24 Noyabr 2017 09:27
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə Rusiya və İrandan olan həmkarları ilə görüşünü Soçidə dəyərləndirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, liderlərlə Suriyanın ərazi bütövlüyü və siyasi birliyi barədə razılığa gəldiklərini deyib:

“Əsas məqsədimiz Suriya xalqının qəbul edəcəyi möhkəm və mötəbər siyasi bir həlldir”.

Ərdoğan Soçidə təşkil olunacaq Suriya toplantısına kimlərin qatılacağı ilə bağlı jurnalistlərin verdiyi sualı cavablandırıb:
“Afrin məsələsini də Putin və Ruhani ilə müzakirə etdik. Bu müzakirə çox vacib idi. İdlibdəki nəzarət məntəqələrinin Afrində də qurulması üçün dostlarımız çalışmalarını davam etdirəcəklər. Biz təkidlə yolumuza davam edəcəyik. Afrində həyat normala qayıdır. Bu şəhərin 50 faizi ərəblərdən, 30 faizi kürdlərdən, qalanı isə türkmən və digər xalqlardan ibarətdir. Əsas istəyimiz şəhəri əsil sahiblərinə qaytarmaqdır. Bu, İdlibə də aiddir. Qısası, Afrində də İdlib modelindən istifadə edəcəyik”.

Türkiyə prezidenti PYD/YPG qüvvələrinin Soçidə iştirak etməklə bağlı fikirlərinə də münasibət bildirib:
“Türkiyə PYD məsələsində qərarlı tək ölkədir. Bunu Soçidə də dedik. Cənab Putin Suriya Prezidenti Bəşər Əsədin də PYD-nin iştirakına qarşı olduğunu deyib. Əgər PYD masaya otursa, biz o danışıqların nəticəsini qəbul etməyəcəyik”.

Ərdoğan Ankara-Dəməşq münasibətlərində problem olmadığını deyib:

“Bizim problemimiz kürdlərlə deyil, terror təşkilatları ilədir. Siyasi danışıqlar üçün Ankaranın qapıları hər zaman açıqdır. Əsədin hakimiyyətdə qalması məsələsinə gəlincə, tərar edirəm ki, əsas məqsədimiz Suriya xalqının normal yaşayışını təmin etməkdir. Hələ ki, Əsəd rəhbərliyi ilə Ankara arasında danışıqlar getmir”.

Türk lider jurnalistin “Suriya böhranı nə zaman başa çatacaq” sualına belə cavab verib:

“Bunu demək mümkün deyil. Türkiyə, Rusiya və İran Suriya böhranını həll etmək üçün bir məsafə qət edib. Biz həll üçün üzərimizə düşəni etdik. ABŞ və onun rəhbərliyindəki koalisiya qüvvələri isə həll əvəzinə Suriyaya 4 min TIR silah və zirehli texnika gətirir. Bunlar PYD/YPG-nin pulla aldığı silahlar deyil. ABŞ silahlarla yanaşı, qruplaşmalara mütəxəssislər də verir. Sonuncu dəfə qəzetlərdən birində oxudum ki, ABŞ PYD/YPG-yə 120 ədəd zirehli avtomobil verib. Bunun səbəbini bilmirəm. ABŞ Prezidenti Donald Trampla telefon danlışığı aparıb, bunu müzakirə edəcəm. Bunun səbəbini özlərindən soruşacağam”.


Müəllif: Samir