12 May 2014 13:08
529

Bu gün Bakı Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş sərginin açılışı olub.

Teleqraf.com-un xəbərinə görə, tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib ki, tədbir Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən hazırlanan tədbirlər planı çərçivəsindən baş tutub. Naxçıvanın Azərbaycan üçün əhəmiyyətinə toxunan V.Əliyev onu qədim diyar, böyük mədəniyyət beşiyi adlandırıb: “Naxçıvan həmçinin abidələri ilə zəngin bir məkandır. Bu günki sərgi Naxçıvanın sosial –iqtisadi inkişafının bütün mərhələlərini əhatə edir. Sərgi çox maraqlıdır və nadir eksponatlarla boldur, Əminliklə demək olar ki, Naxçıvan uğurla, cürətlə inkişaf edir”.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbər əvəzi Bəxtiyar Əsgərov bildirib ki, sərgidə Naxçıvanın dünəni, bugünü barədə məlumatlar yer alır: “Bizim tarixçilərimiz, arxeoloqlarımız, etnoqraflarımız Naxçıvanın torpaq olaraq tarixi haqda danışarkən onun 3500 illik tarixi olduğunu qeyd edirdilər. Sevindirci hal ondan ibarətdir ki, məhz bu tədbirlərin həyata keçirildiyi dövrdə aşkar olunan faktlar onu deməyə əsas verir ki, Naxçıvan 5000 illik tarixə malikdir”.

Qeyd edək ki, sərgi iki gün davam edəcək.


Nərmin


Müəllif: