22 İyul 2016 10:17
2 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həsən bəy öz həyat yolunda yüksək təhsilli gənc dağlı qızı Hənifə xanım Abayevaya rast gəldi. Bu qız milliyətcə balkar idi. Türk əsilli balkar (bulqarlar, balxarlar) başı qarlı Elbrusun ətəyində məskən salmış kiçik xalqdır. Bu xalqda Abayev familiyası çoxsaylı familiyalardan biridir. Məşhur kabardin, çərkəz və osetin familiyaları ilə qohumdur.

Səkkiz-doqquz yaşlı qızı Tiflisdəki Müqəddəs Nina təhsil müəssisəsinə qoymuşdular. Kursu əla qiymətlərlə bitirdi. Lakin Abayeva təhsil müəssisəsinin divarlarını tərk etməyə macal tapmadı. Həsən bəy onu nişanladı. Həsən bəy mövcud adəti pozdu: elçiliyi özü elədi, mollanı təhsil ocağına gətirib kəbin kəsdirdi. Gənc Hənifə xanım sevdiyi Balkarıstanla və onun füsunkar dağları ilə vidalaşmalı oldu, Xəzərin sahilinə köçdü. Burada onu həm iş, həm də seçdiyi adamın şöhrəti gözləyirdi”.

Bu maraqlı tarixçəni Zərdabilər ailəsinin kürəkəni, Azərbaycan Cümhuriyyətinin önəmli simalarından olan Əlimərdan bəy Topçubaşov “Azərbaycanın mayakı” adlı məqaləsində yazıb.

Həsən bəy Zərdabinin bolqarıstanlı Hənifə xanımla necə tanış olması da romanlara mövzu olacaq bir tarixçədir.

Belə ki, Azərbaycanda maarifçilik hərəkatının öncüllərindən olan Həsən bəy Zərdabi uşaqların, gənclərin təhsili üçün xeyriyyə cəmiyyəti təşkil etmək istəyir. Düşünür ki, varlı insanlar bu cəmiyyətin büdcəsinə yardım edərsə, yığılan pulların hesabına çoxlu uşağa təhsil vermək olar.

1872-ci ildə Həsən bəy bu məqsədlə Şamaxıda, Gəncədə, Tiflisdə, Naxçıvanda, İrəvanda, Şuşada, Dərbənddə, Qubada olur, şəhərin varlılarına məqsədini açıqlayır, cəmiyyətə üzv olmalarını istəyir. Çox çətinliklə tərəfdar toplayan Həsən bəy göndərilən pulların hesabına kasıb uşaqları oxutmağa başlayır. Uşaqların mənzil şəraitini də təşkil edəndən sonra onun qarşısına daha çətin bir məsələ çıxdı: şagirdlərin qayğısına qalacaq tərbiyəçi qadın.


Həmin qadın həm rus, həm də türk dilini bilməli idi. O dövrdə isə bu keyfiyyətlərə sahib, oxumuş qadın tapmaq müşkül məsələ idi. Belə bir vaxtda Həsən bəy qəzetdə Tiflisdəki Müqəddəs Nina qız məktəbini bitirən qızların siyahısını oxuyur və orada bir ada rast gəlir: Hənifə Abayeva.

Rus dilində təhsil almış bir müsəlman qız Həsən bəy üçün çox önəmli idi. Həmin qızla tanış olmaq, öz məqsədini bildirmək üçün Tiflisə yola düşür. Məktəbin direktoruna məramını bildirəndə direktor Hənifə xanım haqqında ona məlumat verir.

***

Hənifə xanım 1856-cı il mayın 5-də Şimali Qafqazda Nalçikdə doğulub.

Hənifə xanımın qohumları ilə görüşən tədqiqatçı Şəmistan Nəzirli onun doğulduğu Bolqarıstanı, valideynlərini, Tiflisə necə gəlməsini belə nəql edir:

“Balkarların əsas tayfası Teymurcanovlar, Urusbiyevlər, Şahmanovlar və Abayevlər olub. Onların ən şöhrətlisi Hənifə xanımın atası Aslan bəy olub. Aslan bəy mahal başçısı kimi çarın qəbulunda da olmuş, xalq arasında sözü keçən knyaz imiş. Aslan bəy Şimali Qafqazı idarə edən Tersk vilayətinin hərbi rəisi general Vaxtanq Orbelianiyə məktub yazır ki, ailənin iki qızının Tiflisdəki Nina Qızlar Gimnaziyasında oxumasına kömək etsin. O vaxt Qafqaz əsilzadələrinin qızlarının oxuduğu həmin gimnaziyaya Qafqaz canişininin arvadı hamilik edirdi. Orbeliani Tiflisə məktub yazıb Aslan bəyin qızlarının orada təhsil almasına icazə istəyir. Canişin müsəlman qızlarının oxumasına rəğbətlə yanaşır. Aslan bəyin arvadı Fatma xanım böyük qızı Hənifənin Tiflisə getməsinə razı olur, kiçik qız Paşaxanımı isə “Gözümdən qoya bilmərəm” deyib buraxmır. Hənifə Tiflisə tək getməsin deyə hadisənin üstünə gəlib çıxan praporşik Omarxan öz qızı Fuza Şahmanovanı Hənifəyə qoşur”.

Beləliklə, direktor Həsən bəyi buraxılış gecəsi münasibətilə keçiriləcək bal gecəsinə dəvət edir və burada o, Hənifə xanımla tanış olur. Həsən bəyin çağdaş düşüncələri, işıqlı məqsədi Hənifə xanımın qərar verməsinə səbəb olur. Həm də bu onun da çoxdankı arzusu idi. Beləliklə, Hənifə xanım Bakıya gəlir və uşaqların təlim-tərbiyəsi ilə məşğul olmağa başlayır.

Hənifə xanım xatirələrində yazır ki, Həsən bəy Bakıya qayıtdıqdan sonra daha fəal işləməyə başlayır: “O, birinci növbədə cəmiyyətin himayəsinə götürdüyü iki şagirdi öz mənzilinə gətirdi. Həsən bəy sonralar iki uşaq əvəzinə, evində ona qədər uşaq saxlayırdı”.

Və məqsədləri eyni olan bu iki insan öz həyatlarını da birləşdirirlər. Bu evlilikdən onların dörd qızı – Pəri, Fatimə, Qərib Soltan xanım Məlikovalar, (bir qızları isə körpə ikən vəfat etmişdi), iki oğulları (Midhət və Səffət Məlikovlar) olur. Pəri xanım Məlikova Əlimərdan bəy Topçubaşovla ailə həyatı qurur.

Çadrasız gəzən qadın

Həsən bəyin xalq üçün bu qədər fədakarlıq göstərməsinə baxmayaraq, varlı insanlar, din adamları onu allahsızlıqda günahlandırır, ənənəvi məzhəb nümayəndələri ona “sünni Həsən” ləqəbini verir. Lakin Həsən bəy bunlara baxmayaraq xalqın oturuşmuş stereotiplərinə, yalançı dəyərlərinə qarşı mübarizəsini davam etdirir. Hənifə xanımla Bakıya qayıtdıqdan sonra isə kütlənin ona qarşı qəzəbi ikiqat artdı. Çünki Həsən bəy o dönəm üçün faciə hesab ediləcək bir işə icazə vermişdi. Onun xanımı küçəyə çadrasız çıxırdı.

“Unutmaq olmaz ki, o vaxtkı Bakı bütün Zaqafqaziya müsəlman mərkəzlərində ata-baba adətlərinə ən çox sadiq qalanı idi. Bu adətlərə görə, hətta çadraya bürünmüş müsəlman qadınlarının küçədə görünməsi – təkcə onun yaxınları üçün deyil, bütün müsəlmanlar üçün təhqir sayılırdı” . – Topçubaşov o dönəmi belə xatırladırdı.

Hənifə xanımla evləndikdən sonra artıq onu anlayacaq, dəstək olacaq bir yaxını vardı. Ona görə də Həsən bəy maarifçilik yolunda daha uğurlu addımlar atır. O, 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda türk dilində ilk teatr tamaşasını təşkil edir. M.F.Axundzadənin “Hacı Qara” əsəri səhnələşdirilir. 1875-ci il iyulun 22-də isə Azərbaycanda türk dilində ilk qəzet olan “Əkinçi” çap edilir.

Hənifə xanım o illəri belə xatırlayırdı: “Qəzet cəmiyyəti hərəkətə gətirmişdi. Həsən bəy hər bir məqalə üçün oxuculardan aldığı söyüş məktublarını belə sevinclə yoldaşlarına və ailəsinə oxuyur, bu barədə danışırdı. O, yeni başlayan müxbirlərə və qəzetin əməkdaşlarına olduqca həssas yanaşırdı. Çox vaxt aldığı zəif məqalələri ehtiyatla sahibinə qaytarıb onun nöqsanlarını başa salırdı”.

Lain rus-türk müharibəsinin başlanması, Dağıstanda imperiyaya qarşı üsyanların baş qaldırması qəzetin qapadılması üçün bəhanə olur. Çünki müharibənin gedişində Rusiya imperiya əleyhinə bir sətrin belə getməsinə imkan vermirdi. Hətta Rusiyada çovğunun olması, quşların donaraq ölməsi kimi təbiət hadisələrinin xəbərinin verilməsi də qadağan edilmişdi. Senzorun fikrincə, bu xəbərləri müsəlmanlar Allahın hökumətə bəla göndərməsi kimi başa düşə bilərdilər.

Hökumət təkcə qəzeti qapatmır, həmçinin Həsən bəyi Bakıdan və ümumiyyətlə türklər yaşayan ərazilərdən uzaq tutmağa çalışır. Təqibə məruz qalan Həsən bəy nəhayət, müəllimlik fəaliyyətindən istefa verir, Zərdaba köçür. Burada xalqın problemləri (xüsusən xalqa yüklənən qeyri-qanuni vergilər məsələsi) ilə məşğul olur, xanımı ilə birlikdə evlərində uşaqlara təhsil verir. Həsən bəy daha sonra Ucara köçərək orada yaşayır. Burada vəkillik edir, kəndlilərin ərizə işləri ilə məşğul olur, Tiflisdə nəşr olunan “Obzor” qəzeti ilə əməkdaşlıq edir.

On altı ildən sonra onlar yenidən Bakıya qayıdırlar. XX əsrin əvvəllərinin Bakısı artıq tamam başqa cür idi. Artıq anadilli qəzetlərə yenidən icazə verilmiş, yeni dönəmin ziyalıları mətbuata atılmışdı. Həsən bəy bu dövrdə Dumaya seçilir, yenidən qəzetdə çalışır və mühüm bir işə qol qoyur: müsəlman qızları üçün məktəb açmaq.

Bu dövrdə qızlar məktəbinin açılması üçün səy göstərən şəxslərdən biri də milyonçu Hacı Zeynalabdın Tağıyev idi. Tağıyev bir neçə cəhddən sonra məktəbin açılmasına icazə ala bilir. Məktəbin nizamnaməsini Həsən bəy hazırlayır. Nizamnaməyə görə məktəbin müdiri təhsilli bir türk xanımı olmalı idi. Bu vəzifəyə isə ən ideal adam Hənifə xanım Məlikova idi.

Məktəb açılandan sonra Himayədarlar Şurası təşkil olunur. Bu Şuraya Tağıyev və onun həyat yoldaşı Sona xanım Tağıyeva (Ərəblinskaya) başçılıq edir. Nizamnaməyə əsasən, bu vəzifə irsən keçməli idi. Himayədarlar Şurasına həmçinin Bakı şəhər qlavası L.L.Bıç, Bakı quberniyasının qazısı Mirməhəmməd Kərim Mircəfərzadə, Bakının qadın gimnaziyalarından birinin müdiri və kişi gimnaziyalarından birinin direktoru, iki nəfər fəxri şəhər müsəlmanı, Həsən bəy Məlikov (Zərdabi), Nəcəf bəy Vəzirov, Əlimərdan bəy Topçubaşov daxil idi.

Məktəbin önəmli pedaqoqları Rəhilə xanım Terequlova (Hacıbababəyova), Məryəm xanım Sulikeviç, Adilə xanım Şahtaxtinskaya, Gülbahar xanım Əhriyeva, Məryəm xanım Hembitskaya, Şəfiqə xanım Əfəndizadə, Mina xanım Aslanova, Gövhər xanım Qazıyeva, Nabat xanım Nərimanova, Şəhrəbanu xanım Şabanova, Səkinə xanım Axundzadə (1865-1927; ilk qadın dramaturq, yazıçı) idilər.

Tədris proqramına isə Azərbaycan və rus dili (dil, ədəbiyyat), hesab, tarix, coğrafiya, təbiətşünaslıq, hüsnxət, nəğmə, musiqi, etika, anatomiya, tibbin əsasları və şəriət daxil idi.

Beləliklə, artıq Hənifə xanım ön plana çıxır, təhsil sahəsində mühüm işlər görür.

“Həsən bəyin ləyaqətli rəfiqəsi həmin andan etibarən xalq təhsilində müstəqil fəaliyyətə başladı. Həsən bəylə keçirdiyi həyat yolu onun üçün nümunəvi məktəb idi. Bu fədakar qadın təkcə zəhmətkeş kütlələrin maariflənməsi məsələsinə dərindən müdaxilə etməklə kifayətlənmədi, həm də onların vəziyyətini, ehtiyaclarını, adət-ənənlərini öyrəndi…Öz şagirdlərinin məhəbbətini və bütün müsəlman cəmiyyətinin, xüsusilə də qadınların hörmətini qazandı”. – Topçubaşov belə yazırdı.

1907-ci ildə Həsən bəy vəfat edir. Bakının bütün ziyalıları, ictimai xadimləri onu böyük sayğı ilə son mənzilə yola salır, məzarı üstdə nitqlər söylənir.

Həsən bəyin ölümündən sonra da Hənifə xanım ictimai işlərə davam edir. 1908-ci ildə onun təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin bir şöbəsi olaraq “Bakı xanımlarının ilk təşkilatı” yaradılır. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilir. Hənifə xanım 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət rus-tatar qız məktəbində müdir vəzifəsində çalışır.

1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifələrdə çalışır.

Hənifə xanım 1925-ci ildə Həsən bəy haqqında xatirələrini çap edir. Bu xatirələrdə biz onun Həsən bəylə birlikdə necə fədakarlıqla mübarizə apardığını görürük.

1929-cu il mayın 2-də Hənifə xanım dünyasını dəyişir. Həsən bəy Zərdabi kimi onu da bütün Bakı əhalisi son mənzilə dərin hüzn və ehtiramla yola salır. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyov dəfn mərasimində deyir: "Biz bu gün ağsaçlı ananı son mənzilə yola salırıq. Onun tərbiyə etdiyi, təhsil verdiyi övlad bir deyil, beş deyil, on da deyil - minlərlədir. Xalqımız Hənifə xanımın elədiyi xeyirxahlığı, təmənnasız yaxşılığı heç vaxt unutmayacaq”.

Dilqəm Əhməd


Müəllif: