22 May 2018 13:33
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Vaşinqtonda baş tutan görüşdə Rusiya-Gürcüstan münasibətləri müzakirə edilib.

Dövlət katibi Rusiyanı Gürcüstan ərazilərini işğaldan azad etməyə çağırıb. O hesab edir ki, rəsmi Moskva bununla bağlı 2008-ci ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir:

“ABŞ Rusiyanı öz ordusunu işğal etdiyi ərazilərdən geri çəkməyə çağırır və bu işğalı qətiyyətlə pisləyir. Bu il Rusiyada Gürcüstan ərazilərinin işğal edilməsinin 10 illiyi qeyd olunur. Bu, xoşagələn hadisə deyil.

Biz Rusiyanın işğal etdiyi əraziləri – Abxaziya və Cənubi Osetiyanı Gürcüstan əraziləri kimi qəbul edirik. Hesab edirik ki, bölgənin təhlükəsizliyi naminə Rusiya öz qoşunlarını bu ərazilərdən çıxarmalıdır”.

Mayk Pompeo beynəlxalq çağırışlara baxmayaraq, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyi pozacaq işğalçılıq siyasətini davam etdirdiyinə diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu