7 Aprel 2014 18:31
565

Ukraynanın şərqində, bir çox şəhərlərdə etnik ruslar yenidən fəallaşaraq kütləvi nümayişlər keçiriblər. Ən şiddətli etiraz aksiyaları Xarkov, Donetsk, Luqansk şəhərlərində keçirilib. Bu şəhərlərdə nümayişçilər yerli inzibati binaları ələ keçirərək orada olan Ukrayna bayraqlarını çıxardaraq onun əvəzinə Rusiya bayraqları asıblar. Nümayişçilər ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmalar baş verib.

Gərgin vəziyyətin hökm sürüdüyü Ukraynanın Donetsk şəhərində Rusiya yönümlü etirazçılar hökumət binasını ələ keçiriblər. Nümayişçilər tərəfindən bazar ertəsi təsis edilən Donetsk vilayətinin Xalq Şurası Donetsk Respublikasının yaradıldığını elan edib. Şura həmçinin, 11 maydan gec olmayaraq bu məsələ ilə bağlı referendumun keçirilməsindən sonra Rusiya Federasiyasının tərkibinə daxil olmaq barədə qərarını da açıqlayıb.

“Donetsk Xalq Respublikası Donetsk vilayətinin administrativ sərhədləri çərçivəsində yaradılır. Bu barədə qərar referendumun keçirilməsindən sonra qüvvəyə minir”. –deyə, bəyanatda bildirilir. Daha sonra nümayişçilər binanın qarşısında Sovet İttifaqının himninin sədaları altında “Donetsk Respublikası” ictimai təşkilatının bayrağını qaldırıblar.

Ukraynanın Xarkov şəhərində də hüquq-mühafizə orqanları əməkdaşları və etirazçılar arasında toqquşmalar baş verib. Burada Ukraynanın federallaşdırılmasının tərəfdarları və hazırki hökumətin əlehdarları Xarkov vilayətinin administrasiya binasını ələ keçirməyə cəhd ediblər. Xarkovda federallaşma tərəfdarları ilə “Avromeydan” mitinqinin iştirakçıları arasında da toqquşma baş verib. Ukraynanın “UNİAN” agentliyi xəbər verir ki, nəticədə “Avromeydan” mitinqi dağıdılıb.

Luqansk şəhərində vəziyyət gərgin olaraq qalır. Burada etirazçılar Ukrayna Təhlükəsizlik İdarəsinin binasını ələ keçiriblər. Onlar “xalq qubernatoru” Aleksandr Xaritinovda daxil olmaqla bütün aktivistlərin azad olunmasını tələb edirlər. Ukrayna DİN-in yaydığı məlumatda bildirilir ki, nümayişçilər tərəfindən binanın ələ keçirilməsi nəticəsində doqquz nəfər xəsarət alıb.

Prezident səfərini təxirə saldı

Ukrayna Ali Radasının spikeri, ölkə prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Ukraynanın şərq regionlarındakı hadisələrlə bağlı olaraq Litvaya planlaşdırılan rəsmi səfərini təxirə salaraq ölkənin güc strukturlarının rəhbərləri ilə təcili görüş keçirib. O, görüş zamanı anti-böhran qərargahın yaradıldığını bildirib: “Bu gün axşam anti-böhran qərargahı yaradılıb. Əllərinə silah götürənlərə qarşı isə anti-terror tədbirləri görüləcək. Bizim ölkənin şərq sərhədlərinin müdafiəsi gücləndirilib”.

O, bildirib ki, güc strukturlarının fəaliyyətinin koordinasiyası üçün hökumət Xarkova daxili işlər naziri Arsen Avakovu, Donetskə Baş nazirin birinci müavini Vitaliy Yaremu, Luqanska isə, Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri Valentin Nalivayçenkonu göndərib.

Rusiyanın planı reallaşdırılır

Ukraynanın Baş naziri səlahiyyətlərini icra edən Arseniy Yetsenyuk hökumətin iclasının açılışında bildirib ki, Ukraynanın şərq regionlarında ölkəyə rus hərbçilərinin daxil olması üçün plan reallaşdırılır: “Mən ilk növbədə Ukraynanın şərq regionlarında yaşayan bütün insanlara müraciət etmək istəyirəm. Hamıya aydındır ki, hazırda Ukrayna, Donetsk, Luqansk, və Xarkov əleyhinə olan planın reallaşdırılır. Bu plan ölkə ərazisinin işğalına hesablanılıb”.

Yetsenyuk Rusiya hərbçilərinin Ukrayna sərhədindən geri çəkilməsi barədə də yayılan məlumatları təkzib edib: “Faktiki olaraq, heç kim hərbçiləri geri çəkməyib”. Baş nazir qeyd edib ki, hərbçilər Ukrayna sərhəddindən 30 kilometr aralıda yerləşdirilib.

Avropa İttifaqı narahatdır

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi Mayya Kosyançiç bildirib ki, Avropa İttifaqı Ukraynanın rus-dilli üstünlük təşkil etdiyi regionlarında baş verənlərə görə narahatdır: “Biz Ukraynada baş verənləri diqqət və narahatlıqla izləyirik”. Eyni zamanda Kosyançiç vurğulayıb ki, Ukraynada bütün siyasi tələblər qeyri-zorakı metodlarla və demokratik standart və qanunlara uyğun olmalıdır.


Müəllif: Teleqraf.com