18 İyul 2014 20:06

İsrailin Qəzzaya hücumuna "İraq Şam İslam Dövləti" təşkilatının səssiz qalması, heç bir reaksiya verməməsi etirazlara səbəb olur.

Alınan məlumata görə, Yaxın Şərqdə getdikcə güclənən İŞİD terror təşkilatının İsrailin zülmünə reaksiya verməməsi bir çox fərqli iddiaların ortaya atılmasına gətirib çıxarır.

İraq Məclisinin Təhlükəsizlik və Müdafiə Komissiyası sədr müavini Vetut İŞİD-dən ələ keçirilən sursatların İsrail istehsalı olan silahlar olduğunu bildirib. Vetut vurğulayıb ki, İŞİD sionistlərdən təşkil olunub və əsl hədəfləri ərəb ölkələrini xaosa sürükləməkdir.

Vetut İŞİD-in "İsrail fitnəyə qarışmadığı müddətcə onlara toxunmayacağıq" açıqlamasına da münasibət bildirib.

O qeyd etdi ki, fələstinli gənclər qısa sujetli film çəkib və həmin filmdə İŞİD-in müsəlmanları öldürməkdən çəkinmədiyi, israilli vətəndaşa isə toxunmadığı görüntülənib.

Qeyd edək ki, İsrailin dünən gecə Xan Yunus və Cəbəliyə bölgələrinə hücumu zamanı 25 fələstinli və 1 İsrail əsgəri öldürülüb. 200 nəfər isə yaralanıb.

/axar.az/


Müəllif: