9 İyul 2014 11:59

Onlar nə işlə məşğuldur?

70 il ərzində 15 respublikanı bir ittifaqda saxlamağı bacaran keçmiş SSRİ-nin Siyasi Bürosunun əksər tanınmış simalarının çoxu artıq dünyasını dəyişib. Lakin yaşlarının çoxluğuna baxmayaraq, hələ də sağ qalanlar var.

Bu gün, İttifaqın dağılmasından 24 il sonra SSRİ kimdəsə təəssüf, kimdəsə təəccüb, kimdəsə nifrət hissi yaşadır. Hər şeyə rəğmən, etiraf etmək lazımdır ki, İttifaq özü özlüyündə çox ağır bir yükün daşıyıcısı, qanlı müharibənin iştirakçısı olub.

Sovet Sosialist Respublikaları İttifaqı 1922-1991-ci illərdə, əsasən, indiki MDB dövlətləri ərazisində mövcud olub. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm - sol radikal sosialist ideologiyası olan dövlət olub. İttifaq Rusiya İmperiyası dağıldıqdan sonra yaranıb.

Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşüb - 22 402 min kv.km. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə qərar tutub. (1989, 1 yanvar - 293 mln).

İkinci dünya müharibəsindən qalib çıxan SSRİ tərkibinə Litva, Moldova, Estoniya və Latviyanı qatıb, sərhədlərini Avropaya tərəf genişləndirib. Həmçinin Almaniyanın bir hissəsi də (keçmiş Kenisberq əyaləti) ona nəsib olub. Bu nəhəng İttifaqı idarə edən də məhz Siyasi Büro idi.
Siyasi Büroçular

SSRİ Mərkəzi Komitəsi Siyasi Büronun üzvlərinin əksəriyyəti artıq əbədiyyətə qovuşub. Onların arasında tarixdə iz qoyanlar da olub, Büroda heç bir il işləyə bilməyənlər də. Lakin qocaman siyasətçilər arasında hələ də sağ qalanlar var.

1931-ci il anadan olmuş "Politbüro" üzvü, SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov 83 yaşının tamam olmasına baxmayaraq, hələ də aktuallığını itirməyən "dağıdıcı siyasətçi" olaraq qalır.
Nikolay Rıjkov cəmi 5 il ərzində Siyasi Büronun üzvü olsa da, o qədər də məşhurluq qazana bilməyənlərdən olub. Hazırda həyatının 85-ci ilini yaşayır.

Hazırda 94 yaşı olan Yegor Liqaçyov da cəmi 5 il ərzində Büro üzvü olub. 1983-1990-ci illərdə SSRİ Kommunist Partiyasının katibi vəzifəsində çalışıb.

Hazırda yaşı 80 ötən eks-büroçular arasında Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüş Nikolay Slyunkov da var. O, 85 yaşındadır.

Eynilə 85 yaşı tamam olmuş Vadim Medvedev 1988-1990-cı illər arasında Siyasi Büronun, 1984-cü ildən İttifaq dağılana qədər Azərbaycan Sovet Sosialist Respublikasının Ali Sovetinin deputatı olub.
1990-1991-ci illərdə Siyasi Büronun üzvü olmuş Mikolas Burokyaviçus vaxtilə Sovet İttifaqının, həmçinin Litvanın ictimai-siyasi xadimi olub. Hazırda 87 yaşı var.

Siyasi Büronun ən azyaşlı üzvlərindən biri də Qivi Qumbaridzedir. O, 1945-ci ildə Tbilisidə doğulub. 69 yaşlı siyasətçi 1990-1991-ci illərdə Büronun üzvü olub. 1989-1990-ci illərdə isə Gürcüstan SSR-nin Ali Sovetinin Sədri vəzifəsini icra edib.

80 yaşlı Aleksandr Dzasoxov 1990-1991-ci illərdə "Politbüro" üzvü olub. Hazırda UNESCO təşkilatının Rusiya üzrə komitəsinin sədr müavinidir.

1989-1991-ci illərdə Özbəkistan Kommunist partiyasının və Siyasi Büronun üzvü olan İslam Kərimov hazırda Özbəkistanın prezidentidir. O, hələ də ölkənin birinci və yeganə prezidenti olaraq qalır.
1940-cı ildə dünyaya gələn Pyotr Luçinskiy isə 1990-1991-ci ildə Siyasi Büronun üzvü, 1996-2001-ci illərdə isə Moldovanın ikinci prezidenti olub. Hazırda 74 yaşı var.

82 yaşlı Qaxar Mahkamov İttifaq və Tacikistan siyasətçisi, təxminən 1 il ərzində Siyasi Büro üzvü olub.
Hazırda həyatının 76-cı ilini yaşayan, Siyasi Büronun azərbaycanlı üzvü Ayaz Mütəllibov uzun müddət Rusiyada mühacirətdə yaşasa da, 2012-ci ildə Bakıya qayıdıb. Həmin il siyasəti tərk etdiyini bəyan edərək, təsisçisi olduğu Sosial-Demokrat partiyasını tərk edib.

1990-1991-ci illərdə Siyasi Büronun üzvü olmuş, hazırda 74 yaşlı Nursultan Nazarbayev isə siyasəti tərk etmək niyyətində deyil. Hazırda o, Qazaxıstanın ilk və yeganə prezidenti olaraq qalır.

Müxtəlif illərdə SSRİ Kommunist Partiyasının Siyasi Bürosunun üzvləri olmuş, lakin illər keçdikcə unudulan, bəlkə də, tarixdə ciddi iz qoymayan insanlar arasında estoniyalı Enn-Arno Sillari (70 yaş), İqtisadi Elmlər doktoru Yegoq Stroyev (77 yaş), Belarus siyasi və ictimai xadimi olan Anatoliy Malofeev (81 yaş) və digərləri var.

Siyasi Büronun ən qısaömürlü üzvü 6 ay ərzində Siyasi Büronun üzvü olmuş, hazırda isə Belarus Kommunist Partiyası Şurasının sədri, Müharibə və Əmək veteranları, silahlı qüvvələr və hüquq-mühafizə orqanlarının Respublika Şurasının üzvü olan Yefrem Sokolov artıq həyatının 86-cı ilini yaşayır.

Siyasi büronun ən məşhur üzvlərindən biri də üç gün öncə həyatının 86-cı ilində dünyadan köçən Gürcüstanın eks-prezidenti Eduard Şevarnadze idi.

Ülviyyə Axundova


Müəllif: