1 İyul 2015 20:49

Atəşin atəşdən fərqi var. Bayramların, zəfərli günlərin bəzəyi atəşfəşanlıqlar da atəşdir, cəbhələrdə mərmilərin, güllələrin ölüm saçan yağışı da atəşdir. Amma nə qədər fərqli olsalar belə, bu atəşlə o atəş arasında bağlılıqlar da var. 2015-ci ilin qızmar iyun günlərində Bakıda qocaman qitənin tarixində ilk dəfə baş tutan Avropa Oyunlarının açılış günündə də, bağlanış mərasimində də paytaxtın gecəsini gündüz kimi aydınladan, parıltısı dünyanın dörd bucağında bərq vuran atəşfəşanlıqlar gurlayırdı.

İyunun 12-si idi. Hələ yarışlar başlanmamışdı, kim hansı medalları qazanacaq, hansı ölkə hansı yeri tutacaq, - kimsənin cavabını bilmədiyi məchulluq idi.

Lakin artıq bir qalib vardı.

Qalib Azərbaycan idi.

Ən azı ona görə ki, “köhnə dünya” deyilən Avropanın bütöv tarixində birinci dəfə gerçəkləşən möhtəşəm hadisəyə Azərbaycan ev sahibliyi edirdi.

Azərbaycan qalib idi, ona görə ki, dəqiqə-dəqiqə irəlilədikcə dünyanın onlarca ölkəsinin canlı yayımda seyr edərək mat və heyran qaldığı bu açılış təntənəsinə yol sadə olmamışdı, rəvan olmamışdı, bu riqqətli GÜNÜN baş tutmaması üçün cidd-cəhdlə mübarizə aparanlar, ölkəmizə qarşı olmazın əngəllər yaradanlar olmuşdu.

Və onlar mərdümazar niyyətlərinə çata bilməmişdilər. Bayram alınmışdı.

Demək, onlar artıq məğlub idilər.

Onlarsa elə qüvvələr idilər ki, çox ölkələri diz çökdürməyə, iradələrinə tabe etməyə, buyurduqlarını danışıqsız yerinə yetirməyə vadar qılmağa qadirdilər.
Lakin bu dəfə sürəkli davam edən məkrləri baş tutmamışdı.

Nüfuzu, ötkəmliyi, oturuşmuşluğu digərlərindən çox ola-ola Avropanın öz Oyunlarını keçirməkdə o biri qitələrdən geriyə düşməsi inanılmaz gəlirdi. Lakin daha bir sürpriz o idi ki, ilk dəfə həyat vəsiqəsi alan Avropa Oyunlarını Azərbaycan keçirirdi.

Axı yaxşı yadımdadır ki, 1990-ların əvvəllərində Azərbaycanın Avropa Şurasına qəbul edilməsi üçün araşdırmalar aparmaqçün Bakıya gələn, dövlət rəhbəri Heydər Əliyevlə görüşən oralı ekspertlər bundan başlamışdılar ki, doğrudanmı Azərbaycan həm də Avropadır?

İndi Azərbaycan düşmüşdü Avropanın qarşısına, qoca qitənin həyatında ilklə nişanlanan hadisəyə ağsaqqallıq edirdi.

Bu sevimli yurdun layiqli vətəndaşı olan, vətənini, millətini, dövlətini sevən hər vicdanlı azərbaycanlı tarixdə qalacaq Oyunların açılış anlarında yalnız sevinmirdi, iftixar duymurdu, həm də hərdən-hərdən boğazını yandıran qəhəri udurdu.

Bizi yenə bilməmişdilər, bizi sındıra bilməmişdilər, bizi büdrədə bilməmişdilər.

O atəşfəşanlıq ilk Avropa Oyunlarına qatılan, 50 ölkəni təmsil edən idmançılar, onların uğur soraqlarını gözləyənlər üçün sadəcə bir yarışmanın başlanmasının bayramı idi.
Amma Azərbaycan üçün o atəşfəşanlıq bundan daha əvvəl müstəqilliyin -sadəcə müstəqil adlanmağın da yox, həm də müstəqil dövlət mənliyi və iradəsinə sahib olmağın yolunda qazanılmış qələbənin atəşfəşanlığı idi.

Yarışlar başlayanadək Azərbaycan artıq ilk böyük zəfərini əldə etmişdi.

Bu açılış mərasimi vardısa, demək, Azərbaycan artıq idman meydanından qat-qat qəliz və idmandakı açıqlıqdan, səmimiyyətdən qat-qat uzaq olan siyasət meydanında son dərəcə vacib qələbəsini qazanmağa müvəffəq olmuşdu.

Dəqiqələr irəliləyirdi, dünya canlı-canlı baxırdı və an-an yeni Azərbaycan möcüzəsinə şahid kəsilirdi.

Buna qədər dünyanın neçə böyük şəhərində neçə iri idman qarşılaşmalarının, çempionatların, olimpiadaların cazibədar açılışmərasimləri olmuşdu.

İllərdir görə-görə gəlirik.

Ən müxtəlif ölkələrdən təşrif gətirənlərin dillərindən eşitmişəm və bu etiraflara sizlər də şahidsiniz - təsdiqləyirlər ki, Azərbaycandakı bu açılış mərasimi kimi füsunkarı, zövqlüsü, şahanəsi olmayıb!

Düşmənlər, bədxahlar öz baxış bucaqlarından Azərbaycanı yarı yolda saxlamaq canfəşanlıqlarında haqlıymışlar.

Axı onlar Azərbaycanı öz çirkin hədəflərində saxladıqlarından hər addımımızı izləyirlər, nələr baş verdiyindən də xəbərdardırlar, nələr olacağını da daim təhlil edirlər.
Onlar sonu irəlicədən sezərək aydın təsəvvür edirdilər ki, hər şey əla olacaq, üstəlik,dünyanın onlarca ölkəsindən Oyunlar dövründə Azərbaycana gələnlər inkişafı görəcək, xalqla ünsiyyətdə olaraq insanların rifah içərisində yaşadığını anlayacaq, bura gəlib görənəcən eşitdikləri, oxuduqları böhtanların, qarayaxmaların, iftiraların əsassızlığını dərk edəcəklər.
Bu bayramın baş tutmasının artıq məğlubiyyətləri olacağını dərk etdiklərindən əleyhdarlarımız qətiyyənistəmirdilər Oyunlar alınsın.

Açılış mərasimi gedirdi, hər kəs nağıl içərisindəymiş kimi məmnunluqla seyr edirdi və görürdü ki, bütün bunlar gözlənildiyindən də füsnkardır.

Hələ medallar qazanılmamışdı, hələ sabahdan etibarən qızışacaq yarışların qaliblər kürsüsünə çıxanlar olmamışdı.

Ancaq bir qüdrətli qalib artıq mərasimin mərkəzində idi.

Bu qalib Prezident İlham Əliyev idi.

Bu təntənə gerçəkləşənədək bizə qarşı hansı həmlələr olmuşdu, hansı təzyiqlər göstərilmişdi, hansı tələlər qurulmuşdu, - bunu çoxları bilir. Lakinhəminidbar maneələrin çoxundan da çoxlarının xəbəri yoxdur.

Onları ayrıntıları ilə bütün hadisələrin ən qaynar burulğanında olan Prezident bilir.

Və cəbhə bölgəsindəki ara-sıra qızışan atışmalardan qətiyyən geridə qalmayan, əksinə, onlardan fərqli olaraq heç arası kəsilməyən həmin çox istiqamətli siyasi atəşlərin qarşısını almaqçün aylar, həftələr idi ki, mərd sinəsini irəli vermişdi.

Bu, müstəqilliyimizin, dövlətçiliyimizin daha bir ağır sınağı idi.

Bu sınaqdan uğurla çıxmaq üçün dərin ağıl, incə siyasətçi fəhmi, mətinlik, mərdlik, yenilməz dövlətçi iradəsi gərək idi.
Bu açılış mərasiminin atəşfəşanlığı baş tutmuşdusa, deməli,o anacan Azərbaycana açılan siyasət atəşlərinin qarşısını qüdrətiylə ala bilmiş Böyük Oğul müzəffər idi!

...Yarışlar başa çatdı.

Qaliblər medallar aldılar, ordenlər aldılar, təşkilat işlərində zəhmətləri olanlar yüksək dövlət təltiflərinə layiq görüldülər.
Ən əsas qalib, yüz cür qara siyasət oyunları ilə müşayiət edilən AvropaOyunlarının bunca mütəşəkkilliyinin başlıca memarı, icraçısı və qoruyucusu isə nə bir medalaldı, nə orden, nə də ayrı hansısa təltif.

Onun medalı, onun ordeni, onun təltifi, əziz vətəndaşım, sənin qürurdan, köksünə sığmayan fərəhdən yaranan qəhərin idi, gözlərinə qonan sevinc yaşları idi!
Bundan ali medal, bundan ali orden, bundan ali təltif ola bilərmi?!

Prezident İlham Əliyevin payına ana südü kimi haqqı olan, bütöv bir ömrü bəzəyə biləcək bu mükafat düşdü!

Halalı olsun!

Dünyaya ağalıq etmək, dövlətləri iradələrinin müti icraçısına çevirmək niyyətində olanlar Avropa İttifaqında, Avropa Parlamentində, Avropa Şurasında, Bundestaqda və neçə bunlara bənzər yerlərdə xosunlaşırdılar, üfunətlərini yayan nəşrlərdəfitnələrini irəlilətmək üçün hazır olan əlaltılarının vasitəsiləəlləşirdilər.

Prezident İlham Əliyev və onun başçılıq etdiyi cavan dövlət bütün həmlələrə dəyanətlə dözdü, eşidilib-eşidilməməsindən asılı olmayaraq,hamının cavabını da verdi.
Hər əməlimizə qara eynəklə nəzər yetirənlərin paxıl nəfəslərini kəsən, bədxahlarımızın səsimizi eşitməzliyə, işimizi görməzliyə vura bilməyəcəkləri ən misilsiz cavab da müvəffəqiyyətlə başlayıb, müvəffəqiyyətlə bitən Oyunlar idi.

Avropa Oyunlarına qarşı Avropanın qurduğu oyunlar iflasa düçar oldu.

Siyasət tümükləri Prezident İlham Əliyevin şax qamətinimüvazinətdən çıxarmaq, onu büdrətmək, sarsıtmaq sevdasına düşdülər.

Uca İlham Əliyev ən mahir siyasət pəhləvanı kimi onların kürəyini yerə vurdu, ruhucılızlar üzərində növbəti zəfərini çaldı və düşmən qüvvələrin məğlubiyyətinin ən bariz sübutu da bu oldu ki, xalqın öz güclü rəhbərinə inamı, ehtiramı dəfə-dəfə artdı, millət öz vüqarlı liderinə, Vətənin alnını açıq, başını dik etmiş Rəhbərinə daha da yaxınlaşdı.

Bədbəxtlər anlamamışdılar ki, öz çəki dərəcələrindən üstün olan rəqiblə savaşa qalxmaqla uğursuzluqlarını öncədən təmin ediblər…

Rafael Hüseynov,Milli Məclisin deputatı, akademik


Müəllif:
Загрузка...