır. Düzdür, deyirlər, düzəlir, ancaq ümumi götürəndə hamımızın ciddi təhsilə ehtiyacı var. Gördüyümüz işin nə olduğunu öyrənməl

Burda başqa nüanslar da var. Xaricdə qonorar elədir ki, aktyor film üçün bütün gücünü qoyur, arıqlaya da bilir, kökələ də. Həmçinin rejissorların qonararı onları razı saldığı üçün, bütün güclərini filmə sərf edə bilirlər. Bizdəki kimi qapılarını qaz pulu döymür, fikir çəkmirlər. Amma bu şəraitə baxmayaraq yaxşı aktyorlarımız, rejissorlarımız da var.

- Festival iştirakçılar yalnız gənclər idi, yoxsa peşəkarlar da var idi?
- Kifayət qədər peşəkarlar var idi. Hətta Məcid Məcidi də festivalın iştirakçısı idi. O, ən yaxşı dini film nominasiyasında qalib oldu. Yeni filmi ilə iştirak edirdi. O film hələ ki, heç yerdə nümayiş olunmayıb. Semih Qaplanoğlu da iştirak edirdi, o da mükafatçılar sırasına düşdü.

- “Xənnas” nümayiş olunandan sonra reaksiyalar necə idi?
- Bilirsiz, festivalda daha çox sənətsal filmlər tələb olunur. “Xənnas” isə tərzinə görə fərqlənir. Çünki geniş kütlə üçün nəzərdə tutulub. Bəyənənlər çox oldu. Şəkil çəkdirənlər də oldu, musiqi çoxdur deyənlər də.

Başqa ölkələrin tamaşaçıları üçün musiqi çoxdur. Çünki onlar filmə həyatın bir parçası kimi baxırlar. Həyatda isə musiqi azdır. Bizim tamaşaçı üçün musiqi əladır. Niyə? Çünki bizim tamaşaçılar hələ formalaşmayıb. Onları ekrana bağlamaq üçün əlavələrə ehtiyac var. Əgər ordakı tamaşaçılarla bizim tamaşaçılar arasındakı fərqi desəm, məni küçədə tutub döyərlər. Onlarda intellektual səviyyə çox yüksəkdir. Onlar film görmək istəyirlər, bizimkilər isə musiqili uzun çarx.

Onu da qeyd edim ki, bayaq qeyd etdiyim film şirkəti məhz “Xənnas”a baxandan sonra məni görüşə çağırdı. Deməli, onların da xoşuna gəlib ki, dəvət ediblər. Mən o mənzərəni yaratmaq istəmirəm, kimlərsə düşünsün ki, "mənəm-mənəmlik" edirəm, xeyr, sadəcə, ümumi qeydlərimi bölüşürəm ki, iştirakımızı uğurlu hesab etmək olar.

- Niyə bu festivala qədər başqa festivallara da müraciət etməmisiz?
- Bu bizim yaralı yerimizdir. Açığı, başlamışam göndərməyə. Amma bunun üçün zaman da lazımdır. Bəzən olur ki, filmi yanvarda göndərirsən, dekabrda cavab verirlər. İlin sonunda biləcəyik ki, neçə festivala gedə bilirik. Bu məsələnin birinci tərəfi.

İkinci tərəfi isə odur ki, festivalların 90 faizində qeydiyyatdan keçmək pulludur. Bu, elə də böyük məbləğ deyil, 50 dollar olanı da var, 60 olanı da, 90 olanı da. Amma bu gün bu məbləğ mənim üçün böyük puldur. Mən 10 festivala 90 dollardan kino göndərsəm, 900 dollar edir. Buna da imkanım çatmır. Dövlət dəstək versə, heç olmasa, qeydiyyat pulunu ödəsə, ümid edirəm ki, bütün festivallar filmimizi qəbul edəcək. Xüsusi qorxu film festivalları var ki, orda da iştirak edə bilərik.

- “Xənnas”ın büdcəsi nə qədərdir?
- 140 min manat. Altıda birini sponsordan götürmüşük, qalan hissəsini isə dostdan, tanışdan, qohum-əqrəbadan. Qardaşım başqa sahədə çalışır, onun da maliyyə dəstəyi ilə bu filmi çəkə bildik.

- Heç olmasa, o pulları geri qazana bildinizmi?
- Xeyr. Ölkənin iki kinoteatr şəbəkəsinin bir-biriylə münaqişəsi bizə mane oldu. Film 13 kinoteatrda nümayiş olunacaqdısa, bunlardan yalnız 6-da nümayiş olundu. Səbəblər təkcə bu deyildi. Bilmirəm, bu janrda ilk film idi deyə, Azərbaycan tamaşaçısının bizə etimadı olmadı, yoxsa yay aylarına təsadüf etdi deyə, belə oldu... Ola bilər, “Rəcəb İvedik” filmiylə eyni gündə nümayiş olunduğu üçün o da bizim satışa təsir etdi.

- Bəs yeni çəkilənlər arasında bizi beynəlxalq müsabiqələrdə təmsil edə biləcək film varmı?
- Özəl sektorun istehsal etdiyi yeni filmlərin 99 faizinin qala gecəsində olmuşam. Düşünürəm ki, Azərbaycanda son zamanlarda çəkilən filmlərdən heç biri bizi başqa ölkələrdə təmsil edə bilməz. Elə bir film yoxdur, çəkilməyib.

- Dövlət xəttiylə çəkilən filmlər arasında varmı?
- Dövlət xəttiylə çəkilən filmlərdən xəbərdar deyiləm, ancaq “Nar bağı” filmi bizi müxtəlif müsabiqələrdə təmsil edə bildi.

- Yəqin ki, “Fəcr Beynəlxalq Film Festivalı” sizin üçün stimul oldu. Başqa hansı festivallarda iştirakınız gözlənilir? Ola bilərmi ki, bundan sonra sırf festival üçün filmlər çəkəsiz?
- Vatikanda hər il dini filmlərin festivalı keçirilir, ordan dəvət gəlib. Filmimizə baxmaq istəyirlər. Əgər filmi bəyənsələr, o festivalda da iştirak edəcəyik. Sırf festivallar üçün film çəkmək üçünsə dəstək lazımdır.


Müəllif: Xəzər Süleymanlı