6 Aprel 2014 09:02
479

Bakı merinin oğlunun təzyiqi ilə ölkədən çıxan Qurban Mahmudov Kliçkonun əsgər yoldaşı olub. “Kliçko çox sadə insandır. 8 ay onunla hərbi xidmətdə olduq, bilmədik ki, o idmançıdır. Halbuki həmin vaxt o artıq Ukrayna çempionu olmuşdu. Sonradan zabitlərdən eşitdik ki, Kliçko peşəkar boksla məşğuldur”. Bu sözləri “Azadlıq”a ağır çəkidə WBC, WB0, WBA versiyaları üzrə üç dəfə dünya çempionu olmuş, Ukrayna inqilabının liderlərindən biri olan, UDAR partiyasının sədri Vitali Kliçkonun əsgər yoldaşı Qurban Mahmudov deyir. Qurban Mahmudovu tapmaq o qədər asan olmadı. Düzü, Kliçkonun azərbaycanlı əsgər yoldaşı olduğu barədə sosial şəbəkələrdən xəbər tutduq. Ağ-qara olan həmin şəkildə Kliçko və Qurban Mahmudov işarələnmişdi. Di gəl, onu kiminsə tanıdığı, münasibəti olduğu bəlli deyildi. Nə isə, uzun axtarışdan sonra öncə Qurban Mahmudovun dostu, iş ortağı Maqsud Mahmudovu tapdıq. Maqsud Mahmudovla söhbətimizə keçməzdən öncə kiçik bir arayış verək. Maqsud Mahmudov tez-tez Ukraynaya gedir. Orada kiçik bizneslə məşğuldur. Ukraynadakı Maydan hadisələrində də orada olub və Azərbaycan bayrağını dalğalandırıb. Onun şəkilləri də bizdə olduğu üçün yanına getdik. Məhz bu şəkillərin hesabına Maqsud Mahmudovu danışdıra bildik. Necə deyərlər, onu fakt qarşısında qoyduq, narazı olsa da, bir-iki kəlmə danışdı. Onu da öncədən bildirək ki, Maqsud Mahmudovla Qurban Mahmudovun heç bir qohumluq əlaqələri yoxdur. Sadəcə soyadları eynidir. Söhbətimizə Qurban Mahmudovla Kliçkonun münasibətlərindən başlayırıq. Xəbəri olmamış olmaz. Ancaq bu barədə danışmadı. Dedi ki, Qurban Mahmudovla görüşəndə özündən soruşaq. Müsahibimizi çox da narazı salmamaq üçün birbaşa özüylə bağlı söhbətə başlayırıq. - Bizdə olan məlumata görə, Siz tez-tez Ukraynaya gedirsiniz. Hətta ayda iki dəfə səfəriniz olur. Bu səfəriniz nəylə bağlıdır? Sizin orada da biznesiniz var? - Mənim o xalqa - ukraynalılara böyük hörmətim var. Həm də orada özümə kiçik biznes qurmuşam. Vaxtaşırı ora gedib işlərimlə maraqlanıram. - Ancaq bizdəki şəkillərdən bəlli olur ki, siz Maydan hadisələrində orada olmusunuz, üstəlik, Azərbaycan bayrağını meydanda birinci siz qaldırmısınız? - Bəli, bu belə olub. Bu mənim üçün şərəfdir. Bayrağımızın hər yanda dalğalanmasından qürur duyuram. Əgər bunda mənim də kiçik bir xidmətim olubsa, sevinirəm. - Kliçkoyla necə, münasibətiniz varmı? - Azərbaycan bayrağını Maydanda dalğalandıranda nəinki Kliçko, bir çoxları mənə yaxınlaşıb qucaqladı, öpdü, bizə və xalqımıza olan sevgilərini dilə gətirdilər. Hazırda Ukraynanın baş naziri olan Yatsenyuk da mənlə görüşdü. Bayrağı dalğalandıranda qucaqladı, gözləri dolmuşdu. - Dediniz ki, bayrağı dalğalandıranda Kliçkoda sizinlə görüşdü. İndi də onunla əlaqə saxlayırsınız? - Mən Ukraynaya onunla tanışlığa görə getməmişəm. Sadəcə olaraq orada olan azərbaycanlılar kimi Ukrayna xalqının həmrəyliyinə şərik olmuşam. Bir daha təkrar edirəm, Azərbaycan bayrağını dalğalandırandan sonra onlar mənimlə görüşdülər. - Maydan hadisələrində Donetskdən gələn etirazçıların qurduğu mağara da Azərbaycan bayrağını sancmışdınız. - Sizdə olan məlumatlar məndən daha çoxdur. Deyəsən, çox hazırlıqlı gəlmisiniz? (Gülür) - Sonuncu dəfə Ukraynada nə vaxt olmusunuz? - Üç-dörd gün öncə. Keçən həftənin bazar günü Ukraynadan qayıtmışam. Maqsud Mahmudov işlərinin çox olduğunu deyir. Bunu ona gələn telefon zənglərindən də hiss edirik. “Qardaş, beş dəqiqəyə çatıram”, “Bir azdan gəlirəm” deyib dəstəyin o üzündə olan insanlara “təsəlli” verirdi. Ondan şəriki Qurban Mahmudovun nömrəsini istədik. Bunu edə bilməyəcəyini dedi. Onu da qeyd etdi ki, hazırda ölkədə deyil. Uzun axtarışdan sonra Qurban Mahmudovun nömrəsini tapa bildik. Moskvada olduğunu öyrəndik. Telefon nömrəsini tapıb zəng etdik. Onunla da söhbətə bizdə olan şəkillərdən başladıq. Qurban da soydaşı kimi vaxtının az olduğunu dedi və söhbəti tez yekunlaşdırmağımızı xahiş etdi. Qurban Mahmudov indinin özündə də Kliçkoyla münasibətlərinin olduğunu deyir: “Sizin əldə etdiyiniz şəkillərdəki insanların Kliçkoyla münasibəti var. Onlar hətta Maydan hadisələri zamanı onun yanında idi. Mən Moskvada olsam da, bir neçə dəfə onunla telefon əlaqəsi yaratmışam. Kliçkonun istər mənlə, istərsə də başqa əsgər yoldaşları ilə münasibətləri əla olub. Çox sadə insandı. Onun idmançı olduğunu bilmirdik. Baxmayaraq ki, 8 ay bir yerdə xidmət etmişik. Sonradan zabitlərdən eşitdik ki, Kliçko peşəkar boksçudur. Əsgərlikdə olan zaman artıq Ukrayna çempionu idi. Ancaq özünü elə aparırdı ki, deməzdin döyüşçüdür. İdmançı olduğunu, bizdən daha güclü olduğunu hiss etdirməmişdi”. Qurban Mahmudovla çox danışa bilmirik. Bakıya qayıdandan sonra bizimlə görüşüb, geniş söhbət edəcəyinə söz verir. ("Azadlıq.info"). - See more at: http://axar.az/news/13402#sthash.V3ue169W.dpuf


Müəllif: Anar Niftəliyev