19 May 2016 16:49
266

Güney Azərbaycanın Təbriz və Türkiyənin Qars şəhərinin qardaşlaşması haqqında protokol imzalana bilər.

Teleqraf.com Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinə istinadən xəbər verir ki, bu barədə Təbrizdə adı çəkilən şəhərlərin bələdiyyə başqanları arasında rəsmi söhbət olub.

Təbriz Bələdiyyə İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi Təbrizdə baş tutan görüşlə bağlı açıqlama yayıb. Təbriz və Qars şəhərlərinin qardaşlaşması üçün şəraitin hazır olduğunu qeyd edən Təbrizin bələdiyyə başqanı Sadiq Nəcəfi, iki şəhər arasında əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib.

“Təbriz Bələdiyyə İdarəsi Qars şəhəri ilə mədəni, ictimai və siyasi sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Biz qarşılıqlı mədəniyyət həftələri keçirməklə iki şəhər arasında əlaqələri gücləndirə bilərik”, – deyə S.Nəcəfi qeyd edib.

Qars şəhərinin bələdiyyə başqanı Mürtəza Karaçanta isə qarşılıqlı əlaqələrin gücləndirilməsinə tərəfdar olduğunu bildirərək Təbrizin bələdiyyə başqanı və onun başçılıq etdiyi nümayəndə heyətini Qarsda qəbul etmək istədiyini bildirib.

Təbrizin olduqca gözəl şəhər olduğunu bildirən M.Karaçanta səmimi qarşılamaya görə Təbriz Bələdiyyə İdarəsinə təşəkkür edib.

Qeyd edək ki, Qars vilayətinin mərkəzi olan Qars şəhəri Türkiyənin şimal-şərq bölgəsində yerləşir, şəhər əhalisinin əksəriyyəti Azərbaycan türkləridir.

Səxavət


Müəllif: