3 Mart 2015 12:30
792

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə "Brifinq"in qonağıdır. O, Sosial Demokratların hazırkı vəziyyəti və perspektivlərindən danışdı, müxalifətlə münasibətlərinə toxundu. ASDP sədri qardaşı Zərdüşt Əlizadə ilə küskünlüyünə aydınlıq gətirdi. Ayaz Mütəllibovla əlaqələri barədə danışan A.Əlizadə onun Azərbaycana qayıtmasından bəhs etdi.

Nərgiz Ehlamqızı: Araz bəy, ötən həftə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı dünyanın bir çox ölkələrində anım tədbirləri keçirildi. Siz "Ana harayı" abidəsini ziyarət etdiniz?
- Yox. Ziyarət etməmişəm, heç etmirəm də.

Aqil Lətifov: Səbəb nədir?
- O dövrdə hamımıza elə gəlirdi ki, şəhidlərimizin intiqamını ala biləcəyik, onların qanı yerdə qalmayacaq. O zaman mən də deyirdim ki, qalib gələcəyik. Nə qədər ki, Xocalının özü, Qarabağ torpaqları düşmən tapdağı altındadır və 20 Yanvar şəhidlərinin qanı ortada qalıb, mən onların məzarını ziyarət etmək üçün özümdə mənəvi haqq tapmıram. Atamın, anamın məzarına gedəndə onlara ürəyimdə deyirəm ki, işlər yaxşıdır, balalar böyüyür, hamımız salamatıq. Mən şəhidlərin məzarına gələndə nə deməliyəm? Deyim ki, torpaqlarımız hələ də düşmən tapdağı altındadır?

"Azərbaycanda yeganə siyasətçiyəm ki, dindar deyiləm”

A.Lətifov: Amma Şəhidlər Xiyabanını ziyarət etməyəndə bu hadisələr unudula bilər, vətənpərvərlik baxımından da bu, bizim borcumuzdur.
- Araz Əlizadə və Azərbaycan Sosial Demokrat Partiyası bunu heç vaxt unuda bilməz. Ötən ilin dekabrın 12-13-də Cenevrədə BMT-nin nəzdində 156 partiyanın iştirakı ilə Sosialist İnternasionalının təntənəli tədbiri keçirilirdi. Orada bizim beynəlxalq katib Səməd Əlizadə çıxış edib Xocalıdan, 20 Yanvardan danışırdı. Avropa ölkələrini ittiham edirdi ki, Mixail Qorbaçov o boyda cinayət törədib, amma hələ də cəzasını almayıb. Azərbaycanda yeganə siyasətçiyəm ki, dindar deyiləm. Səbəbini soruşanda deyirəm ki, bizim din xadimlərinə hacılara, mollara baxıram, onlarla bir cərgədə olmaq istəmirəm.

"Hamısı Zərdüşt Əlizadənin yazdığı proqramın ətrafında gəzişirlər”

A.Lətifov: Razi Nurullayev AXCP-dən istefa verdi və partiya sədrinə qarşı kəskin ittihamlar irəli sürür. Müsavat Partiyasında parçalanmalar var. Müxalifətdə nə baş verir? Özlərini ana müxalifət adlandıran partiyaların problemi nədir?
- Mən onlara heç vaxt ana müxalifət deməmişəm. Ana varsa, ata da olmalıdır. Onların atası kimdir? Gündə özlərinə bir ad qoyurlar. Bu insanlar Azərbaycan Xalq Cəbhəsindən çıxmış insanlardır. Çoxlu səhvlərə yol veriblər. Həmişə demişəm ki, Azərbaycan demokratiya adlı uşağa hamilə idi, onlar zorla uşağı saldırdılar. Onların indiyədək siyasi aləmdə qalmasının mənasını başa düşmürəm. Vaxtilə onlar hakimiyyətdən gedəndə istehza ilə demişdim ki, kimin pişiyi miyoldasa da, sizinki heç vaxt miyoldamayacaq. Bunlar 1989-cu ildən bir dənə proqram hazırlayıb ortaya qoya bilməyiblər. Hamısı Zərdüşt Əlizadənin AXC üçün yazdığı ilk proqramın ətrafında gəzişirlər. Soruşanda ki, bəylər, tutaq ki, hakimiyyətə gəldiniz, nə edəcəksiniz? Deyirlər ki, indidən desək, iqtidar bunu bizdən oğurlayar. Mən öz proqramımızı ortaya qoyuram. Başqaları bunu həyata keçirsələr, dünyada ən xoşbəxt insan olaram. Çünki mənim arzumu başqası yerinə yetirir. Bizdə Türkiyədən təqlidçilik çoxdur. Turqut Ozal hakimiyyətə gələndə ən böyük reytinq Erdal İnönünün idi, sonrakı yerdə Süleyman Dəmirəl gəlirdi. Teledebatlarda Ozal ortaya məsələni qoydu ki, gəlin islahatlar proqramını müzakirə edək. Erdalla Dəmirəl dedi ki, desəm oğurlayarsınız. Ozal bülbül kimi ötdü, xalqa öz proqramını danışdı. Xalqa öz proqramını açdı, nə edəcəyini dedi. 3 gün ərzində bütün fikir dəyişdi, insanlar Ozala səs verdilər. Bəs bizimkilərdən nə tələb edəsən, proqramları yoxdur.

Ruslan Xəlil: Siz özünüz də Azərbaycanda keçirilən prezident seçkilərində iştirak etdiniz. Bizdə niyə insanların fikrini dəyişmək olmur?
- 10 verilişdə hərəyə 6 dəqiqə vaxt verilirdi. Çıxışlar dövrə ilə idi və əsasən də dava gedirdi. Hafiz Hacıyevlə Cəmil Həsənlinin mübahisəsi başlayanadək ancaq proqramımdan danışırdım. Məcbur olub atmacalara cavab verməli olurdum.

R.Xəlil: Polemikaya qoşulmaqla fürsəti əldən verdiniz? Axıradək proqramınızdan danışaydınız, nisbətən uğur əldə edə bilərdiniz?
- Məsələ ondadır ki, bu iki şəxs qaldı bir tərəfdə qəzetlərdə haqqımda təhqir yazdılar. Sizin ananız, bacınız uşağınız haqda 30 min tirajlıq qəzetdə təhqiramiz şeylər yazırlarsa, heç olmazsa milyonların baxdığı televiziya ilə cavab verməlisiniz. Artıq yaşa dolmuşam. 20 il bundan qabaqkı Araz olsaydı, bilmirəm o jurnalistləri gedib nə edərdim? İnsan yaşa dolduqca sakitləşir.

R.Xəlil: Müxalifətin hakimiyyətə gəlməsi üçün mexanizmi var?
- Şansı yoxdur. Ancaq ağılla gələ bilər. İstedadlı insanları ətrafına yığsa, mümkün olar. Bunların ətrafına baxın, 1992-ci ildə dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmiş, 1993-cü ildə ölkəni vətəndaş müharibəsi qarşısında qoymuş və sonra qaçıb getmiş insanlardır. Yeni qüvvələrə yol versələr, partiyalar yeniləşə bilər.

Nemət Orucov: Qubad İbadoğluna yol verdilər də, ortaya çıxdı.
- Vermədilər. O, Müsavatdan getməyə məcbur oldu. Heç vaxt özümüzü öymürəm, biz zəif partiyayıq. Əqidə ilə güclüyük.

"Bizim bəxtimiz gətirdi ki, bunlar 1 ildən artıq hakimiyyətdə oturmadılar"

N.Orucov: Normalda 70 illik sol ideyalar yaşayan cəmiyyətdə sol ideyalar güclü olmalıdır.
- Xeyr, iş ondadır ki, 70 ildə sol ideyaları öldürüblər. Sonra da bizə qarşı mübarizə aparan qüvvələr deyirdi ki, sosial demokratlardan kommunistlər çıxıb, onlar ehtiyat aerodromudur, bundan istifadə edib yenidən Kommunist Partiyası dirçələcək. İdeologiya əsasında qurulan partiya bizik. Müsavat, əslində, sosial demokratlar partiyasıdır. Məmməd Əmin Rəsulzadə onu islam sosial demokratı kimi yaradıb. O, əvvəl "Hümmət"i, sonra Müsavatı yaratdı. İndi bəylər deyir ki, biz əski Müsavatın davamçısıyıq və liberal partiyayıq. Bizim bəxtimiz gətirdi ki, bunlar 1 ildən artıq hakimiyyətdə oturmadılar. Onda demişdim ki, hakimiyyətə mavi faşistlər gəliblər. Savadları ora çatırdı ki, mavini cinsi mənada başa düşdülər. Ədliyyə nazirinin müavini Aydın Kərimov mənə zəng etdi ki, bizə "mavi" demisən, səni tutduracağıq. Dedim qardaş, məhkəmənin gününü təyin et, cavab verməyə hazıram. Sonra o, məndən əl çəkdi, mən ondan əl çəkmədim. Axırda İlyas İsmayılov zəng etdi ki, nə istəyirsiniz bu adamdan, görüşə bilərikmi? Görüşdük, dedi ki, təhqir etmisiniz də, dedim İlyas müəllim, onlar savadsızdır, siz ki savadsız deyilsiniz. Mavi, yəni türkçülük rəmzində faşizm demişəm. Baxdı, dedi, məhkəmə olsa, udacaqsan. Dedim, bu cür savadsız adamı necə nazir müavini saxlayırsınız, qayıtdı ki, mən təyin etməmişəm.

"Gördüm ki, partiyadakılar qrant alıb firavan yaşayırlar"

N.Orucov: Siz bizneslə məşğul olmusunuz, biznes maraqlıdır, yoxsa siyasət?
- Artıq biznesə qayıtmağın vaxtı keçib. Siyasətə gələndə ətrafıma bir qrup gənci yığmışdım, ümid edirdim ki, onlar hazırlaşacaq, Zərdüşt Əlizadə ideoloq kimi partiyaya rəhbərlik edəcək, onlar da işləyəcək. Deyir sən saydığını say, gör fələk nə sayır. Mən 1995-ci ildə mühacirətə getməli oldum. 1998-ci ildə qayıdanda gördüm ki, o uşaqların biri də yoxdur. Hamısı özlərinə QHT yaradıb, qrant alıb firavan yaşayırlar. Nə mühacir, nə də müxalifət həyatı istəyirlər. Mən qayıdanda partiyadan demək olar ki, heç nə qalmamışdı. Ona görə də partiyanı tədricən bərpa etməyə məcbur oldum. Bu gün Azərbaycan siyasətində ən böyük problem odur ki, istedadlı gənclər siyasətə gəlmirlər. Onlar peşə karyerasına üz tuturlar.

Taleh Şahsuvarlı: Xaricdə bu məsələ çox dəbdədir. Deyirlər ki, pulun yoxdursa, niyə siyasətlə məşğul olursan?
- Bizim partiyada bir xanım vardı, professor idi. Ona dedim ki, aktiv ol, irəli çəkdik. Ofisdə telefon yox idi. Çünki telefonun o vaxtkı pulla 51 milyon borcu vardı. Başa düşə bilmirdim, başqalarının 30 qəpik borcu olan kimi telefonu bağlayırlar. Bizdə 51 milyon borca gətirib çıxardılar. Zərdüşt bəy də telefonu öz adına keçirdi ki, borc partiyanın adında olmasın. Sonra 200 dollar tapdım, xanıma verdim ki, adınıza 2 nömrə açarsınız. Gəldi ki, 1 nömrə açırlar. Dedim eybi yox, heç olmazsa, partiya telefonsuz qalmasın. Belə oldu ki, partiyada ikitirəlik yarananda, bu da gedənlərlə getdi və telefonu da özü ilə apardı. Zəng edib dedim ki, ay xanım, axı pulunu biz vermişdik. Qayıtdı ki, cibində 200 dolları olmayan adam partiyaya rəhbərlik etməz. Mən də güldüm, demək düz çıxmaz, amma dedim. Söylədim ki, ilk dəfə dolları əlinizdə mən sizi xaricə göndərəndə tutmusunuz. 1 gün sonra pulu gətirib üzr istədi. Dünyada deyirlər ki, pulu olmayan adam siyasətlə məşğul olmaz. Amma Azərbaycanda bizim müsibətimiz ondadır ki, bu cür düşünən insanlar siyasətlə məşğul olurlar, kimsə onlara deyəndə ki, gəl sənə pul verim hüquqlarımı müdafiə elə, onlar bununla razılaşırlar. Əli İnsanova bütün respublika nifrət edirdi. Onu həbs etdilər, "vicdan məhbusu" oldu (gülür). Pul buraxdılar, hamı onu müdafiə etməyə başladı. Azərbaycanlı olmasaydım, onu tanımasaydım, düşünərdim bu ki, peyğəmbər balasıdır. Sabah Araz Əlizadə siyasətdən getdiyini bəyan etsə, partiyanı hansısa pullu adama satmağı düşünəcək.

T.Şahsuvarlı: Partiyanı neçəyə satarsınız?
- Heç neçəyə. Partiyam mənim övladımdır. Mən onu heçdən yaratmışam.

N.Orucov: Partiyaya nə qədər pul xərcləmisiniz?
- Bunu deyə bilmərəm (gülür). Amma bizdə bütün gənclər ingilis dilini, kompüterdə işləməyi öyrəndi. O zaman Azərbaycanda kompüterin nə olduğunu bilmirdilər. Bakı meriyasında cəmi 1 kompüter, bizim partiyadasa 12 kompüter, bütün telefonlarda faks vardı. Hələ teletayp, 5 kseroks aparatı almışdıq. Gənclər xaricə gedib-gəlirdilər.

"Zərdüşt Əlizadə partiyadan gedəndə çox qorxurdum"

N.Orucov: Zərdüşt Əlizadə və Ayaz Mütəllibovla həmsədr idiniz. Hamısı partiyadan getdi, amma Siz qaldınız. Deyəsən, Siz daha yaxşı oyunçusunuz...
- Yox, oyun oynamırdım. Mən mühacirətə getdim. Nizamnaməyə əsasən Zərdüşt Əlizadə həmsədr oldu. Zərdüştlə indiyədək də həmsədr qalardıq, amma qayıdanda gördüm ki, partiya üzvlərinin sayı xeyli dərəcədə azalıb. Ədliyyə Nazirliyi bizi yoxlamağa gəlsəydi, qeydiyyatımız ləğv olunacaqdı. Soruşanda ki, bu insanlar hara gedib? Ondan qəribə cavab eşitdim: "Çıxartmışıq". A balam, 3 il ərzində 1200 nəfəri necə və niyə çıxarmısınız? Qayıtdı ki, onlar bizimlə bir cərgədə durmağa layiq deyillər. Mən də dedim ki, bu nə özbaşınalıqdır? Zərdüşt söylədi ki, qardaş, təşkilatçılıq səndədir, təzədən partiyanı bərpa elə. Dedim yaxşı. Çıxarılanları bərpa edəndə onları azad edənlər arasında açıq-aydın narazılıq başladı. Partiya üzvlərini çağırıb sorğu-sual edəndə məlum oldu ki, bu insanları heç xəbərdarlıq etmədən partiyadan uzaqlaşdırıblar. Özləri çıxarıldıqlarından xəbərləri yox idi. Onları yenidən bərpa etdik. Arzu Abdullayevanı partiyadan kənarlaşdıranda Zərdüşt bəy də onunla yığışdı getdi. Qurultay olanda onu yenə həmsədr seçdik. 2003-cü il prezident seçkilərində partiyanın qurultayının qərarı belə idi ki, mən namizəd olum. Düzdür, Zərdüştə təklif etdik, o, imtina etdi. Söylədi ki, bu partiyanı tanımıram, mən İlyas İsmayılovun vəkili olacağam. Onda partiya üzvləri ayağa qalxdı, onu partiya rəhbərliyinə seçmədilər. Sonra özü ərizə göndərdi və onunla birgə 47 nəfər partiyadan çıxdı. Zərdüşt gedəndə çox qorxurdum, elə bilirdim təxminən min nəfər adam itirəcəyik. Açıq deyirəm, Zərdüşt Əlizadənin partiyada nüfuzu məndən də çox idi. Çünki neçə il burada olmamışdım, əlaqələr də itmişdi. Lakin cəmi 47 nəfər onunla gedəndə başa düşdüm ki, artıq partiya üzvləri ondan narazıdırlar. Ayaz Mütəllibovun həmsədrliyinə gəlincə, onun vəziyyəti çox ağır idi, gündən-günə Azərbaycana gəlmək şansı azalırdı. Mənə zəng edəndə dedim ki, istəyirsən, buyur gəl, partiyanın həmsədri ol. Söylədim ki, siyasətdə, gündəmdə qalmaq istəyirsənsə, səni vətənə qaytarmağa çalışaq. Sağ olsun, respublikanın Prezidenti İlham Əliyev, alicənablıq göstərdi, onun vətənə gəlməsinə şərait yaratdı. Ayaz Mütəllibov gələndən sonra dedi ki, siyasətlə məşğul olmuram, siyasətdən gedirəm. Ona görə də qurultayda ona təşəkkürümüzü bildirdik və həmsədrlik institutunu ləğv edib, sədrlik institutuna qayıtdıq.

N.Orucov: Ayaz Mütəllibov ASDP-yə gəlməsəydi, ölkəyə gələ bilərdi?
- Yox. Bu, tam Prezidentin iradəsinə uyğun idi.

N.Orucov: Özünüzdən sonra partiyanın başına kim gələ bilər?
- Partiyada kadrlar var. İndi yeniləşmə gedir, cavan uşaqlar gəlir. 2013-cü il prezident seçkilərində üç vəkilim 25-26 yaşlarında idilər. Radio debatlarda Günel Babayeva, Sevda Əliyeva və Aytac Ələsgərova çıxış elədi. Beynəlxalq katibimiz Səməd Əlizadə də gəncdir.

N.Ehlamqızı: Səməd Əlizadə təsadüfən qohumunuz deyil?
- Biz Cenevrədə olanda "Daşnaksütyun” partiyasının faktiki rəhbəri Mario Nalbandyan idi. Sosinternin vitse-prezidentidir, Yerevanda oturub partiyaya rəhbərlik edir, gəlib mənə istehza ilə dedi ki, sən çıxış etməyəcəksən? Dedim "yox”, artıq cavanlara yer verirəm. Qayıtdı ki, amma mən hələ də çıxış edəcəyəm. Soruşdu ki, katibinin neçə yaşı var? Dedim 25. Debat oldu, gəlib mənə dedi ki, sizdə Əlizadə soyadı çoxdur? Qayıtdım ki, çoxdur. Sonra söylədi ki, amma zahirən də yaman sənə oxşayır. Dedim oğlum qonşuya oxşamayacaqdı ki. Söylədi ki, elə bildim Əlizadədən canım qurtarıb (gülür). Amma oğlum siyasətçi olmaq istəmir. Bankda işləyir, öz sənətini çox sevir və beynəlxalq katib vəzifəsini ona görə öz üzərinə götürüb ki, mənə kömək eləsin. Nalbandyana dedim ki, sən bir şeyi yadda saxla, bir Araz Əlizadə də böyüyür.

N.Ehlamqızı: Sərdar Cəlaloğlu və Qurban Məmmədov, Siz və Zərdüşt Əlizadə fonunda görürük ki, siyasətdə qardaşlar arasında münasibət bir o qədər sıcaq deyil. Öz qardaşı ilə dil tapa bilməyən xalqla necə ünsiyyət qura bilər?
- Zərdüştlə mən eyni əqidədəyik. Biz neçə ildir ayrılmışıq, hər ikimizin məsələlərə yanaşmamıza baxın. Bəzən jurnalistlər soruşurdu bu nə oyundu, um-küsü edirsiniz? (gülür). Bizim şəxsi fikirlərimiz üst-üstə düşməyib, əqidə fikirləri yox. Qurbanla Sərdarın arasında nə olub bilmirəm. Bizdə isə partiya Arzu Abdullayevaya "yox” deyəndə Zərdüşt etiraz etdi.

"Arzu Abdullayeva partiyada fironluq edirdi"

T.Şahsuvarlı: Partiya Arzu Abdullayevaya niyə "yox” dedi?
- Arzu Abdullayeva partiyada fironluq edirdi. Deyirdi ki, mən Arzu Abdullayevayam, beynəlxalq mükafatların laureatıyam, siz isə kütləsiniz. Zərdüşt özünü çox qəribə apardı. Birdən durub qurultayda dedi ki, mən ortaya siyahı qoyuram, siyahıdakılar seçilməsə, çıxıb gedirəm. Qurultay üzvləri ayağa qalxdı ki, Zərdüşt Əlizadə, bizə demokratiya dərsi keçmisiniz, biz sizin məktəbinizdən çıxmışıq, öyrəşmişik ki, belə şeylər ola bilməz, Siz nə edirsiniz? Mən şoka düşdüm. Böyük bacım Zərdüştdən soruşurdu ki, Zərdüşt, bu sənsən, yoxsa kimdir? Qayıtdı ki, mən belə istəyirəm.

N.Orucov: Şəxsi münasibətlərinizdə, məncə, elə problem yoxdur.
- Var. Mən ondan küsməmişəm, o, məndən küsüb. O, prezident seçkilərində mənə qarşı ağır ittihamlar irəli sürdü, təhqir etdi...

T.Şahsuvarlı: Sosial demokratiyanın Azərbaycanda perspektivini görürsünüzmü? Türkiyədə ana müxalifətdədir, bizdəsə heç vaxt önə çıxa bilmədi.
- Azərbaycanda sosial demokratiyanın böyük gələcəyi var. Yeni siyasətçilər dünyaya daha aydın baxacaqlar. Millətçi partiyaların üzvləri də artıq ayılırlar, pisi yaxşıdan seçirlər. Ona görə də "yarpaq tökümü” başlayıb. Vacib deyil ki, sosial demokratiyanın gələcəyini mən görüm, istəyirəm onun ləzzətini xalq görsün.

"Partiyamız üçün ən böyük təhlükə yaradan Əbülfəz Əliyev oldu”

T.Şahsuvarlı: Bu ideya niyə indi ortaya çıxa bilmir?
- Əvvəl həm kommunistlər, həm də Azərbaycan Xalq Cəbhəsi bizə qarşı mübarizə aparırdı. Sonra dövlət çevrilişi oldu və hakimiyyətə gəldilər. Onlara qarşı mübarizə aparan da biz olduq. Mənə elə gəlir ki, partiyamız üçün ən böyük təhlükə yaradan Əbülfəz Əliyev oldu. O, Kələkidə "Nərgiz” TV-yə müsahibə verəndə ondan soruşdular ki, "Sizə kim darbə yapdı?”. O da siyasi palitradan danışdı. Dedi partiyalardan AMİP, Sosial Demokratlar var, amma çox zəifdirlər. Xalq arasında heç bir hörmətləri yoxdur. Üstündən 2-3 sual keçəndə dedi bu iki partiya darbə yapdı. Jurnalist qayıtdı ki, bəs söylədiniz onların nüfuzu yoxdur, qayıtdı ki, onlar çox tez davrandılar. Onlar bizə ağıllı təkliflər verirdilər, biz onun əksinə getdik və tələyə düşdük.

N.Orucov: Doğrudan, AMİP-lə Siz eyni mövqedən çıxış edirdiniz?
- Biz öz, AMİP öz mövqeyindən çıxış edirdi.

T.Şahsuvarlı: İndi Surət Hüseynovla münasibətiniz varmı?
- İlk dəfə Surət Hüseynovu Gəncədən Bakıya gələndə görmüşəm. O da, mən də deputat idim. Amma o, heç vaxt ağzını açıb danışan deputatlardan olmayıb. Yadımdadır, o zala girəndə elə bil qurbağa gölünə daş atdılar. Parlamentdə sükut çökdü. Həyatımda 2 dəfə görüşmüşəm. Qadın Sosinterninin rəhbəri Bakıya gələndə, bir dəfə də Moskvada qaçıb gedəndə. Moskvadakı görüşə Mütəllibov da gəldi. Sonra Namiq Abbasov (sabiq Milli Təhlükəsizlik naziri) dedi ki, bizdə dəqiq məlumat var ki, Azərbaycanda siyasi partiya rəhbərlərindən biri Moskvanın küçələrindən birində yerləşən mənzildə binanın 1-ci mərtəbəsində Surət Hüseynov və Ayaz Mütəllibovla görüşüb. Mən cavab verdim ki, görüş Moskvada olubsa, bina küçələrdən birində yerləşməlidir, ikincisi, 1-ci yox, 3-cü mərtəbədə, mənim mənzilimdə olub.

T.Şahsuvarlı: Orada nədən danışdınız?
- Hər şeydən, həyatdan.

T.Şahsuvarlı: Nədənsə, Sosial Demokratlar pərdəarxası durumlarda sanki katalizator kimi davranır.
- Heç kəslə pərdəarxası oyunlar aparmamışam. Etibar Məmmədov kimi separat danışıqlara getməyəcəyəm (gülür).

T.Şahsuvarlı: Etibar Məmmədovla münasibətiniz necədir?
- Salam-əleykim var. Xalq Cəbhəsinin rəhbərliyi arasında yeganə sözünə sahib dura bilən az-çox siyasətçi odur. Qalanlarının sözünün bir köpüklük qiyməti yoxdur. Sosial Demokratlar proqnozlarını düz verir, Əbülfəz Əliyev demiş, cəmiyyətə ağıllı məsləhətlər veririk. Əfsuslar olsun ki, cəmiyyət bunu vaxtında dərk etmir.

R.Xəlil: Parlament seçkilərində iştirak edəcəksiniz?
- Bəli. 2010-cu il qurultayımızın qərarı var ki, bundan sonra bütün seçkilərə gedirik, həm də təkbaşına. Arif Hacılı təklif edirdi ki, respublika üzrə müxalifət arasında praymerz keçirək, qalib namizəd müxalifətin namizədi olsun. Sual verdim ki, Arif bəy, əvvəla sənin bu qədər pulun hardadır? O seçki qutusunu kim sayacaq?

N.Orucov: İsa Qəmbərlə münasibətiniz isti deyil, Arif Hacılı ilə necədir?
- İsa Qəmbərlə heç vaxt isti olmayıb. Arif Hacılı ilə də mənfidir.

N.Orucov: Əli Kərimli ilə necə?
- Demək olar ki, münasibətim yoxdur.

N.Orucov: Bəs kimlərlə münasibətiniz var?
- Öz partiya üzvlərimlə.

"Rəhim Qazıyevdən qabaq mənə müdafiə naziri olmağı təklif etmişdilər”

T.Şahsuvarlı: Sizə vəzifə təklif edilmişdi?
- Mən Rəhim Qazıyev deyiləm ki, riyaziyyat müəllimi kimi gedim müdafiə naziri olum. Rəhimdən qabaq mənə müdafiə naziri olmağı təklif etmişdilər. Dedim başınız çaşıb? Söylədilər Müdafiə Şurasının üzvü olmusan. Mən də dedim ki, siyasi məsələlərə baxmışam. Məsələm o olub ki, Moskva ilə danışıqlar aparım 4-cü ordu Azərbaycanın tabeçiliyinə keçsin. Amma gəlib desəm ki, orduya komandanlıq edəcəyəm, gülməli çıxar. Rütbəm tərcüməçi kimi ehtiyatda olan baş-leytenantdır. Elə gətirdi ki, orduda xidmət etməmişəm. Bir gün Müdafiə Şurasının üzvü olanda gördüm ki, hamı hava limanında təbrik edir. Köməkçimdən soruşdum nə olub hamı məni təbrik edir? Dedi ki, fərman olacaq. Etibar Məmmədov, Rəhim Qazıyev, Azər müəllimə, Sizə general rütbəsi veriləcək. Təəccüb etdim, maşını Prezident Aparatına sürdüm. İçəri girdim ki, Ayaz müəllim, bu nədir? Dedi ki, vallah Müdafiə Şurasının üzvləri gəlib qarşımda tələb qoydular ki, general vəzifəsi verilsin. 1-2 saat mübahisədən sonra razılıq verdim. Dedim amma adımı fərmandan çıxarın. Çünki Moskvada generallarla danışıq aparıram. Onların hər biri general olmaq üçün 25-30 il can qoyub, kazarmalarda çürüyüblər. Mən sabah gəlim ki, mən də generalam? Onda onların mənə hörməti itəcək ki, ciddi adam deyiləm. Yaxud televiziyada çıxıb deyəcəyəm ki, general rütbəsi verilənlərin hamısının başı xarabdır. Mütəllibov da fərmanı ləğv etdi.

Nərgiz EHLAMQIZI

Foto: Rəşad ABBASOV


Müəllif: