1 Aprel 2016 16:00
453

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyaya məxsus Su-24 təyyarəsini vurduğu güman edilən Alparslan Çelikin həbsindən danışıb.

Teleqraf.com “Ria Novosti”yə istinadən xəbər verir ki, Alparslan Çelikə qarşı irəli sürülən ittiham aktı barədə məlumat almaq istədiklərini söyləyib.

Dmitri Peskovun sözlərinə görə, Türkiyədə rusiyalı pilotun öldürülməsində təqsirli bilinən şəxsin saxlanılmasından sonra ona qarşı hansı cinayət işinin başlanacağı hələlik məlum deyil:

“Onun nəyə görə saxlanıldığı, hansı ittiham üzrə günahlandırıldığını, əməlinin prokurorluq tərəfindən necə tövsif olunduğunu bilmirik, bu haqda informasiya almaq istəyirik.

İttiham irəli sürmək məhkəmənin işidir. Söhbət ondan gedir ki, bu insan baş verən hadisəni etiraf edib, bu haqda əlavə şərh verməyim düzgün olmazdı”.

Dmitri Peskov rusiyalı pilotun qətlində günahkar olanların cəzasını çəkəcəyinə əmin olduğunu vurğulayıb.

Kremlin nümayəndəsi onu da deyib ki, Türkiyə tərəfi hələ də Rusiyaya məxsus təyyarənin vurulmasına görə üzr istəməyib: “Günahın etirafına dair bir işarə belə yoxdur”.

Qeyd edək ki, Türkiyə hava sahəsini pozduğu səbəbindən vurulan Rusiya qırıcısının pilotunu öldürdüyü iddia edilən Alparslan Çelik dünən bir qrup dostu ilə İzmirdə həbs edilib.

Nərgiz


Müəllif: