19 Yanvar 2018 10:32
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatası dördüncü büdcə qanununu qəbul edib. Səsvermənin nəticələrinə görə, federal hökumət sosial xidmətləri fevralın 16-na qədər davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, 2018-ci ilin dördüncü keçici büdcəsi Nümayəndələr Palatasında 197-ə qarşı 230 səslə qəbul olunub. Demokratlar bütövlükdə büdcənin əleyhinə çıxıblar.

Respublikaçıların 11 nümayəndəsi də büdcə əleyhinə səs verib. Bununla belə, büdcə qəbul edilib.

Demokratlar büdcə qanununda ölkəyə uşaq yaşlarında gəlmiş köçkünlərin müdafiəsini təmin edən DACA proqramının davam etdirilməsi haqda təklifin rədd edilməsi səbəbindən qanunun əleyhinə çıxıblar.

Qeyd edək ki, 2018-ci ilin martında qüvvədən düşəcək DACA proqramının nəticəsində həyatının böyük hissəsini ABŞ-da yaşayan 800 min köçkünün ölkədən deportasiya edilməsinə yol açacaq.

Demokratların müqavimətinə baxmayaraq Nümayəndələr Palatasında qəbul olunan qanun Senatdan da keçməlidir.

İş ondadır ki, Senatda Respublikaçılar kifayət qədər üstün səsə malik deyillər. 100 nəfərlik Senatın 51 üzvü Respublikaçı, 47 üzvü Demokratların nümayəndəsidir. Əlavə olaraq 2 müstəqil senator da Senatda təmsil olunur. Büdcə qanunun Senatdan keçməsi üçün 60 səs gərəkdir. Beləliklə, Respublikaçılara əlavə 9 səs lazımdır.

Qanun layihəsi ən azı sabah axşama qədər Senatın səsverməsindən keçməlidir. Əks halda 320 milyona yaxın insana xidmət göstərən federal hökumət büdcə çatışmazlığı səbəbindən 13-cü dəfə müvəqqəti bağlana bilər.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, federal hökumətin büdcə böhranı səbəbindən bağlanmasında Demokratlar cavabdehlik daşıyacaq.


Müəllif: Cavad