24 Aprel 2014 10:40
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Cəfərli: “Altay Göyüşovun fikirləri AXCP-də süngü ilə qarşılandı”

“Siyasi birliklər çərçivəsində fəaliyyət göstərmək niyyətində deyilik”

“Bir neçə pilot bələdiyyə seçəcəyik”

Respublikaçı Alternativ Hərəkatı (REAL) ilə bəzi partiyalar və fəallar arasında problem yaranıb. AXCP sədri Əli Kərimlinin Ukrayna hadisələrinə verdiyi qiyməti REAL üzvü Altay Göyüşov şərh edəndən sonra bu iki qüvvə arasında ciddi polemika başlayıb. Son günlər isə gənc fəal Əli Novruzov REAL-ın daşını daş üstə qoymayacağını bəyan edib. Bu məsələlər haqda REAL-ın icra katibi Natiq Cəfərli danışıb. Müsahibimiz həmçinin REAL-ın partiyalaşması istiqamətində görülən işlərdən danışıb, bələdiyyə seçkilərində iştirak edib-etməyəcəyi haqda fikirlərini açıqlayıb.

- Natiq bəy, REAL-la gənc fəal Əli Novruzov arasında problem yaranıb. Bu qarşıdurma hansı səbəblərdən baş verdi?

- Problem deməzdim, sadəcə olaraq, bəzi suallar yaranmışdı. Bu suallara aydınlıq gətirilməsi üçün Əli Novruzova təklif etdim ki, “Real Söhbət” adlı internet televiziyasında debata çıxaq. Təəssüf ki, Əli Novruzov debata gəlməkdən imtina etdi və bu suallara aydınlıq gətirilməsində maraqlı olmadı. Belə çıxdı ki, o, REAL-ı suçlamaqla kifayətlənməli oldu. Məncə, bu düzgün mövqe ola bilməz. Çünki əks tərəfin də mövqeyini dinləmək lazım idi. Burada söhbət əslində bəzi anlayışların, politoloji terminlərin düzgün anlaşılmamasından gedirdi. Eləcə də, REAL-ın bəzi üzvlərinin subyektiv və şəxsi mövqeyini təşkilatın rəsmi mövqeyi kimi təqdim etməyə cəhdlər var idi. Buna görə də, mən REAL-ın icra katibi qismində bu məsələlərə aydınlıq gətirməyə çalışdım. Əli Novruzov isə debata gəlmədi. Əgər gəlsəydi, bütün bu məsələlərə aydınlıq gətirilərdi. Amma onun müzakirəyə gəlməməsi bütün maraqlı insanlarda belə rəy yaratdı ki, burada söhbət Əli Novruzovun heç də həqiqət axtarmasından deyil, REAL-ı basqı altında saxlamaq cəhdindən gedir. Bu da mümkün olacaq bir şey deyil. Çünki REAL-ın proqram və mövqeyi ilə bağlı sənədlər yayılıb. Bizim mövqeyimiz açıq və şəffafdır.

- Bəs, nədən Novruzov sizin təkliflərinizi və mübahisəni əcnəbi dilə tərcümə edərək hər yerdə yayıb?

- Bunu ondan soruşmaq lazımdır. O, mənim təklifimi və debata gəlməməsini yaymadı. Sadəcə olaraq, bəzi məsələləri ingilis dilinə tərcümə edərək yaydı. Amma adam debata gəlməkdən imtina etdi.

- Bəs, Əli Novruzov nəyi yayıb ki, bu sizlərdə ciddi narazılığa səbəb olub?

- Bu adam noyabr-dekabr aylarında REAL-ın İdarə Heyətinin üzvü Erkin Qədirlinin bəzi insanlarla müzakirəsi zamanı dediyi fikirləri arxivinə ataraq saxlayıb və sonradan bunu tərcümə edərək özünün bloqunda yayıb. Əslində Erkin Qədirli dediyindən imtina etmir. Ancaq Qədirli həm də vurğulayıb ki, dedikləri REAL-ın deyil, özünün şəxsi fikirləridir.

- Novruzov REAL-a qarşı deyil, Erkin Qədirli ilə bağlı fikirlər işlədib. Bəs bu, nədən REAL-da ciddi qıcıqlar yaradır?

