23 İyun 2014 14:41
450

Rəsmi Moskva iyunun 27-dək Ukraynada sülhyaratma planını dəstəkləməyəcəyi təqdirdə növbəti sanksiyalarla üzləşəcək.

“Avropa Birliyi Rusiya Federasiyasından Ukraynada sülhyaratma planının real şəkildə dəstəklənməsini gözləyir. Əks halda sanksiyaların davam etdirilməsi qaçılmazdır”.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, müvafiq açıqlama ilə Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyk çıxış edib. O, bildirib ki, iyunun 27-dək Avropa Birliyi Rusiyanın Ukrayna prezidenti Petro Poroşenkonun sülh planına necə reaksiya verəcəyini izləyəcək: “Rusiya prezidenti Vladimir Putinin şübhəsi olmasın ki, Avropa Birliyi növbəti sanksiyaları da tətbiq etməyə qadirdir”.

Heyk bu fikirləri Avropa Birliyinin Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən iclasının yekununda səsləndirib. Böyük Britaniyanın xarici işlər naziri vurğulayıb ki, zərurət olduqda Rusiyaya qarşı yeni sanksiyalar hökmən tətbiq olunacaq: “Bu istiqamətdə bütün vacib tədbirlər, zəruri hazırlıq artıq görülüb”.

O, Poroşenkonun sülh planını “güclü və çox yaxşı” layihə kimi dəyərləndirib: “Biz ümid edirik ki, indi Rusiya da daxil olmaqla, hamı bunun üzərində işləməyə çalışacaq”.

Nail Cəlil


Müəllif: