16 Fevral 2018 09:00
5 798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəsmisi Səbahəddin Savaşmanın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) casusluq etməsi Türkiyəni şoka salan hadisə kimi hələ də yaddaşlarda xatırlanır.

Teleqraf.com xəbər verir ki, MKİ-nin türk kəşfiyyatındakı adamı 1977-ci ildə ifşa edilsə də, bu həqiqəti cəmiyyət Ergenekon məhkəməsi zamanı bilib. Məhkəməyə göndərilən qovluqda bu haqda bəhs edilib.

Ergenokon məhkəməsi, casus haqda həqiqətlər

Ergenokon məhkəməsi zamanı MİT-dən istənilən casusluq qovluğundan çarpıcı detallar ortaya çıxıb. MİT-in sirlərini ortaya çıxarmaq məqsədilə məhkəmənin Doğu Perincəklə bağlı istədiyi qovluğun məxfilik qrifi 2011-ci ildə aradan qaldırıldı. MİT-in arxivindən çıxan dosyedə MİT-in sabiq rəhbərinin müavini Səbahəddin Savaşmanı MKİ-nin necə öz casusuna çevirməsindən bəhs edilir.

MİT agenti üçün MKİ-nin hörümçək toru

Türk Silahlı Qüvvələrindən təqaüdə çıxdıqdan sonra MİT rəhbərinin müavini postuna gətirilən Savaşman toplantıda iştirak etmək məqsədilə Amerikaya göndərildi. Səfər çərçivəsində Savaşman hələ Türkiyədə ikən tanıdığı Amerikanın Ankaradakı diplomatik korpusunun hərbi attaşesi və MKİ agenti Vilyam Filipslə Vaşinqtondakı oteldə köhnə tanışlar kimi görüşərək qəhvə içmək qərarına gəldilər. Görüş zamanı Savaşman köhnə tanışına oğlunu Amerikada oxutmaq istədiyini deyərək ondan yardım istədi. Bundan istifadə edən Vilyam Savaşmana pul qarşılığında Mərkəzi Kəşfiyyat İdarəsinin casusu olmağı təklif etdi. Beləcə, MKİ özünün türk kəşfiyyatının mərkəzində yerləşən ən etibarlı casusunun fəaliyyətindən və məxfi informasiyalarından uzun illər boyu yararlanmağa başladı…

Casusun aylıq maaşı hər dəfə artırılırdı

Dosyedən aydın olur ki, Savaşmanın MKİ-yə ötürdüyü informasiyaların əhəmiyyətindən asılı olaraq ona verilən pulların həcmi daim artırılıb. Savaşman məxfi informasiya axınını sızdırmağa başladıqdan 3 ay sonra onun casus kimi əmək haqqı 3 mindən 5 minə qaldırıldı. 1977-ci ilin dekabr ayında Savaşman artıq 10 min dollar əməkhaqqı alırdı. Bunu sonradan aparılan istintaq müəyyən etdi.

Ən dəhşətlisi odur ki, Savaşmanın İngiltərənin xüsusi xidmətinə də məxfi informasiyalar ötürdüyü bəlli olub. Sonradan müəyyən edilib ki, Savaşman 1977-ci ildə İngilis Kəşfiyyat Xidmətinin əməkdaşı və Ankaradakı İngiltərə səfirliyinin brinci katibi olan diplomat Robin Seeliylə də MKİ ilə qurduğu münasibətlərə bənzər əlaqələr yarada bilib.

MİT MKİ casusunu nəzarətə almaq qərarı verir

Ancaq bu müddətdə Türkiyə kəşfiyyatı da yatmır və içəridə xain olduğunu düşünür, onu ifşa etməyin yollarını araşdırırdı. Görülən tədbirlər zamanı müəyyən edilir ki, Savaşman MİT-ə gəldikdən bu yana əsasən Qərb dövlətlərini maraqlandıran mövzulara xüsusi maraq göstərir, digər əhəmiyyətli mövzularla heç maraqlanmır. Bu türk kəşfiyyat analitiklərinin gəldiyi qənaət idi. Qərb ölkələri ilə bağlı informasiyalara həssas yanaşan və bu mövzuda cənfəşanlıq edən Savaşmanın davranışları artıq fərq edildiyi üçün onun nəzarətə götürülməsi haqda qərar verilir.

Casusun ifşası üçün görülən tədbirlər

MİT 17 və 29 noyabrda Savaşmanın Denton Tompsonun Çiftəevlərdəki evində onunla gecə qaranlıqda görüşməsini və izləməni azdırmaq cəhdlərini təsbit etdi. MİT-in öz agentini izləyən əməkdaşları nəhayət, noyabrın 29-da Savaşman ilə Tompsonun məxfi görüşünü fotoaparatla çəkə bildi. Artıq köstəbəyi ifşa etmək problem deyildi. Türk kəşfiyyatı öz içində olan xainin kimliyini müəyyən edə bilmişdi.

MKİ-yə ötürülən gizli kəşfiyyat məlumatları

MİT müəyyən edir ki, Savaşman bir sıra məxfi informasiyaları MKİ-yə ötürüb.

Ötürülən informasiyalar içərisində Sellers hesabatı da olub. Bu hesabata Türkiyə əleyhinə fəaliyyət göstərdiyi müəyyən edilən İngilis hərbi ataşesi, general Petrik Sellersin Çanaqqala səfəri zamanı fəaliyyəti və Yunanıstanın hərbi attaşesi ilə təmasları haqqında MİT-in əldə etdiyi informasiyalar daxildir.

Təxribat fəaliyyəti: Milli Təhlükəsizlik Şurası üçün MİT-in əks kəşfiyyat xidmətinin Türkiyədəki əcnəbi kəşfiyyat xidmətlərinin fəaliyyəti, təxribatçı hərəkətləri və təsir agentləri haqqında hesabat.

Kipr hesabatı: Kiprdəki Türk Silahlı Qüvvələrinin real vəziyyəti haqqında MİT-də olan informasiyalar.

Agent 613: MİT əməkdaşı 613/1-in (MİT agentinin kod nömrəsi) “Tam məxfi” gizlilik dərəcəli dosyesi. (Bu informasiya Savaşmanın evindən çıxıb).

SSRİ ilə əlaqələr: MİT-in “Məxfi” gizlilik dərəcəli Türkiyə-SSRİ iqtisadi əlaqlərinə aid informasiyalar.

Kiprdə yerləşdirmə: Səbahəddin Savaşmanın “məxfi” gizlilik dərəcəli MİT-ə aid olan bir sənədi əldə edilərək əl yazısı ilə üzünü çıxardığı və Kiprdə türklərin yerləşdirilməsi haqda bilgi.

Suriya dosyesi: Çox məxfi Suriya dosyesi (General Mustafa Tlassın Moskva səfəri haqqında) özünün əl yazısı ilə hazırladığı informasiya.

Savaşman izləmə nəticəsində gizli informasiyaları MKİ-nin agentinə təqdim edərkən həbs edilir. Həbs edildikdən sonra MİT-ə verdiyi ifadəsində cinayətini dərhal etiraf edir. İfadəsində qeyd edir ki, oğlunu oxutmaq üçün məxfi xidmətin əməkdaşları olduğunu bilən şəxslərlə münasibətlər qurub. Bundan sonra həmin qurumlara casus kimi xidmət göstərib, məxfi informasiya axınını təmin edib: “Təqaüddə rahat yaşamaq naminə pul hərisliyinə qapandım və xəyanətə sürükləndim”.

Məhkəmə prosesi zamanı Savaşman əməliyyatın Məhmət Eymur və Hiram Abbasın da içində olduğu qrupu aradan götürmək məqsədilə həyata keçirdiyini bildirdi və ittihamı rədd edərək, MİT və MKİ-nin qardaş təşkilatlar olduğunu, bu səbədən görülən işlərlə bağlı informasiya paylaşdığını söylədi.

Casusun cəzası və ölümü

Qeyd edək ki, Savaşman əlində çanta ilə daxil olduğu mənzildə saxlanılıb. Çantasında məxfi informasiyaların olduğu müəyyən edilib. Araşdırma zamanı ortaya çıxıb ki, onun getdiyi mənzil Denthon Tompson ilə MKİ agenti Lileinarac Onsagerə məxsusdur. Savaşmanın bu mənzildə verdiyi informasiyalar MKİ nümayəndəsi Vilyam Filipsə çatdırılır. Savaşmanı cinayət başında yaxalamaq məqsədilə evə basqın edən MİT qrupunda MİT-in Ankara bölgə rəhbəri Süleyman Yenilməz və illər sonra MİT-də strateji postlara gətirilən Məhmət Eymur və Hiram Abbas da yer alıb.

Göstəbək Savaşman əməliyyat zamanı həbs olundu. Daha sonra məhkəmə onu casusluq fəaliyyəti həyata keçirməkdə ittiham edərək 10 il həbs cəzası verdi. 1987-ci ildə həbsdən çıxan MKİ-nin ifşa olunan casusu 1994-cü ildə vəfat etdi.


Müəllif: Cavad