- Çünki burada söhbət ancaq Erkin Qədirlinin fikirlərinin təftiş olunmasından getmirdi. Həm də bunu səhv olaraq REAL-ın mövqeyi kimi təqdim etməyə cəhd göstərmişdi. Baxmayaraq ki, biz onunla görüşümüzdə, elə digər yerlərdə də qeyd etmişdik ki, REAL-ın adından yayılan bəyanatlar və sənədlər qurumun konkret fikridir. Hər hansı bir üzvümüzün müəyyən məsələlərlə bağlı subyektiv fikir söyləməsi isə bizim təşkilatın mövqeyi kimi təqdim edilə bilməz. Nəzərə almaq lazımdır ki, REAL avtoritar təşkilat, bir liderə bağlı qurum deyil. Əksinə, professionallardan ibarət İdarə Heyətimiz var. Hər bir üzvümüz də bəzi mövzular haqda düşüncəsini dilə gətirə bilər. Bu düşüncələri REAL-ın rəsmi mövqeyi kimi qələmə vermək isə doğru deyil. Bizim dəfələrlə belə çıxışlar etməyimizə, məsələyə aydınlıq gətirməyimizə baxmayaraq Novruzov bunu öz bildiyi kimi yozmağa başladı. Bizim də etirazımız əsasən bununla bağlıdır.

- Ancaq son zamanlar REAL sanki siyasi şouya meyl edir. Bunu AXCP ilə REAL arasında baş verən qovğa da sübut edir...

- Xeyr. Məncə, bu məsələyə aydınlıq gətirildi, hər kəs mövqelərlə tanış oldu. Bizim İdarə Heyətimizin üzvü Altay Göyüşov AXCP sədri Əli Kərimlinin Ukrayna hadisələrinə dair mövqeyi ilə bağlı qısa bir şərh vermişdi. AXCP-də olan dostlarımız bunu şəxsi formada qiymətləndirdilər və hərtərəfli aqressiya nümayiş etdirdilər. Altay Göyüşovun öz fikirlərini açıq formada yazması AXCP-də az qala süngü ilə qarşılandı. Biz də öz mövqeyimizi bildirdik, AXCP funksioneri ilə “Azadlıq” radiosunda debatda iştirak etdik. Düşünürəm ki, hər kəs öz mövqeyini ifadə etdi və bu problem də kökündən həll olundu.

- Altay Göyüşovdan əvvəl Erkin Qədirli Ukrayna hökumətini “axmaq” adlandırmışdı. Bəs nədən REAL üzvləri Erkin Qədirlini tənqid etmədilər, amma Əli Kərimlini tənqid hədəfinə gətirdilər. Bu sizin hərəkatda diktatura səslərinin eşidilməsi ilə bağlıdır?

- Xeyr. Sadəcə olaraq REAL üzvlərindən heç kəs siyasi hakimiyyətdə təmsil olunmayıb. Başqa sözlə, siyasi məsuliyyətin altında olmayıb. İndi Ukraynada baş verən hadisələr təxminən Azərbaycanda 1992-1993-cü illərdə yaşanıb. Həmin hadisələr zamanı siyasi məsuliyyət daşıyan şəxslər daha qətiyyətli olmalı idilər. Əvvəla, birinci fərq bundadır. Həmin dövrdə REAL üzvləri tələbə idilər. Siyasi məsuliyyət yükü olmadan bu məsələlərə münasibət ifadə etmək daha rahatdır və normal da qarşılanır, nəinki, həmin dövrdə müəyyən siyasi vəzifələr daşıyan və həm də siyasi məsuliyyəti olan insanların qətiyyətlə bağlı dediyi fikirlər.

- Deyirsiniz ki, bu məsələyə yanaşmada firqə marağınız olmayıb?

- Təbii ki, olmayıb. Burada sadəcə situasiya fərqi var. Əgər həmin dövrdə bizim hakimiyyətdə təmsilçiliyimiz olsaydı, təbii ki, həmin dövrün siyasi məsuliyyətinin bir hissəsini də biz daşımalı olardıq. Amma biz bu məsuliyyətdən azadıq.

- Demokratiyadan çox danışırsınız. Amma nədənsə üzvləriniz arasında fikir fərqliliyi ortada yoxdur. Sizə elə gəlmirmi ki, artıq REAL AXCP-nin yolunu gedir?

- Sizinlə əsla razı deyiləm. Dediyimi əsaslandırmaq üçün sizə bir məqamı xatırlada bilərəm: Erkin Qədirlinin səs-küyə səbəb olan şərhindən sonra REAL sədri İlqar Məmmədov həbsxanadan məktub göndərdi və Erkin Qədirlinin fikirlərini bölüşmədiyini elan etdi. Biz də bu məktubu mətbuatda yaydıq. Bir neçə bu cür nümunə göstərə bilərəm. Digər tərəfdən, REAL dəyərlərinə və siyasi baxışlarına görə bir qurumda toplaşan insanların təşkilatıdır. Burada insanlar bir şəxsiyyətin ətrafında birləşmir. Mövqelər və dəyərlərdə, siyasi baxışlarımızda bir çox məsələlərdə eyni mövqedə olduğumuzdan mübahisəli vəziyyət yaranmır. Amma bəzi məsələlər olur ki, prinsipial fərqlər yaranır və bu zaman həmin mövqelərin ciddi şəkildə tənqidi də baş verir. Bu kimi hallar bir neçə dəfə baş verib.

- Məlum hadisədən sonra AXCP ilə münasibətləriniz necədir?

- Biz heç vaxt siyasi polemikanı şəxsi müstəviyə gətirmirik. Ancaq təəssüflər olsun ki, bunu şəxsi müstəviyə gətirənlər olur. Biz təşkilat qurduğumuz ilk gündən siyasətin komanda oyunu olduğunu aşılamağa çalışmışıq, eləcə də, siyasi debatların səviyyəsini qaldırmağa cəhd etdik. Buna nə dərəcədə nail olub-olmadığımızı cəmiyyət deyə bilər. Düşündük ki, belə yanaşmanı siyasətə gətirməklə siyasi polemikaların keyfiyyətini qaldıraq. Odur ki, biz siyasi partiyalar arasında fikir ayrılıqlarını şəxsiləşdirməmişik. Biz AXCP, Müsavat və digərləri ilə polemika aparmağa, dialoq qurmağa hazırıq. Heç vaxt qapılarımızı qapatmırıq. Amma biz siyasi birliklər çərçivəsində fəaliyyət göstərmək niyyətində də deyilik. Çünki siyasi birliklərin taleyini yaxşı görmüşük.

- Ənənəvi müxalifətlə təmas və dialoq aparırsınızmı?

- Həbsdə olan şəxslərlə bağlı dəfələrlə müzakirəmiz olub, birgə tədbirlər keçirmişik, mövqeyimizi bildirmişik. Əgər diskussiya aparmağa ortam varsa, biz buna hazırıq.

- REAL-ın partiyalaşması haqda yenilik varmı?

- Biz əsasən işin sürətini artırmaq məqsədilə gördüyümüz işlər, etdiyimiz səfərlər haqda mətbuata informasiya vermirik. Bunun həm də səbəbi odur ki, regionlarda vəziyyət bir qədər fərqlidir. İndiyə qədər regionlara bir neçə dəfə səfərimiz olub. Bu səfərlərdə məqsəd seçki dairələri üzrə rayonlarda yerli koordinatorların müəyyən edilməsi, strukturların yaradılması, partiyanın proqram sənədlərinin müzakirəsi olub. Bu iş nəzərdə tutulduğu səviyyədə gedir. Artıq bir neçə seçki dairəsi üzrə koordinatorlarımız müəyyən olunub. Bununla bağlı mətbuata açıqlamamız olacaq. Mayın sonlarında görülən işlər haqda geniş bilgi əldə edə biləcəksiniz.

- İndiyə qədər neçə rayonda yerli struktur yarada bilmisiniz?

- Bəzi dairələrdə işləmək çətindir. Harada REAL-ın təşəbbüs qrupu yaradılıbsa, həmin dairələrdə işləməyə üstünlük vermişik. Artıq 20-yə qədər seçki dairəsində koordinatorların müəyyən edilməsi üzrə iş gedir. 2015-ci il seçkilərinə qədər bu işi yekunlaşdırmağı planlaşdırırıq. Bacardıqca daha çox dairəni əhatə etməklə hamısında təmsil olunmağa cəhd edəcəyik. Çox güman ki, bir ildən sonra partiyanın təsis qurultayını keçirib 2015-ci il parlament seçkilərində irəli sürəcəyimiz namizədlərin adlarını elan edəcəyik.

- Bələdiyyə seçkilərində iştirak edəcəksinizmi?

- Seçkilərdə iştirakla bağlı qərarımız var. Sadəcə olaraq biz pilot bələdiyyələri seçməyi düşünürük. Əsasən Bakıda, Sumqayıtda, Gəncədə, Lənkəranda və digər şəhərlərdə. Bir neçə pilot bələdiyyə seçməklə gənc üzvlərimizlə bu seçkilərdə iştirak etməyi düşünürük. Bizim yanaşmamızda yerli özünü idarəetmənin xüsusi əhəmiyyəti var. Hesab edirik ki, yerli özünü idarəetmə institutunun geniş yayılması daha məqbuldur. REAL Azərbaycanın xəritəsini fərqli görür, Böyük Şəhər bələdiyyələrinin yaradılmasının vacibliyini düşünür. Odur ki, bələdiyyə seçkilərində iştirakda qərarlıyıq və bu fürsətdən istifadə edəcəyik. REAL bu seçkilərdə təkbaşına iştirak edəcək. Amma cəlbedici təkliflər olarsa, bunu da müzakirə edə bilərik.

Nemət Hüseynli


Müəllif: