29 Noyabr 2017 09:09
8 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onun doğum tarixi uzun müddət mübahisəli olub. Özünün xatirələri əsas götürülərək 1869-cu il təvəllüd tarixi kimi qəbul edilib. Sonralar doğum şəhadətnaməsini professor, ailənin yaxın dostu Əziz Şərif tapıb və məlum olub ki, yazıçı-dramaturq, Şərqdə ilk satirik jurnal – “Molla Nəsrəddin”in yaradıcısı Cəlil Məmmədquluzadə 1866-cı ildə dünyaya göz açıb.

Pinti adamları sevməz, soyuq suda çimərdi

“Əl verməmək və uzun danışıqlarla işdən ayırmamaq xahiş olunur”. Bu sözlər Mirzə Cəlil redaksiyanın girəcəyində divara yazıb vurmuşdu. Yazıçı redaksiyaya gəlib çox zaman lüzumsuz söhbətlərlə onun vaxtını alanlardan bezmişdi. Bundan başqa, tanımadığı adamlarla əl tutub görüşdükdən sonra mütləq gedib əllərini yuyurdu.

Tək işləməyi sevərdi, ən xırda səs belə onun fikrini dağıdıb, işini yarımçıq qoya bilərdi.

Adətən, gecə saat 4-ə kimi işləyər, səhərlər yuxudan gec qalxardı. Gecələr pis yatanda səhərlər əsəbi, yaxşı yatdıqda isə gülərüz, zarafatcıl olardı.

Həkimlər Miller və Kneupinin su ilə müalicə üsulunu yüksək qiymətləndirir, həmişə soyuq suda çimirdi, hətta qışda da otağın pəncələrini açıq qoymaq kimi adəti vardı.

Qənaətcil idi, hər qəpiyinin qədrini bilirdi. Eyni zamanda, çox xeyirxah, axırıncı tikəsini başqasına verməyə hazır adamıdı. Həmişə fikirli olurdu. Çox kəskin eşitmə və iybilmə qabiliyyəti vardı. Pinti adamları iylə tanıya, qonşu otaqdakı pıçıltını belə eşidə bilirdi. Hər adama asanlıqla inanmaz, çox tez də inciyərdi.

Həm ev, həm redaksiya

Bakıda S.Tağızadə küçəsi-56 ünvanında yerləşən binanın üçüncü mərtəbəsindəki 26 nömrəli mənzil 1922-ci ildən onun həm evi, həm də “Molla Nəsrəddin”in redaksiyası olub. 1978-ci ildən bu günə kimi Cəlil Məmmədquluzadənin ev muzeyi kimi fəaliyyət göstərir bu məkan xeyli vaxtdır qapılarını ziyarətçilərin üzünə aça bilmir.

Muzeyin baş fond mühafizəçisi Zemfira Aslanova bizə fondda saxlanılan materialları göstərdi. Bunlar min bir əziyyətlə toplanmış “Molla Nəsrəddin”, “Füyuzat”, həmçinin o dövrdə Bakıda nəşr olunan jurnalların nüsxələri, tədqiqatçı Qulam Məmmədlinin “Molla Nəsrəddin” haqda kitabının əlyazması, Cəlil Məmmədquluzadəyə həsr olunan rəsm əsərləri və bəzi şəxsi əşyalardır.

Zemfira xanım Mirzə Cəlilin namazlığını bizə təqdim edəndə muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Pərixanım Mahmudova “Bunu xüsusi vurğulamanızı istəyirəm ki, Cəlil Məmmədquluzadə heç vaxt dini tənqid etməyib. O, yalnız dini fanatizmə qarşı çıxıb, özü isə namaz qılıb. Baxın, bu da sübutu. Bu namazlığını bizə Ədəbiyyat Muzeyindən veriblər”.

“Əl-qolunu bağlamaq üçün Təbrizdən çağırdılar”

Direktor muzeyin yaradılması zamanı qarşılaşdıqları problemlərdən söhbət açdı: “Ev muzeylərinin yaradılmasında memorial əşyaların olması əsas şərtdir. Cəlil Məmmədquluzadənin ev muzeyinin yaradılması haqda sərəncam veriləndə ilk çətinliyimiz burada yaşayan insanların mənzillə təmin olunması idi. Şübhəsiz, bu da vaxt tələb edən prosesdir.

Məlum oldu ki, Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı Həmidə xanım ədibin vəfatından sonra bütün materialları dövlət arxivlərinə, Əlyazmalar İnstitutuna verib.

Digər muzeylərdən fərqimiz materialları sıfırdan toplanmağımızıdır. Hazırda muzeydə beş mindən çox eksponat var. Onun əsas hissəsini “Molla Nəsrəddin” jurnalı təşkil edir. Jurnalın çox hissəsini əldə edə bilmişik. Bunu əhalidən qapı-qapı döyərək, mətbuatdan müraciətlər edərək, arxivləri, fondları araşdıraraq həyata keçirmişik.

“Molla Nəsrəddin” jurnalı 1906-cı ildə Tiflisdə çap olundu və oradan yayıldı. Mirzə Cəlilin qardaşı Mirzə Ələkbər o dövrlər Cənubi Azərbaycanda alovlanan milli-azadlıq hərəkatının rəhbərlərindən biri, Səttarxanın yaxın silahdaşı idi. 1918-ci ildən sonra Təbrizdə inqilabi çıxışlar daha fəal olduğu üçün Ələkbər Cəlilə ora getməyi tövsiyə edir. Mirzə Cəlil Təbrizə də Azərbaycan xalqına kömək etmək üçün getdi və inqilabda öz qələmi ilə iştirak etmək istədi.

Orada jurnalın cəmi səkkiz nömrəsi çıxdı. Bolşeviklərin hakimiyyətə gəlişindən sonra Əliheydər Qarayevin imzası ilə Bakıdan Mirzə Cəlilə məktub göndərilir. Quruculuq işlərində iştirak etmək üçün onu Bakıya dəvət edirlər. Mənə elə gəlir ki, onun Bakıya gətirilməsi əl-ayağının bağlanmasına xidmət edirdi. Mirzə Cəlil gəldi, amma az keçməmiş təqib və tənqidlərə məruz qaldı. Sovet dövründə “Molla Nəsrəddin”in “Allahsız” adı ilə çıxması təklif olundu, Mirzə Cəlil bundan rəsmi şəkildə imtina etdi. Həyatı boyu mübarizədə olan bir adam ömrünün sonunda çox sarsıntılar keçirdi”.

Bu yaxınlara qədər “Molla Nəsrəddin” jurnalının sonuncu sayı 1931-ci ildə çıxan nömrəsi hesab olunurdu. Direktor deyir ki, fonddakı növbəti araşdırmalar zamanı jurnalın 31-ci ildə çıxan daha bir nömrəsi tapılıb.

Ədəbiyyat Muzeyindən verilən bir başqa əşya isə Mirzə Cəlilin paltar şkafıdır: “Muzeyin keçmiş direktoru Nərgiz xanım bir gün zəng edib onlarda Cəlil Məmmədquluzadəyə aid paltar şkafının olduğunu dedi. Maşın tutub, şkafı gətirdik. Qoz ağacından hazırlanmış həmin şkaf muzeyimizin çox qiymətli əşyalarındandır. Hazırda bərpadadır.

Yeni ekspozisiya ərəfəsində olduğumuz üçün materialların bir qismi nazirliyin tərkibində fəaliyyət göstərən elmi-bərpa mərkəzi tərəfindən yenidən bərpa olunur.

Bəzi eksponatların arxasınca Tiflisə, Moskvaya da getdiyimiz oldu. Amma düzünü deyim ki, oralarda bizə elə də material vermədilər. Bir dəfə dövlət arxivindən belə bir məlumat aldıq ki, Moskvada Dövlət Universitetinin mərhum professoru Əziz Şərifə vaxtilə Həmidə xanım ailənin bəzi əşyalarını verilib. Əziz Şərif ailənin çox yaxın adamlarından biri olub. Ailəyə böyük köməyi dəydiyini nəzərə alaraq Həmidə xanım Əzizə kreslo, yazı masası və sair əşyalar bağışlayıb.

Əziz Şərifin oğlu Vaqif müəllimlə danışdıq, razılaşdıq. Getdik Moskvaya, amma onun erməni xanımından olan qızı bizə o əşyaları verməkdən imtina etdi.

Mirzə Cəlil Tiflisdə jurnal buraxmaqla yanaşı həm də məktəb yaratmışdı. Azərbaycanlı uşaqlara orada dərs deyirdi. “Qeyrət” mətbəəsini öz vəsaiti hesabına Ömər Faiq Nemanzadə ilə birlikdə almışdılar. Millət, xalq üçün nə etmək lazımdırsa, onu edirdi.

Təəssüf edirəm ki, indiki gənclərimiz Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin”çilər haqda çox az məlumatlıdırlar”.

Qadın rollarını özü oynayırdı

Muzeyin böyük elmi işçisi Yeganə Məmmədova Mirzə Cəlil haqda çox az bilinən məlumatları bizimlə bölüşdü: “Mirzə Cəlil xalq, millət, vətən, üçün yaşayıb. Gələcək nəsilləri cəhalətdən, nadanlıqdan, savadsızlıqdan uzaqlaşdırmaq istəyib. Bunun üçün hər şey edib.

Gəlin, onun müəllimlik fəaliyyətinə nəzər yetirək. O, Uluxanlı kənd məktəbinə təyinat alır, sonra gedib Nehrəm kəndində müəllim işləyir. Təkcə müəllimlik eləmir, eyni zamanda camaatın təsərrüfatı ilə maraqlanır. Çox bilikli, savadlı olduğu üçün təsərrüfatla bağlı kitablar oxuyub, əhaliyə tövsiyələr verir, daha çox məhsul əldə etməyin yollarını başa salır.

İlk qız sinfini Mirzə Cəlil 1894-cü ildə Nehrəm kimi kənddə açır. Öz bacısı Səkinə xanımla bərabər doqquz qızı o sinfə cəlb edir.

Mirzə Cəlil Naxçıvanda işləyəndə ziyalılarla birlikdə teatr tamaşaları hazırlayarmış. Qadın rollarını xanımlar oynamadıqlarına görə onları Mirzə Cəlil ifa edərmiş. Tamaşalardan əldə etdiyi vəsaiti məktəbə, təhsilə sərf edirdi.

Mirzə Cəlil dost-tanışlarının övladlarına təhsil verib. Hətta bu sırada Mirzə Cəlilin ikinci həyat yoldaşı Nazlının daha öncəki evliliyindən olan Heydər adında oğlu, Həmidə xanımın ilk nikahından olan Mina, Müzəffər, eləcə də doğma övladları Münəvvər, Midhət, Ənvər...

Mirzə Cəlil milli dəyərlərə çox qiymət verən insan olub. Bir gün Həmidə xanımla Qarabağın bir kəndinə gedib, saz havasına qulaq asmaq istəyib. O vaxt “Molla Nəsrəddin”dən dolayı Cəlilə molla deyə xitab edərmişlər. Bütün kəndə səs yayılır ki, molla gəlib, tənqid edəcək. Hamı gizlənir. Bir nəfər də olsun qarşıya çıxıb Mirzə Cəlil üçün sazda ifa etmir”.

Üzeyir Hacıbəyli Həmidə xanımla bağlı nələr yazıb?

Mirzə Ələkbər Sabir xəstə olanda Mirzə Cəlil və Həmidə xanım ona çox dayaq olub.

Sonralar Üzeyir Hacıbəyli mətbuatdakı yazısında bu faktı xüsusilə vurğulayıb: “Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da bir nəfər arvad oldu ki, şairin mayeyi-səhhəti üçün, milyonçu kişilərə rəğmən öz varından keçəcək qədər böyük bir əhəmiyyət göstərdi”.

Yeganə xanım Mirzə Cəlilin böyük ümidlərlə Bakıya gəlib, burada uğursuzluğa uğramasını ürək ağrısı ilə danışır: “O bolşevik hökumətini görüb təəssüf keçirdi. Böyük ideya ilə bura gəlmişdi, amma gördüyü mənzərə onu peşman etdi.

Təbrizdə yaşadığı dövrdə Cəlilə çox böyük hörmət göstərilib, hətta düşmənləri belə onu ehtiramla qarşılayıblar. Tiflisdə Cəlilin başına pul da qoyublar. O isə heç nəyə fikir verməyib. İdeyasından dönməyən ziyalı olub. Bakıda ona çox vəzifələr təklif ediblər, amma heç birinə getməyib, heç kimin qarşısında əyilməyib”.

Həmidə xanım xatirələrində yazır ki, 1908-ci ildə Nəcəf müctəhidləri imzaladıqları fitvada “Kim Mirzə Cəlili öldürsə onun yeri cənnətdir” demişdilər. Bu, kifayət etməyəndə onu öldürmək üçün Bakıdan Tiflisə üç cani göndərmişdilər. Ona görə də Mirzə Cəlil özünü qorumaq üçün həmişə üstündə 371966 nömrəli kiçik tapança gəzdirərdi.

“Həmidə xanımdan borc alır”

“Molla Nəsrəddin”in Amerikada, Yaponiyada, Çində abunəçilər olub. Yeganə xanım deyir ki, jurnalın çapında maliyyə vəsaiti çatmayanda Mirzə Cəlil Həmidə xanımdan borc götürüb: “Bunlar hamısı məktublarda qeyd olunub. O yazırdı ki, Həmidə, bu pul o vaxtdan çap üçün səndən götürdüyüm borc puldur”.

Həmidə xanım da qeyri-adi, mütəfəkkir ziyalı olub. Tiflisdə “Qızlar İnstitutu” adlı orta məktəb var idi. Müxtəlif millətlərdən olan qızlar orada oxuyurdular, ana dillərini də öyrənirdilər. Amma nədənsə Azərbaycan qızlarının ana dili müəllimi yox idi. Həmidə xanım bu işin üstünə düşür, müəllim tapır və məvacibini öz cibindən ödəyir.

Cəlilin bəyənmədiyi “Ölülər”

Yeganə xanım “Ölülər” əsərinin bu günə qədər olan tədqiqatlarından narazılığını dilə gətirdi: “O əsəri peşəkar ədəbiyyatşünas, üstəlik filosof tədqiq etməlidir. 1920-ci illərdə əsərinin yeni quruluşda tamaşasına baxan Mirzə Cəlil ayağa qalxaraq “Mən belə əsər yazmamışam. Arzu edirəm ki, bundan sonrakı “Ölülər” belə olmasın” deyərək zalı tərk edib. O tamaşada müəllifin ideyasına çox müdaxilələr olunmuşdu”.

Həmidə xanım yazır ki, Cəlil “Ölülər”in Kefli İsgəndərinə atasının dostu Hacı Həsənin oğlu İsgəndərin adını verib. O, öz üzüm bağlarından şampan şərabına oxşar gözəl şərab çəkər, camaatın və mollaların tənələrinə etina etməyərək həmişə içərdi. Buna görə də ona Kefli İsgəndər adı qoyulmuşdu. Cəlil deyirdi ki şeyxin ölü diriltmək əhvalatını o özü uydurmayıb. Vaxtilə İrəvan quberniyasında buna bənzər hadisə olub. Hadisəni də ona qocalar danışıb. Pyesdəki sürətlərin də Naxçıvan şəhərində prototipləri varmış.

Mirzə Cəlil kimə aşiq idi?

Mirzə Cəlilin ilk evliliyi Nehrəmdə kənd qızlarından Həlimə ilə olub. Onların Münəvvər adında bir qızları doğulub. Münəvvər hər zaman atasının dostu, sirdaşı olub.

Münəvvər sonralar Həmidə xanımın ilk evliliyindən olan Müzəffərlə ailə qurur.

Həlimə rəhmətə gedəndən bir neçə il sonra Mirzə Cəlil dostu Məmmədqulu bəy Kəngərlinin bacısı Nazlı xanıma vurulur, bir çox maneələri aşaraq onunla evlənir.

Həmidə xanıma xatirələrində Cəlilin danışdıqlarını belə nəql edib: “Mən demək olar ki, hər gün Məmmədqulu bəy Kəngərligilə gedib, uzun müddət kabinetdə oturub, söhbət edərdim. Bir dəfə onun kabinetində tək oturduğu vaxt gözlənilmədən qapı açıldı, içəri gözəl bir qadın daxil oldu. Heyrətə gəldim. Adətən, müsəlman qadınlar başqa kişi gördükdə qorxub özlərini itirirlər. Amma o nə qorxdu, nə də özünü itirdi, bir neçə saniyə sakit dayanaraq mənə baxdı. O mənə füsunkar bir mələk kimi göründü, lətif surəti xəyalımda əbədi olaraq qaldı”.

Yeganə xanımın sözlərinə görə, Mirzə Cəlil Nazlını çox sevirmiş. Nazlı xanım da onu dəlicəsinə aşiqmiş. Və Cəlilin vaxtının çoxunu işinə sərf etməsini qəbul etmirmiş. Onu qısqanır, aylarla danışdırmırmış.

Vaxtından əvvəl ölü uşaq doğub, zaman keçdikcə psixoloji problemləri yaranıb. Buna görə Mirzə Cəlil Nazlını müalicə üçün Tiflisə aparır, amma çox keçmir ki, vəfat edir. Bu, Mirzə Cəlilə çox pis təsir edir, sarsılır. Həmidə xanım deyirdi ki, Cəlil həmişə gedib onun məzarını ziyarət edər, gül qoyardı. O, həmişəlik Tiflisdə qalmağı və öləndə Nazlının yanında dəfn olunmasını istəyib.

Mirzə Cəlil uzun illər Tiflisdə yaşayır, amma hadisədən 29 il sonra dünyasını dəyişəndə Bakıda dəfn olunur...

1905-ci ilin payızında Mirzə Cəlil Həmidə xanımla tanış olur. Kəhrizlidə yaşayan Həmidə qızı Minanı oxutmaq üçün Tiflisə gəlir və burada atası Əhmədbəy Cavanşirin əsərlərini kitabça şəklində çap etdirmək istədiyini dostlarına deyir. Onlar da bunun üçün Mirzə Cəlili nişan verirlər. İlk görüş Həmidənin rəfiqəsi Sofiya Şahtaxtinskayanın evində olur.

Həmidə xanım yazırdı ki, Mirzə Cəlilin təklifinə müsbət cavab verdim. Məni hər şeydən əvvəl onun mütərəqqi ideyaları cəzb edirdi. İstəyirdim onun yoldaşı və köməkçisi olum.

“Aralarında dərin hörmət olub. Amma nə Həmidə xanımın, nə də Mirzə Cəlilin bir-birinə böyük sevgisi olub. Bir qadın kimi məktublarını oxuyandan sonra bu qənaətə gəlmişəm. Sevgi başqa hissdir. Amma həyat yoldaşı kimi həmişə Mirzə Cəlilin yanında idi, ona arxa, dayaq idi.

Mirzə Cəlil boynuna alıb ki, onun ailə adamı eləyən Həmidə xanım olub: “Mən ailə həyatı üçün yaranmamışam. Əslində dərvişvari adamam, əsəbiyəm, Etiraf edirəm ki, mənimlə yaşamaq çətindir. Uşaqları tərbiyə etməyə səbrim çatmır. Sən məni ailə adamı eləyibsən”

Mirzə Cəlil ölümündən qabaq bütün əlyazmalarını yandırıb. Sovet hökuməti bu faktı guya uşaqlarını qızdırmaq üçün əlyazmalarını yandırması kimi qələmə verib”.

4 yanvar 1932

“Mən qəflətən öləcəyəm və heç kimə də əziyyət verməyəcəyəm. Özü də mən öləndə molla çağırmazsınız” deyə vəsiyyət etmişdi böyük ədib. Ölümünü hiss edirdi. Daha doğrusu, oxuduğu bir məktubdan sonra səksəkəli həyat yaşayırdı. Ölümdən bərk qorxurdu.

“Xəstənin kitabı bağlanmışdır. O iki aydan artıq yaşamaz”. Çox acımaz yazmışdı o məktubu həkim. 1931-ci ilin dekabrda gülümsəyərək bunu Həmidə xanıma etiraf etmişdi. Əlavəsi də vardı: “Həmidə, həkim səhv edib, dediyi vaxtdan 10 ay da artıq yaşamışam”.

1932-ci ilin yanvar ayının 4-də yuxudan ayılanda özünü bir az yaxşı hiss edirdi. Gündüz saat 12-də açar -qıfılı götürüb, çəkiclə vurub düzəltmək istəyir. Gücü çatmadı, yavaş-yavaş gözləri qaraldı, onu yatağa yatızdırdılar. Beyninə qan sızmışdı. O an oğlu Midhəti arzuladı. Amma Midhət özünü atasının yanına çatdırana kimi Mirzə Cəlil cismən bu dünyanı tərk etmişdi...


Müəllif: Nərmin Muradova, Elçin Murad