15 Yanvar 2018 15:23
1 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adətən qalmaqal deyiləndə ağla ilk gələn şou-biznes nümayəndələri olur. Ancaq son zamanlar şair və yazıçıların da adı özlərinin yaratdığı müxtəlif qalmaqallarda hallanır. Bu mövzuda tanınmış müğənni, aparıcı və aktyorlar arasında sorğu keçirdik. Görəsən, onlar necə düşünür, şairlərin və yazıçıların şou xarakterli qalmaqallar yaratması normaldırmı?

Faiq Ağayev (xalq artisti)

- İstəməzdim ki, yazarlarımızın adı qalmaqallarda hallansın…

Murad Arif (bəstəkar-müğənni)

- Qalmaqal dediyin fikir ziddiyyətindən yaranır. Fikir adamlarının da ziddiyyəti normal haldır. Başqa bir şey var ki, fikir adamlarını mediyaya cəlb edən proqramlar çoxalıb. Konkret misal gətirsək, Elçin Əlibəylinin “Speys” kanalında yayımladığı "El bizim - sirr bizim", Elgizin ARB kanalındakı "Səhər-səhər" verilişini və bizim apardığımız "Status" verilişlərini qeyd etmək olar. Ümumiyyətlə, bu, yaxşı tendensiyadır. Etiraf edək ki, yazıçının qalmaqalı toy müğənnisinin qalmaqalından daha sanballı görünür. Səbəblərdən daha biri də, şübhəsiz ki, Feysbukdur. Şairlər azad tayfadır, cəmiyyətimiz isə mühafizəkar, sözdən söz çıxaran. Nəticə etibarı ilə Feysbukda hansısa fikirlərin olay olması normal haldır.

Səbinə Hacıyeva (aktrisa)

- Ümumiyyətlə, qalmaqalları sevmirəm. Hər şeydə sakitlik vacibdir. Qalmaqala boş insanlar möhtacdır. Özünü sübüt edə bilməyən insanlar bu yola əl atırlar. İnsanın sənəti möhkəmdirsə, onun nə qalmaqala, nə də reklama ehtiyacı olur. Poeziyani incəsənətə aid edirəm. İncəsənətə isə ümumiyyətlə, qalmaqal yaraşmaz. Bu, başqa aləmdir. Göylərə məxsusdur.

Kamran Ağabalayev (aktyor)

- Şair, aktyor, yazıçı, həkim, qəssab, bənna, hər kəs lazım olduğunu, gərəkli olduğunu, lakin sənətlə danışa bilməyəcəyini anlayınca qalmaqala keçir.

Murad Əzimzadə (aparıcı)

- Şair və yazıçıların qalmaqala can atmağı xoşuma gəlmir. Ona görə ki, onlar fikir və mövqe bildirməlidirlər. Çünki onlar cəmiyyətin intellektual təbəqəsi sayılır. Ancaq bunun əvəzində onların qalmaqala meyl etməsi xoşagəlməz haldır. İndi dəb halını alıb, gənc şairlər, yazarlar, özlərindən əvvəlkiləri bəyənmirlər, tənqid edirlər. Bu da sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olur. Bu yolla məşhur olurlar. Belə olmamalıdır. Özündən əvvəlkiləri tənqid etməkdən asan nə var ki? Çox istərdim ki, bizim şair və yazıçılarımız da dünyaca məşhur olsunlar. Təbii ki, öz istedadları, şeirləri, əsərləri ilə...

Vusalə Ağayeva (aktrisa)

- Normal baxıram. Gündəmdə qalmaq maraqlıdır. Bəlkə stress atırlar?

İlham Hüseynov (əməkdar artist)

- Düşünürəm ki, şairin də, yazıçının da istedadının sanbalı yalnız və yalnız yaradıcılıqla ölçülməlidir, qalmaqalla yox.


Müəllif: Xəzər Süleymanlı