8 Avqust 12:41

Ermənistan silahlı qüvvələrinin dinc sakinləri atəşə tutması bu dövlətin həm azğınlığından, həm də zəifliyindən xəbər verir. Onlar Azərbaycan əsgəri ilə üzbəüz gəlməkdən qorxurlar.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Ermənistan silahlı qüvvələrinin dünən gecə Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı Ramin Yusifovun yaralanması faktına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan üçün nə beynəlxalq hüquq, nə də insani dəyərlər mövcuddur: “Düşmənin alçaqlığı cəzasız qalmamalı, o, Azərbaycan uşağını yaralamağın cavabını almalıdır”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri dünən Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində 2004-cü il təvəllüdlü Ramin Sabir oğlu Yusifov yaralanıb. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Çoxsaylı qəlpə yarası alan yeniyetmə həkimlər tərəfindən əməliyyat olunub.


Müəllif: Nərgiz