3 Oktyabr 2017 09:14
2 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com şair-qiraətçi Xəzər Süleymanlı ilə müsahibəni təqdim edir.

- Xəzər “necəsən?” sualına hər zaman “Yaxşıyam” deyə cavab verirsən?

- Yaxşıyamsa, mütləq.

- Səmimiyyət ya ciddiyət?

- Səmimiyyət elə ən böyük ciddiyyətdir.

- Şair ya qiraətçi?

- Şair və qirayətçi.

- Tez-tez seçim etmək məcburiyyətində olursan?

- Məcburiyyət olmadığına görə xeyr.

- Deyirlər, dizaynersən və sənətinlə qiraətin vəhdət təşkil edir. Fərqindəsən?

- Bütün sənətlər arasında bir vəhdət var. Məsələn, mən artıq şeirlərin, musiqilərin və səsimin rəngini bilirəm.

- Xəzər, aşiq olmaq necə olur?

- Bu sualın ən gözəl cavabını Şəms Təbrizi söyləmiş: Sənin baxdığına hər kəs baxar, amma sənin onda görə bildiyini hər kəs görə bilməz. Hər kəs aşiq ola bilər, amma heç kəs sənin kimi sevə bilməz.

- Sənin ifanda qəribə bir hiss var. Adam səni dinləyəndə hiss edir ki, sən şeiri oxumursan, onunla söhbət edirsən.

- Mən şeirlərə öz müəlliflərinə yanaşdığım kimi yanaşıram. Onların ağrılarını, duyğularını bütün səmimiyyətimlə dərk edirəm. Qeyri-səmimi şeirləri qətiyyən səsləndirə bilmərəm. Şeir həqiqətləri əks etdirməsə, pafosdu.

- Yunanca xöşbəxtlik sözündə (eudaimonia) şeytan sözü gizlənibmiş (daimon). Bəs Xəzərcə xoşbəxtlik nədi?

- Xoşbəxtlik şeytana qalib gəlmək. Şeytan şər qüvvələrin simvoludur. İçindəki pislikləri yenməyi bacarmayan adam xoşbəxt ola bilməz.

- Hər satqın kişinin arxasında bir tələbkar qadın dayanır – razısan?

- Mən də deyirəm bu kişi satqınlığı hardan qaynaqlanır… Razı deyiləm. Ona görə ki, kişi-qadın münasibətlərində hər iki tərəf haqlıdır.

- Xalqın və ədəbiyyatın günü göz qabağındadı. Bəs qiraətin?

- Xalqın yanında ədəbiyyat da, qiraət də öz qüvvəsini itirir. Xalq yaxşı olsun, hamısı yaxşı olacaq.

- Dinləyib öyrənə biləcəyin qiraətçilərimiz var?

- Sırf qiraətçi deməzdim. Sevdiyim aktyorlar var. Vaxt olduqca filmlərini izləyirəm. Həsən Məmmədov, Həsənağa Turabov, Şahmar Ələkbərov, Fəxrəddin Manafov və s.

- Bu işin məktəbini yaratmaq haqda düşünməmisən?

- Bu işin məktəbi deyəndə ki Mədəniyyət və incəsənət universitetində tədris olunur. Amma şəxsən mənə qalanda, bu qədər iddialı danışmaq üçün hələ tezdir. Sadəcə, hiss edirəm ki, son zamanlar şeir səsləndirənlər və onların arasında özünü mənə bənzətmək istəyənlər çoxalır. Bu, çox xoşdur.

- Bayaq qeyd etdim, sən ifa etdiyin şeirlərlə söhbət edə bilirsən. Sən onlara nəfəs verib yaşadırsan, bəs onlar sənə nə danışır söhbət əsasında?

- Təşəkkür edirlər…

- Səncə, şairlər yazdıqları qədərdirlər, ya yazdıqları qədər olmaq arzusundadılar?

- Bunun da cavabını Füzuli deyib: “Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”.

- Niyə biz əziyyətimizi pul qarşılığında satmırıq? Dünyada bu, çox normal bir haldır. Məsələn, sən səsinlə çox insana mənəvi rahatlıq verə bilirsən. Təlabat var, bəyənilirsən. Amma bu işdən bildiyim qədəriylə pul qazanmırsan. Niyə?

- Doğrudur, bütün əziyyətlər mütləq dəyərləndirilməlidir. Hələ ki, ciddi işlərə imza atmamışam. Arzuladığım layihələri həyata kəçirdikcə ümid edirəm ki, qarşılığında müəyyən gəlir də eldə edəcəm.

- Ortaq bir dostumuz hər zaman deyir ki, fədakar insanlara nifrət edirəm.

- Mən də nifrət etməyi bacaran insanlara nifrət edirəm.

- Xəzər, bildiyim qədərilə xəzəri sevmirsən. Səbəb var?

- Bu haqda bir yazım olub. Xəzər dənizi bəzən çox qəddar olur. Mən onun yerində olsaydım, belə eləməzdim.

- “Bəyin oğurlanması”nda deyir e, ikinci dəfə dünyaya gəlsəydin, yenə bu sənəti seçərdin?

- Həmişə arzulayırdım ki, bu sualı mənə də verələr. Kaş, ikinci dəfə bu sənətə gəlib, bu dünyanı seçməzdim...

- Sondan əvvələ boylanmaq necə hissdi?

- Sona çatanda fürsətim olarsa, deyərəm.

- Oldu. Sağol.

- Belə qəfil sağollaşmalar payızın əlamətidir…


Müəllif: Çinarə Ömray