16 Aprel 2016 15:58
5 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brifinq” layihəsinin bu dəfəki qonağı Azərbaycan Dövlət İqtisad Universitetinin fəlsəfə kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsini bitirmiş Leyla Nəzirzadədir.

Teleqraf.com Leyla Nəzirzadə ilə söhbəti təqdim edir.

Nərgiz Ehlamqızı: Bir neçə gündür deputatlar, Hadı Rəcəbli, Aqiyə Naxçıvanlı qadın və ailə institutu ilə bağlı müxtəlif təkliflərlə çıxış edir. Söhbətimizə bundan başlamaq istərdim. Təkliflərə münasibətiniz necədir?

-Əvvəla qeyd edim ki, peşəsindən, statusundan asılı olmayaraq deputat da, aktyor da, alim də ilk növbədə insandır. Cəmiyyətdə baş verənlərə onların reaksiya verməsi normaldır. Anormallıq deyiliş tərzində ola bilir. Bir var gündəlik nitq, bir var akademik nitq. Biz öyrəşmişik ki, yuxarı dairələrdə oturan insanlar məsələyə daha adekvat və bir o qədər də səviyyəli yanaşsınlar.

Məsələnin başqa tərəfi də ola bilər. Diqqəti qlobal məsələlərdən məişət məsələlərinə yönləndirib şou-xarakterli gündəm yaratmaq istəsinlər. Həmin deputatların fikirləri ilə dünən tanış oldum. Hadi Rəcəbli ilə razılaşanlar da var, razılaşmayanlar da. Düşünmürəm ki, Hadı Rəcəbli aqressiv fikir, yaxud neqativ anlamda nəsə söyləyib. Ona yaşı imkan verir ki, ata və qayınata kimi müəyyən tövsiyələr versin.

Bununla belə, ailədə problemlər təkcə yemək bişirib-bişirməməklə yaranmır. Ailə o qədər dərin sosial institutdur ki, cəmiyyətdə ən qəliz problemlərin kökü məhz orda qoyulur.

“BU GÜNKÜ AİLƏNİN ƏN BÖYÜK PROBLEMİ...”

Nərmin Muradova: Sizcə, indiki gənclər ailə institutundan, ailə planlaşdırılmasından xəbərdardırlarmı?

-Çox təəssüf ki, bu gün ailə qurmaq istəyən qadın və kişilərin əksəriyyəti ailə institutuna hazır deyil. Ailə planlaşdırılması o qədər qəlizdir ki, bu, sosiologiyada ayrıca sahədir. Burda genetik faktorlardan tutmuş psixoloji faktorlara qədər bir çox təsirlər nəzərdə tutulur.

Fikrimcə, ailənin qurulması üçün sevgi kifayət deyil. Bizdə gənclərin ailə qurarkən yol verdikləri səhvlərdən biri də budur... Düşünürlər ki, bir-birimizi seviriksə, deməli, ailə qura bilərik. Bəli, sevgi önəmlidir və ailə münasibətlərində sevgi olsa nə gözəl... Ancaq digər faktorlar da var.

Tutalım, ailə planlaşdırılan zaman cütlüyün övlad arzusu olur. Bəs, bir-birinin dərdindən dəli olan cütlüklər sonsuzluq problemi ilə qarşılaşmağa hazırdırlarmı? İndi belə problemlərə tez-tez rast gəlinir. Bundan başqa, ailə təkcə ər və arvaddan ibarət deyil. Azərbaycanda yaşayırıq, bizim öz mental dəyərlərimiz var. Bizdə qayınata, qaynana, qayın, baldız münasibətləri çox önəmlidir.

Nərgiz Ehlamqızı: Ailədaxili münaqişələrin sosial səbəbləri də var...

-Yəni demək istəyirəm ki, ailə münaqişələrin kökü o qədər də bəsit deyil, bu, gəlinin yemək bişirib-bişirə bilməməsi ilə məhdudlaşmır. Nənə-babalarımızın vaxtında, erkən nikah dövründə gəlin yemək bişirməyi qayınanadan öyrənirdi. Hətta deyim də var: “Gəlin düşdüyü evdə gəlin olar...”

Bugünkü ailədaxili münaqişələr üçün ən böyük problem işsizlikdir. İnsan münasibətlərində sevgi ilk etapdadır. Sevdik, ailə qurduq, bütün hisslər, duyğular kimi sevgi də tədricən məişətlə yüklənəndə yavaş-yavaş sönür. Uşaqların doğulması ilə ailədə yeni psixoloji mühit yaranır. Ata-ananın arzuları uşağın arzuları ilə əvəz olunur. Və bu arzuları reallaşdırmaq üçün maddi vəsait tələb olunur. Bəs bu maddi vəsaiti qazanmaq üçün kifayət qədər iş yerlərimiz varmı?

Məncə, biz birinci növbədə bu məsələni araşdırmalıyıq.

Gəlinə yemək bişirməyi tövsiyə verməkdənsə yaxşı olardı bizim deputatlarımız gənclərin məşğulluğu, iş sonrası asudə vaxtlarını təmini üçün nələrsə fikirləşsinlər. Bir sözlə, aqressiyaya, qarşıdurmaya insanların zamanı qalmasın.

Köhnə nəslin sovet nostalgiyasını yada salın, bəyəm o vaxtlar insanların problemləri yox idi? Vardı, bəs niyə onlar aqressiv deyildilər? Çünki boş vaxtları yox idi. İndi bizim boş vaxtımız çoxdur...

Dilqəm Əhməd: Ailə daxilində maddi problemdən savayı daha hansı problemlər öncül rol oynayır?

-Elm qruplaşdırmağa meyllidir. Sosioloqlar daha çox statistika, psixologiya elmi məsələyə psixoloji aspektdən yanaşır. Fəlsəfə isə mövzuya insan amili də daxil kompleks yanaşmalıdır. Fəlsəfə üçün insan faktoru önəmlidir. Ona görə məsələnin individual tərəfini də unutmamalıyıq.

Məhkəmə zalında səslənən “xasiyyətimiz uyğun gəlmir” arqumentinə o qədər də inanmaq gərək deyil. O ailələrin dərinliyinə nüfuz edəndə görəcəksiniz ki, hərə kəsin öz problemləri var. Sevgisizlik, intellektual səviyyə uyğunsuzluğu, valideynlərin müdaxiləsi, sonsuzluq, kişinin başqa ölkədə yaşaması, xəstəliklər və sair.

Ən möhtəşəm görünən ailə belə, boşanma riski altındadır. İstənilən ailə boşanmanın kandarında dayana bilər. Bunun qarşısını almaq üçün müxtəlif yollar var. Əvvəla profilaktik tədbirlər görülməlidir. Qaynar başla deyil, ağılla ailə qurmaq lazımdır.

Bu gün ailəni boşanma riski ilə üz-üzə qoyan problemlərdən biri də evsizlikdir. Sosial evlər layihəsi bu baxımından mən alıqışlayıram.

Nərmin Muradova: Evsizlik səbəbindən evlənməyənlər də var.

-Hər birimizin valideyni əzizdir. Amma ailə quranların mütləq ayrı yaşaması lazımdır. Şüursuz quşlar belə özünə ayrı yuva qurur. Sosiologiyada ailəni yuva ilə müqayisə edirlər. Valideyn yanında qalan ailələrdə istər-istəməz problemlər üzə çıxır. Bir evdə bir kişi, bir mətbəxdə bir qadın olmalıdır.

"İNSANIN ƏSL HƏYATI 40 YAŞDAN SONRA BAŞLAYIR"

Qurban Yaquboğlu: Bəzən ailə münasibətləri elə mərhələyə gəlib çatır ki, tərəflərdən biri yeni ailə mühiti, yaxud təzə tərəf-müqabil arzulayır. Bu, ailə üçün dağıdıcı amillərdən biri sayıla bilərmi? Ümumiyyətlə, qadın-kişi münasibətlərində əbədilik axtarmaq illüziya deyilmi?

-Çox gözəl sualdır. “Kişi və qadın ailə qurdusa, bu, ölənə qədər olmalıdır” fikri əslində genefondumuza yerləşdirilmiş illüziyadır. “Bir yastıqda qocalsınlar”, “Gəlinliklə gəlib kəfənlə çıxasan”, “Qadının ər evindən meyiti çıxmalıdır” kimi deyimlərimiz də var. Bu deyimlərin gözəl tərəflərini də qeyd edə bilərik. Bunlar hardasa ailəni dağılmaqdan qoruyan profilaktik tezislərdir. Qız görəndə ki, ata evində onu gözləmirlər, öz evinə daha çox alışır.

İllüziyaya gəlincə, bu, həm dini dəyərlərimizdən irəli gəlir, halbuki mənə qarşı çıxa bilərsiniz ki, dinimizdə bir kişiyə dörd qadınla evlənmək icazəsi verilir.

Dilqəm Əhməd: Amma qadına elə bir şans verilmir...

-Bu şans var, amma daha uzun prosedurdu. Qadın da boşanıb yenidən ailə qura bilər, sadəcə qadın üçün poliqamiyaya yol verilmir. Poliqamiyanın da dini köklərini araşdıranda görürsən ki, əslində peyğəmbərimiz monoqamiyanı daha üstün tutub.

Etiraf edək ki, kişinin fiziologiyasında poliqamiyaya meyllilik var. Bizim qadınların da ən böyük səhvi bunu dərk etməmələridir. Psixologiyada kişinin həyatının sonuna qədər bir nəfəri sevməsi patologiya sayılır. Bəlkə qadın üçün də belədir. Biz insan münasibətləri haqda bir mif yaratmışıq... Bilirsiniz, sevgi, ailə haqqında o qədər miflər yaratmışıq! Bunun gözəl tərəfləri də var, fəsadları da az deyil...

Gözəl tərəfləri odur ki, sevginin uzun müddətli olması üçün onu qorumağa çalışırıq. Amma bu gün psixologiyada bu barədə çox mübahisəli fikirlər səslənir: deyilir ki, ən möhtəşəm sevginin ömrü maksimum beş ildir. Sevgiyə elə ki məişət məsələləri qarışdı, hər şey adiləşir, ideal obrazlar dağılmağa başlayır. İdeallarımız dağılanda sevgimiz tükənir.

Kişilərdə kənara meyllənmə 45-50 yaş arasında kulminasiya nöqtəsinə yaxınlaşır və daha gənc xanımlara yönəlirlər. Burda eybəcər münasibət yox, saf sevgi əsas götürülür.

Nərgiz Ehlamqızı: Bir dəfə yaşlı kişinin bir cavan qızın çantasına nömrə yazıb qoyduğunu gördüm. Cəmiyyətdə belə bir fikir var ki, yaşlıların etdiyi eybəcərliyi, iyrəncliyi heç gənc oğlanlar da etmirlər...

-İnsan həyatı 40 yaşdan sonra başlayır! Yəni daha dərrakəli, daha şüurlu həyatı... İstər qadınların, istərsə kişilərin həyatında əsil sevgi məhz bu yaşda dərk olunur. O yaşa qədər insan karyera dalınca qaçır, cəmiyyətdə yerini tutmaq, müəyyən statusa sahiblənmək, pul qazanmaq istəyir.
Fikrimcə, heç bir halda sevgiyə eybəcərlik kimi baxmaq olmaz. Həqiqi sevgi üçün yaş məhdudiyyəti yoxdur.

Cinslərarası münasibətlərdə eybəcərlik həddi-buluğa çatmamış insanlara meyllilik, yəni pedafiliya sayılır.

Nərgiz Ehlamqızı: Tanımadığın qıza qarşı belə hərəkət etmək nə dərəcədə düzgündür?

-Bu, artıq başqa şeydir. Biz sevgidən danışırıq axı, psixi cəhətdən problemi olan insanlardan yox... Sevgi bitibsə, münasibətlərdə heç bir istilik qalmayıbsa, o ailəni yaşatmağın mənası yoxdur. Dostca ayrılmaq olar. Bizdə ailələr əsasən uşaqlara görə dağılmır. Əgər uşağa görə ailəni dağıtmırsansa məcbursansa, o isti münasibəti bərpa edib, rola girəsən. Övladlarına ikiniz arasında olan soyuqluğu hiss etdirməməlisən. Zamanla istilik yenidən yarana bilir.

Yox, əgər mümkün deyilsə və hər günün davayla, aqressiya ilə müşayiət olunursa, bundan yenə də əziyyət çəkən uşaqlardır.

Qurban Yaquboğlu: Belə anlaşılır ki, siz poliqamiyanın tərəfdarısınız. Xüsusən kişilərin...

-Mən poliqamiyanın tərəfdarı deyiləm, amma bir alim, filosof, psixoloq kimi yanaşanda insanları başa düşməyin tərəfdarıyam. Yəni qısqanclığa ehtiyac görmürəm. Kişinin hər hansı ani bir səhvinə görə ailə dağıdan qadın səhv addım atır.

Nərmin Muradova: Xəyanəti bağışlamayanlar da var...

-Xəyanət fiziki deyil. Əsl xəyanət şüurda baş verən aktdır. Təsadüfi cinsi yaxınlıq xəyanət sayıla bilməz. Hərə bir cür qavrayır, amma dərindən fikirləşəndə əsl xəyanət elə cismən birinin, xəyalən başqasının yanında olmaqdır.

"İNTİHAR HAQDA SƏHV YANAŞMALAR..."

Qurban Yaquboğlu: Son illər ən aktual olan məsələ intiharlardır. İntiharlar tez-tez baş verir, sizcə, əslində nə baş verir?

-Bəzən deyirlər, intihar çeynənmiş mövzudur, bu haqda yetərincə danışılıb. Amma özünüz fikir verin, son günlər sadəcə mənim sosial şəbəkədən oxuduğum dörd intihar hadisəsi baş verib. Biri də mən yaşayan ərazidə oldu, Şərifzadə küçəsində bir qız özünü doqquz mərtəbəli binanın damından atdı. Əlbəttə, səbəbsiz intihar olmur.

Elmi bölgüyə görə, intiharlar əsasən yeniyetmələr və 40-45 yaş arasında çarəsiz duruma düşmüş və imdad diləyənlər arasında baş verir. İntiharların özü də iki yerə bölünür: nümayişkaranə intiharlar, bir də həqiqi intihar.

Nümayişkaranə intiharlar əsasən yeniyetmələr arasında baş verir. Onlar düşdükləri vəziyyətdən başqa çıxış yolu tapmır və imdad çağırışını intiharla edirlər. Çoxlu dərman qəbul etmək, hündür mərtəbəli binalardan, körpülərdən atmaq - bunlar nümayişkaranə intiharlardır və əslində burda niyyət özünü öldürmək yox, özünə diqqət cəlb etməkdir. Həqiqi intihar planlaşdırılan intiharlardır. Bu cür intiharlarda özünü asmaq halları daha çox baş verir.


Yeri gəlmişkən, intiharlarda fəsillərin də önəmi var. Yaz və payız ayları intiharların artan vaxtıdır. Cəmiyyətdə mif var ki, intihara meylli insanlar sırf psixi problemləri olan insanlardır. Bu, yanlış fikirdir. Psixi pozuntusu olan insanlar heç vaxt planlı intihara cəhd etməzlər, cəhd edə bilməzlər.

Nərgiz Ehlamqızı: Bir qızın intihar anının videosunu izlədinizmi? Belə videoların yayılması nə dərəcədə düzgündür?

-İzlədim, dəhşətdir. İnsanlar çox qəddar, etinasız şəkildə intihar etmək istəyən insanın videosunu çəkir, hətta söyüşlə müşayiət olunmuş formada internetdə yayırlar. O video lağ, qınaq obyektinə çevrilir. Buna nə ad vermək olar, bilmirəm.

Kənardan intihara cəhd gülməli, məntiqsiz görünə bilər. Amma sizi inandırım ki, intihara cəhd edən şəxs üçün bu məntiqli hərəkətdir və onun başqa çıxış yolu yoxdur.

Son dövrdə bizim cəmiyyətdə intihar edənlərin əksəriyyəti yeniyetmələr, daha çoxu qızlardır. Dünyada isə intihar halları qadınlara nisbətdə kişilərdə daha çoxdur.

Hesab edirəm ki, intihar profilaktikası olaraq biz övladlarımızla həssas və diqqətli davranmalıyıq. Valideynlər övladlarına qarşı ayıq olmalıdırlar. Əgər övladlarını sosial şəbəkələrdən qoruya bilmirlərsə, mütləq özləri də orda qeydiyyatdan keçsinlər, onların dostluğunda olub, yazdıqları statusları, paylaşımları izləsinlər.

Nərmin Muradova: Qızları intihara aparan səbəblər qruplaşdırılsa hansı nüans daha önə çıxar?

-Yenə də gəlib ailənin üzərinə çıxırıq. Hər şey ailədən başlayır. Sosial mühitin də, psixoloji durumun da bünövrəsi ailədə qoyulur. Bəzən elə bilirik ki, övladımızı maddi cəhətdən hər şeylə təmin etməklə onun ahəngdar şəxsiyyət kimi formalaşmasına xidmət etmiş oluruq. Tamamilə yanlışdır. Valideyn ilk növbədə uşağına sevgi verməlidir.

Cinayətkarlığın psixologiyasını araşdıranda məlum olur ki, cinayət törədənlər sevgisiz böyümüş insanlardır. Bəzən məni bu fikirlərimə görə qınayırlar. Amma fikrimcə, mental dəyərlərin də bu məsələdə mənfi rolu var. Atanın yanında övladını qucağa götürmək olmaz. Qayınata, qaynana yanında danlamaq olmaz. Bunlar çox yanlış yanaşmaladır.

Sevgisizlik, ünsiyyətsizlik ən böyük problemdir. Biz övladlarımızı ya həddən artıq çox sıxırıq, ya da onlara ifrat dərəcədə azadlıq veririk. Qızıl orta hər zaman gözlənilməlidir. Uşaqlara azadlığı gizli nəzarət zəminində verməliyik.

Nərmin Muradova: İntihar problemindən xilas olmaq üçün nə etməliyik?

-Əvvəla, psixoloji-sosial iş gücləndirilməlidir. İkinci, efirlərdə sosial mövzulu verilişlərin sayı artırılmalıdır. Bu gün şou-proqramlar efirləri bürüyüb. Sosial verilişlər hazırlamaq istəyənlərin də qarşısını maddi məsələ kəsir. Sponsorlar belə verilişlərdən qazanacaqlarına inanmadıqlarına görə maddi vəsait da ayırmaq istəmirlər. Bizim bir əlac yolumuz qalır – vəsait üçün dövlətimizə müraciət etmək.

Ailələrlə, orta məktəblərdə, universitetlərdə, iş yerlərində müvafiq iş aparılmalıdır. Orta məktəblərdə müəllimlərin özünün də psixoloji durumu sual altındadır... Pulsuz psixoloji konsultasiyalar təşkil olunmalıdır. Biz bu işi fərdi psixoloqların öhdəsinə buraxa bilmərik. Bir də ailədə harmonik münasibətlər uşağın intihara meylliliyinin qarşısını almaq üçün gözəl üsuldur.

Nərmin Muradova: Yeri gəlmişkən, bir insanın intihardan vaz keçməsi üçün hansı sözləri, cümlələri işlətmək olar, hansını olmaz? İntihar etmək istəyənlə necə rəftar etmək lazımdır?

-Şərifzadə küçəsində doqquz mərtəbəli binaya çıxmış qızı sıradan biri də fikrindən çəkindirə bilərdi. Bunun üçün ona gözəl sözlər söyləməyi məsləhət görərdim. “Nə gözəl qızsan”, “Sənə vuruldum” deyilə bilərdi. “Gözlə mən də gəlim, özümüzü birgə ataq” kimi aldadıcı sözlərdən istifadə eləmək mümkün idi. Hətta zor tətbiq edib, qolundan tutub kənara çəkmək olardı, amma qətiyyən “özünü atma” demək olmazdı.

Onu da əlavə edim ki, intihara cəhd etmiş adamlar risk qrupuna daxildirlər. Problemi həll olurmursa, o, yenidən intihara cəhd edə bilər.

Bir də uşaqlarda ölüm haqqında düzgün təsəvvür formalaşdırmaq lazımdır. Ölüm haqda insan iki-yeddi yaş arasında düşünməyə başlayır. O yaşda ölümü səyahət kimi qəbul edirlər. 14 yaşda yeniyetmə ölümü başqa cür dərk etməyə başlayır və mistik həyat kimi qavrayır. O düşünmür ki, öləcək və daha dirilməyəcək. O düşünür ki, burdan istənilən halda çıxış yolu var.

Amma ən çox həqiqi intiharlar 16-18 yaş qrupuna daxil olan yeniyetmələr arasında olur. Onlar bilirlər ki, bir də geri qayıtmayacalar.

Nərgiz Ehlamqızı: Leyla xanım, orta məktəblərdəki psixoloqlar konkret olaraq uşaqlarla işləmir...

-Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsi hər il kifayət qədər savadlı kadrlar yetişdirir. Amma maraqlı faktdır ki, orta məktəblərdə bizim yetişdirdiyimiz kadrlardan çox az qismi işlə təmin olunur. Təsadüfi insanlar bu sahəyə daha çox gəlir.

"UŞAQLARIMIZ VALİDEYNLƏRİN ARASINDAKI MÜNASİBƏTLƏRƏ DƏ QARIŞIR"

Nərgiz Ehlamqızı: Özünüz övladlarınızla ünsiyyəti necə qurursunuz?

-İki oğlum var. Oğul tərbiyə etmək qız uşağını tərbiyə eləməkdən qat-qat çətindir. Böyük oğlum hazırda yeniyetməliyin astanasındadır. Artıq onda qeyd etdiyim fizioloji proseslər başlayıb, öz sözünü deyir, özünü böyük adam kimi hiss edir, atasına və mənə qarşı etirazını bildirir. Yoldaşımla birgə övladlarımıza söz haqqı vermişik. Əslində körpə uşağı da dinləmək lazımdır...

Ən önəmlisi, uşaq intihara meyl etməsin deyə tam əminliklə hiss etməlidir ki, hansı səhvi olur-olsun, valideyn birmənalı şəkildə onu başa düşəcək, onun tərəfində olacaq. Bunu sözlə yox, davranışımızla göstərməliyik. Uşaqlara yalançı vədlər vermək olmaz. Ən azından “baxarıq, bu barədə müzakirə apararıq” demək olar. İndi informasiya cəmiyyətidir, ailəvi problemlər övladlarla bölüşdürülməlidir.

Biz ailədaxili iclaslar keçiririk. İstər maddi, istərsə də psixoloji durumumuzu uşaqlarla məsləhətləşirik. Övladlarıma imkan verirəm ki, hətta ər-arvad münasibətlərimizə belə öz fikirlərini bildirsinlər. İnanın, uşaqlardan çox şey öyrənmişəm, özümə münasibətdə, tərbiyədə çox dəyişiklik etmişəm. Uşaq ata-anasının mehriban olmasını istəyir.

Uşaq düşünür ki, atamla anam bir-birini sevmirsə, deməli, məni də sevmirlər. Mən çalışıram ki, övladlarımla dost olum, güman edirəm, bunu bacarıram, onların qorxu və həyəcanlarını birgə dəf etməyə, imkanları xaricində tələblər qoymamağa çalışıram.

Problemlərdən biri də yetkinlik yaşına çatmış uşaqların ixtisas seçimi məsələsidir. 8-9-cu siniflərdə valideynlər uşağın hansı universitetə sənəd verəcəyini müəyyənləşdirir. Ancaq bu seçimi uşağın özünə vermək, onun fikrini öyrənmək lazımdır.

Biz uşaqlarımıza “bacarmazsan” deməməliyik. O qədər istedadlı uşaqlarımız var ki, biz onları məhv edirik. Musiqi qabiliyyətli uşağı həkimliyə yönləndiririk, “özüm həkim ola bilməmişəm, arzumu övladım həyata keçirsin” deyə düşünürük.

Qurban Yaquboğlu: Fəlsəfəni özünüz seçmisiniz?

- Bu gün cəmiyyətdə müəyyən mövqe tuturamsa, alimlik kimi ali dərəcəyə çatmışamsa, bunda ilk növbədə valideynlərim, orta məktəb və xüsusilə ali məktəb müəllimlərin rolu var. Valideyn də, müəllim də övladına, şagirdinə inanmalıdır.

Onlar mənə inandılar, şəxsiyyət kimi yetişməyimə təkan verdilər. Mənim fəlsəfəni seçməyimdə rəhmətlik tarix müəllimim Rasim müəllimin rolu olub. O məsləhət gördü ki, dünyagörüşün və təfəkkürünlə tarixçidənsə, filosof olsan daha yaxşı olar.

"ÇOX MƏNFİ TENDENSİYA..."

Qurban Yaquboğlu: Tarixən Azərbaycan mühitində böyük şair, yazıçı, filosof olub və indi də var, amma nəzərə çarpan, böyük auditoriyanın tanıdığı böyük filosofumuz indi yoxdur... Ümumiyyətlə, fəlsəfənin vəziyyəti nə yerdədir?

-Yaralı yerimizə toxundunuz... Əvvəla, “yoxdur” sözü ilə razılaşmıram. Amma doğrudan da publikaya çıxan filosofumuz yoxdur. Rəhmətlik Cəmil Əhmədli çox möhtəşəm və görkəmli filosof idi. Ad çəkmək istəmirəm, kiminsə adını unudaram, istər Bakı Dövlət Universitetində fəlsəfə kafedralarında, istərsə də AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda yetərincə gözəl filosoflarımız, dəyərli alimlərimiz var. Amma onların publikaya çıxıb-çıxmamaq səbəbi başqadır. Təəssüf ki, bu gün fəlsəfə əsas fənlər blokundan seçmə fənlər blokuna salındı.

Bu, çox mənfi tendensiyadır. İstənilən sahədə alimlik dərəcəsi alan mütəxəssislərimizə fəlsəfə doktoru adını veririk, ancaq fəlsəfəyə ögey münasibət görürük. İstənilən universitetə gedin, fəlsəfə kafedraları ləğv olunmaq təhlükəsi ilə qarşı-qarşıyadır, onları tarix kafedraları ilə birləşdirilir. Bu, çox acınacaqlı vəziyyətdir.

Dilqəm Əhməd: Sizcə, məqsəd nədir?

- Məqsəd müxtəlif ola bilər. Başqa profilli universitetlər məsələ qaldırırlar ki, biz ixtisas fənlərinə və onların praktikasına üstünlük vermək istəyirik. Amma bir şeyi unutmaq olmaz ki, hansı sahəni araşdırırsan araşdır, kökü gedib fəlsəfəyə və insan psixologiyasına çıxır. Bütün dünya üzrə bu elmlər hətta orta məktəblərdə tədris olunduğu bir vaxtda biz ali məktəblərdə fəlsəfədən imtina qərarı veririk.

Bu, çox faciəvi durumdur. Son 3-4 ildə vəziyyət lap kəskinləşib. Müəllimi olduğum Dövlət İqtisad Universitetində dərs dediyim auditoriyalarda fəlsəfə, psixologiya, məntiq fənlərinə maraq hədsiz çoxdur. İnsandan ali dəyər yoxdur.

Sözün əsl mənasında güclü şəxsiyyətlər yetişdirmək istəyiriksə, bu elmlərə xüsusi diqqət ayırmalıyıq. Təhsil Nazirliyinə, deputatlarımıza səslənirəm, qızların qayğanaq bişirib-bişirə bilməmək bacarığını müzakirə etməkdənsə, diqqəti bu məsələyə yönəltmək lazımdır. Hərə öz işi ilə məşğul olanda daha gözəldir. Orta məktəblərdə tədris planına fəlsəfə dərsləri salınmalıdır.

Nərgiz Ehlamqızı: Səhv etmirəmsə, “İnsan və cəmiyyət” dərsi keçilir...

- Orta məktəblərdə “İnsan və cəmiyyət” dərsini kimlər tədris edir? Çoxunda bu fənni tarix müəllimləri keçir...
Biz bakalavr pilləsini bitirəndə bizə pedaqoq statusu verilmir. Fəlsəfə ixtisasını bitirmiş gənc ortalıqda qalır, harada işləyə bilər? Orta məktəbə üz tutanda deyirlər ki, diplomunda pedaqoq statusu yazılmayıb, bu adda fənn yoxdur. Ali məktəbdə də dərs deyə bilməz, ən azı magistratura pilləsini bitirməlidir. Universitetlər də nə qədər magistr yetişdirə bilər ki... Bu məsələyə diqqət yetirmək lazımdır.

Bundan başqa fikrimcə, yaxşı olar ki, hər ali məktəbin öz psixoloqu olsun. Tələbə çətin məqamda gedib onun qapısını döyüb, məsləhətləşə bilsin. İntiharlardan danışdıq, bəli, intihara meylli insanların dinlənilmək tələbatı var. Onları sadəcə olaraq dinləyib başa düşən yoxdur, onlar özlərinə qəyyum axtarırlar.

Psixoloq xilaskar, yaxud möcüzə yaradan insan deyil, o, qəyyumluğu öz üzərinə götürür, inandırır ki, bütün dünya sənin əleyhinə olsa belə, mən sənin tərəfindəyəm, səni başa düşürəm...

Qurban Yaquboğlu: Televiziya çıxan, publikaya psixoloq adı ilə müraciət edən xeyli sayda adam var. Həmin şəxslər patoloji psixologiya ilə məşğul ola bilərlərmi? Onların kimisə müalicə etməyə ixtiyarları varmı?

- Müalicə psixiatrın işidir. Cəmiyyətdəki yanlış təsəvvürə görə psixoloq da həkim sayılır. Psixoloq əlbəttə, savadlı olmalı, müəyyən qədər təbabətdən başı çıxmalıdır. Ancaq qətiyyən tibbi müdaxilə edə bilməz. Psixoloq müəyyənləşdirir ki, bu insanın ehtiyacı psixoloqadır, yoxsa psixiatradır. Bir var xəstəlik faktoru, bir də var sırf ruhi vəziyyətlə əlaqədar problemlər, çarəsizlik, özgüvənini itirmək halları.

İndi psixoloji mərkəzlərin əksəriyyətinə konsultasiya aparan psixoanalitiklər və psixoterapevtlərlə yanaşı psixiatrlar da dəvət olunur.

Nərmin Muradova: Sosial şəbəkələrə nə qədər vaxt ayırırsınız? Orada sizə müraciət edənlər olurmu?

- Sosial şəbəkələrdə aktivəm, hətta özümün bir neçə qrupum da var. Sırf qadınlar üçün nəzərdə tutulmuş ünsiyyət və mətbəx qrupum, eləcə də tələbələr, sırf fəlsəfi müzakirə üçün düşünüb açdığım qruplarım var. Əslində sosial şəbəkələr idrak obyektidir. Həm də orda dincəlirəm, ruhuma yaxın insanlar, orta məktəb və universitet dostlarım var ki, onlarla isti münasibəti orada qoruyub saxlayırıq. Elə münasibətlər var reala da keçir.

"ÖZÜMÜZƏ AİD BİR ŞEY HAMIYA MƏLUM OLANDA..."

Nərmin Muradova: Bəs qadınlar sosial şəbəkələrdə nəyi paylaşa, nəyi paylaşa bilməz?

- Qadınlar etika çərçivəsində paylaşmaq istədiyi hər şeyi paylaşa bilər. İntim sirlərini paylaşmamalı, ər-arvad münasibətlərini açıb-ağartmamalıdır. Bizim özümüzə aid olan şey hamıya məlum olanda o, bizim olmaqdan çıxır və eybəcər görünüş alır. Bəzən stress vəziyyətində, depressiya halında şikayətli statuslar yazırıq, konkret ünvanı göstəririk.

Bizi hətta görünməz olub izləyən insanlar da var. Onlar sənin haqqında müəyyən nəticələr çıxarırlar, miflər yaradırlar. Sənin şikayət etdiyin həmin insanla münasibətin düzələ bilər, ancaq sənə münasibət dəyişməyəcək və nəticə etibarilə başqa cür qiymətləndiriləcəksən.

Elə şeylər paylaşmaq lazımdır ki, o paylaşımdan başqaları fayda görsün. Dəbdəbəni çox paylaşmaq olmaz, çünki bu, başqa insanları, aztəminatlı ailələri depressiyaya salır. Yeri gəlmişkən, boşanmalara gətirib çıxaran ən önəmli səbəblərdən biri də budur. Televiziyalarda məşhur adamların, müğənnilərin var-dövlətinin, qlamur həyatının gözə soxulmasının şahidi oluruq, halbuki onların əksəriyyətinin gözlərinə, mimikalarına baxmaq kifayət edir ki, necə bədbəxt olduğunu görəsən. O, sadəcə olaraq maskaya bürünüb.

Dilqəm Əhməd: Sosial şəbəkədə göz önündə böyüyən uşaqlar var. Doğuş həkimi ilə foto çəkdirib anında feysbuka qoyurlar. Anaların uşağının ad günü, sünnət toyunun şəkillər paylaşması nə dərəcədə düzgündür? Adətən, deyirlər ki, hansı cütlük sosial şəbəkədə çox şəkil paylaşırsa, əslində daha az xoşbəxtdir. Xoşbəxtliyi özün yaşamaq daha gözəldir, onu niyə məhz sosial şəbəkədə paylaşmağa ehtiyac duyulur?

- Xoşbəxtlik mücərrəd anlayışdır və həmişə nisbi xarakter daşıyır. Biz anlarla xoşbəxt oluruq, içimizdə xoşbəxt olduğumuz anları paylaşmaq istəyi də olur. El arasında deyirlər ki, kədəri paylaşanda azalır, sevinci paylaşanda artır. Qınamaq hər şeydən asandır, ancaq ifrata da varılmamalıdır.

Yeri gəlmişkən, “qırxı” çıxana qədər körpə şəklinin paylaşılmasının əleyhinəyəm. El arasında “qırx” günün sayılması boşuna deyil, bu, gedib Pifaqorun fəlsəfəsinə, numerologiyaya çıxır. Həddən artıq çox şəklin çəkilməsi körpəyə şüa ötürür. Gözdəyməni ciddiyə almalıyıq.

Sözünüzdə həqiqət var, həddən artıq xoşbəxt görünən cütlüklərin əslində xoşbəxtliyində problemlər olur. Gəzdiyi yerlərin, bişirdiyi yeməklərin foto-şəklini paylaşan insanların ünsiyyət probleminin olduğu sirr deyil.

Təəssüf ki, real ünsiyyət virtual ünsiyyətlə əvəz olunur, biz bunun qarşısını almaqda acizik.

Nərmin Muradova
Nərgiz Ehlamqızı


Müəllif: