12 Oktyabr 13:23

İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi ABŞ Prezidenti Donald Trampın İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu qruplar siyahısına salması ehtimalından danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o bununla bağlı Londonda jurnalistlərin suallarını cavablandırıb.

Salehi bildirib ki, əgər Amerika SEPAH-ı terrorçu qrup kimi tanısa, İranın buna reaksiyasi sərt olacaq: “Əgər bu xüsusda deyilənlər gerçəkləşdirilsə, bunu Amerika hökumətinin İran millətinə qarşı düşmənçiliyinin nişanəsi hesab edəcəyik. Hər bir ölkənin ordusu və silahlı qüvvələri onun milli təhlükəsizliyinin qorunub saxlanılmasının zaminidir. SEPAH da ölkəmizin təhlükəsizliyini qoruyan bir qüvvədir.

Məhz buna görə də Amerikanın SEPAH-ı terrorçu qruplar siyahısına daxil etməsini, ölkəmizə qarşı müharibə elanı kimi qəbul edəcəyik”.

Qeyd edək ki, ABŞ prezidenti hər 90 gündən bir İranın nüvə sazişinə sadiq qalıb-qalmaması və onun bu razılaşmanın şərtlərinə əməl edib-etməməsi barədə ABŞ Konqresinə hesabat təqdim etməlidir. Bəzi Qərb ekspertlərinin bildirdiyinə görə, Trampın həmin hesabatda SEPAH-ı terrorçu qruplar siyahısına salması ehtimalı böyükdür.

ABŞ rəsmilərinin bildirdiyinə görə, Tramp Vaşinqtonun İranla bağlı yeni strategiyasını, ölkəsinin nüvə sazişi ilə bağlı mövqeyini və onun bu sazişdə qalıb-qalmayacağını oktyabrın 15-də açıqlayacaq.


Müəllif: Samir