11 İyun 2014 15:41

Ötən gecə Gəncədə güclü küləklə müşahidə olunan leysan yağış şəhərin elektrik, qaz, su, kanalizasiya və rabitə təsərrüfatlarına ciddi ziyan vurub.

Teleqraf.com-un məlumatına görə, güclü yağış nəticəsində təxminən 1000-dən artıq fərdi yaşayış evlərinin həyətlərinə, eləcə də zirzəmisinə sel suları dolub. Külək 200-dən artıq irigövdəli ağacı aşıraraq küçə və prospektlərdə avtomobillərin hərəkətini məhdudlaşdırıb. 50-yə qədər avtomobil ağacların aşması nəticəsində ziyan görüb. İlkin araşdırma zamanı şəhərin 27 qaz təsərrüfatının, 30-dan artıq yarımstansiyanın sıradan çıxdığı, eləcə də 100-ə yaxın yaşayış evlərinin dam örtüklərinin dağıldığı məlum olub. Gəncə şəhər İcra Hakimiyyətində baş verən təbii fəlakətin aradan qaldırılması üçün fövqəladə komissiya yaradılıb və axşam saatlarından başlıyaraq fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

Şəhər Qaz İstismar Sahəsinin rəis müavini Vüqar Ələkbərov yerli saytlara açıqlamasında bildirib ki, 13 yerdə qaz xətlərinin üzərinə ağac qırılıb düşdüyünü və təhlükəsizlik məqsədilə qazın verilməsinin dayandırıldığını deyib.

Onun sözlərinə görə, axşam saatlarına qədər təmir prosesi başa çatacaq və şəhərə təbii qazın verilməsi bərpa olunacaq.

“Gəncə Regional Elektrik Şəbəkəsi” MMC-nin Paylayıcı Şəbəkələr Xidmətinin rəisi Hamlet Cəfərovun sözlərinə görə, Mingəçevir şəhərindən, ətraf rayonlardan Gəncədə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək məqsədilə əlavə qüvvə göndərilib:

“Qırılan elektrik xətləri bərpa olunur, təmir işləri başa çatan kimi şəhərə enerji verilməsində yaranan fasilə aradan qaldırılacaq”. Hazırda şəhərin bir bəzi hissələrində artıq enerjinin verilməsi bərba olunub.

“Gəncə Su-Kanal Törəmə” Səhmdar Cəmiyyətindən isə bildirilib ki, artıq şəhərin su-kanalizasiya sistemində yaranan problemlər həll olunub.

Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Elgün Məmmədov şəhərin bütün ərazilərində qasırğanın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görüldüyünü, Yevlax, Bərdə, Tərtər rayonlarında əlavə texnika və işçi qüvvəsinin köməyə göndərildiyini açıqlayıb.

Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə isə, Gəncədə baş verən təbii fəlakətin aradan qaldırılması, eləcə də dəymiş ziyanın hesablanması üçün paytaxtdan xüsusi yaradılmış komissiya ezam olunub və hazırda nümayəndələr ərazidədir.


Müəllif: