26 Aprel 2014 22:28
355

Türkiyənin İqdır vilayətinin Qaraqoyunlu bölgəsinin Bulakbaşı kəndində çöldə heyvan otaran iki çoban PKK silahlılarının təhdidi ilə üz-üzə qalıb.

ANS PRESS-in məlumatına görə, PKK-çılar dinc kəndliləri təhdid edərək deyiblər: "Bizim söylədiyimiz partiyaya niyə səs vermədiniz?".

Türkiyə ordusunun Baş Qərargahından verilən məlumata görə, aprelin 23-də çobanların üzərinə Kalaşnikov avtomatı çəkən PKK-çılar deyib: "Biz sizin üçün can qoyuruq. Sizi qırarıq, çıxın Ağrı dağından gedin".

PKK-çılar həmin kəndə iki il qabaq da hücum etmişdilər. 17 oktyabr 2012-ci il tarixdə Bulakbaşı kəndinə gələn silahlı iki terrorçu ibtidai təhsil məktəbində işləyən 19 müəllimdən 6-sını qaçırmışdı, 1 saat sonra sərbəst buraxmışdı. Müəllimləri dağa çıxarmaq istəyən terrorçulara kəndlilər mane olmuşdu.

Bu günlərdə PKK Türkiyənin Van vilayətinin Saray bölgəsinin Örenburç kəndində bir bələdiyyə üzvünün evinə də üç PKK üzvü basqın edib. Ondan həm üzvü olduğu siyasi partiyadan, həm də bələdiyyə üzvlüyündən istefa etməsi tələb edilib. Həm də ona bunun son xəbərdarlıqları olduğunu, əks halda dağa aparıb orada mühakimə edəcəklərini və ölümlə cəzalandıracaqlarını bildiriblər.

Hər iki hadisə ilə bağlı prokurorluqda cinayət işi qaldırılıb.


Müəllif: