8 May 2014 10:50
604

Rusiya prezidenti Vladimir Putin Ukraynada mayın 25-nə planlaşdırılan prezident seçkilərini "düzgün istiqamətdə atılan addım" adlandırıb.

Teleqraf.com-un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, o, ATƏT-də sədrlik edən İsveçrə prezidenti Didyer Burxalter ilə görüşdən sonra keçirilən mətbuat konfransında Kiyev rəsmilərinin planlaşdırdığı prezident seçkilərini müsbət qiymətləndirib.

"Lakin Ukrayna bütün vətəndaşlarının hüquqlarını təmin etməsə, bu seçkilər heç nəyi həll etməyəcək", - deyə, Putin qeyd edib.

Rusiya prezidenti jurnalistlərə həmçinin Ukraynanın şərqində rusiyameyilli qüvvələri mayın 11-ə təyin olunmuş müstəqillik referendumunu təxirə salmağa çağırıb.

Putin hesab edir ki, indi əsas məsələ Kiyev rəsmilərinin Ukraynanın cənub-şərq bölgələri nümayəndələri ilə birbaşa dialoq qurmasıdır.

“Dialoqun gedişində Ukraynanın cənub-şərq bölgələrinin sakinləri bilməlidir ki, onların hüquqları təmin olunacaq. Bununla bağlı, dialoq üçün müvafiq şəraitin yaradılması məqsədilə, Ukraynanın cənub-şərq bölgəsində, federallaşma tərəfdarlarından mayın 11-ə təyin olunmuş referendumun təxirə salınmasını xahiş edirik", - deyə, Rusiya prezidenti rusiyameyilli qüvvələrə müraciət edib.

Separatçılardan ibarət xalq şurasının elan etdiyi Donetsk xalq respublikasının rəhbərliyi bu gün Putinin təklifini müzakirə edəcək.

"Putinin mövqeyinə hörmət edirik. O, balanslı siyasətçidir. Məhz buna görə biz onun təklifini xalq şurasına təqdim edəcəyik", - deyə, respublikanın rəyasət heyətinin həmsədri Denis Puşilin bildirib.

Amma tanınmamış respublikanın hökumətinin üzvü Aleksandr Vaskovskiy bəyan edib ki, referendum planlaşdırıldığı kimi mayın 11-də keçiriləcək.

"Putinin bəyanatını görməmişəm, amma hesab edirəm ki, referendum planlaşdırıldığı kimi vaxtında keçirilməlidir. Mənim münasibətim birmənalıdır", - deyə, Vaskovskiy bildirib.

Ülviyyə


Müəllif: