18 May 2016 18:52
816

Məşhur holland rəssamı Vinsent Villem Van Qoq 1853-cü il martın 30-da anadan olub. Həyatı çətinliklərlə keçən dahi rəssam 1890-cı il iyulun 29-da intihar eləyib. Onun üç minə yaxın rəsm əsəri var.

Sənətkarın əsərləri son on beş ildə yüz əlli milyon ABŞ dollaryla qiymətləndirilir.

“Günəbaxan” əsəri…

Rəng Van Qoqun böyük ehtirası idi. Palitradan yayılan tünd tonlar və ətrafında hər şeyi söndürən, ətraf aləmin gizli mahiyyətinə sıçrayan, parlaq, təmiz, günəş işığı onun həyatının mahiyyəti idi. O, gələcəyin incisini yaratmaq, əsərə maksimum işıq tutmaq üçün hətta Fransanın cənubuna köçür. Məhz onun rəsmi ilə bağlı günəş axtarışları hökmən təbiətdə olan ən böyük günəş obrazına – günəbaxana gətirib çıxarmalı idi.

Rəssamın “Günəbaxan” əsərindəki etüdləri, demək olar, artıq yarım əsrdir ki, milyonlarla incəsənət adamlarına qəribə işıq bəxş edir. Müəllif özü onları “Göy və sarı simfoniya” adlandırıb.

Ekspertlər həyəcan təbili çalır

Görən, doğrudanmı, zaman bu dünya incisini bağışlamayacaq və bəşəriyyət həmişəlik dahi Van Qoqun bu “günəş” hədiyyəsini itirəcək?

Ekspertlər bu əsərlərlə bağlı həyəcan təbili çalır, onların araşdımalarının nəticələri ürək açan deyil. Artıq bu gün Van Qoqun bu tablolarında nə cənub günəşinin işığı ilə doldurulmuş təmiz, parlaq sarı rəngi, nə də ustadın çox sürətli və dəqiq çəkilmiş boyasını görürük.

Müəllif üçün sarı rəng “ali məhəbbətin aydınlığıdır”

Açıq-sarı piqment XIX əsrdə hazırlanıb. Bu, digər rənglərlə yanaşı impressionizm kimi qlobal mədəni hadisəni xeyli dərəcədə populyarlaşdırıb və həmin dövrün elminə əsl “hədiyyə” olub. Sarı rəngin əsasını qurğuşun xromat təşkil edir. Bu piqmentin zəhərli olması öyrənilənə qədər, ötən əsrin ortalarınadək çox və ya az dəyişilmiş şəkildə istehsal olunurdu.

Qrenoblda (Fransa) yerləşən Avropa mərkəzinin sinxronotron şüalanma ilə apardığı tədqiqatlar müəyyən etdi ki, bu sarı boya gün işığının zərərli təsirinə məruz qalıb. Məlum oldu ki, sarı boyanın tərkibindəki qurğuşun xromat altıvalentlidən üçvalentliyə çevrilib. Üçvalentli isə, təəssüf ki, heç də sarı deyil, yəni tünd-yaşıl rəngdədir.

525 nanometrdən qısa olan işıq boyalar üçün zərərlidir

Müşahidəçilər bu “xəstəliyin” səbəblərindən biri kimi parçanın tündləşmiş sahələrində aşkar olunan bariy sulfatı göstərirlər.

Yəni ola bilsin, o, müəllifin rəsimdə istifadə etdiyi məhlulun bir hissəsi imiş. Beləcə, sulfat və xromat qarışığının ultrabənövşəyi şüanın təsirinə son dərəcə həssas olunduğu da aşkar edildi. Yəni 525 nanometrdən qısa olan işıq boyalar üçün zərərlidir. Rəsmin nümayişində onun işıqlanma şəraiti ilə yanaşı, həmçinin ətraf mühitin temperaturu da mənfi rol oynayır.

Van Qoqun istifadə etdiyi ən ucuz boya və keyfiyyətini itirən rəsmlər…

Belə bir fikir də var ki, sarı boyanın tündləşməsi bir çox hallarda boyanın keyfiyyətindən asılıdır. Məlumdur ki, Van Qoq da ən ucuz boyanı istifadə eləyirdi. Bu isə onu izah edə bilər ki, Van Qoqun əsərləri müasirlərindən – Mona, Sera və başqalarından fərqli olaraq bu “xəstəliy”ə daha çox məruz qalırdı.

Dahi rəssamın əsərlərinin nümayişi və saxlanma şəraitinə yenidən baxılması problemin mümkün həlli ola bilər. Akvareldə sənət əsərlərinin saxlanılmasında istifadə olunan şərait kimi bu rəsmləri də rütubətin və işığın zərərli təsirindən qorunmaq üçün maksimal şərait yaradılmalıdır.

Bu cür tədqiqatlar, müasir texnologiyalar və avadanlıqlar sayəsində dünya mədəni irsinin bir çox incilərinin qorunub saxlanılması üçün olduqca vacibdir.

Məsələn, bu araşdırmanın nəticəsində Van Qoqun “Sena sahilləri” və digər rəsmlərindəki tündləşmiş sahələr bərpa olunub. Bu isə bizə dahi rəssamın əsərlərindən yarım əsr bundan əvvəlki - ilk tamaşaçıların zövq aladığı, həmin ilkin gözəlliyi və parlaqlığı verir.

Sərvər Şirin


Müəllif: