18 Sentyabr 2017 16:48
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasının sessiyasından o qədər də böyük gözləntilər yoxdur.

Bunu BMT Baş Assambleyasının 72-ci sessiyasından gözləntilərini Teleqraf.com-la bölüşən politoloq Fikrət Sadıxov deyib.

O, qeyd edib ki, reallıqdan uzaq olmaq lazım deyil:

“BMT Baş Assambleyasının sessiyaları hər il keçirilir. Odur ki, söhbət başqa məsələlərdən gedə bilər. Burda çox mühüm görüşlər keçirilir. Yəni, bu sessiya meydançasında dövlət başçıları görüşür, çox mühüm problemləri müzakirə edir. Bu meydançaya bəzi dövlət başçıları iki dövlət arasında münasibətlərin genişlənməsi və bir sıra problemlərin müzakirəsi baxımından mühüm önəm verir”.

F.Sadıxov Prezident İlham Əliyevin də sessiyada iştirakına toxunaraq deyib ki, Azərbaycan prezidenti bir sıra aparıcı dövlətlərin prezidentləri, baş nazirləri, digər ictimai-siyasi xadimlərlə görüşəcək: "Bu görüşlərdə ikitərəfli əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq. Əminəm ki, bizim maraqlarımıza cavab verən hansısa qərarlar qəbul olunacaq, razılaşmalar əldə ediləcək. Dövlət başçısı sessiyanın ümumi dinləmələr hissəsində çıxış edəcək, Azərbaycanın mövqeyini bildirəcək. Bunlar öz-özlüyündə, əlbəttə Azərbaycanın maraqlarına cavab verən addımlardır. Ən əsası odur ki, biz bu meydançanı tam səmərəli və maraqlarımıza cavab verən nəticələrlə tərk edək”.

Politoloq güman edir ki, Prezident İlham Əliyevin nitqində əsasən regionda baş verən hadisələr, regional təhlükəsizlik, Ermənistanın uzun müddətdir Azərbaycan torpaqlarını işğal altında saxlaması, BMT Təhlükəzilik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsi, beynəlxalq hüquq normalarının tapdalanmasına bir sıra dövlətlərin seyrçi mövqedən yanaşması, həmçinin BMT-də islahatların aparılmasının zəruriliyi kimi məsələlərə diqqət yetiriləcək:

“Düşünürəm ki, dövlət başçısı bu məsələlərə toxunacaq, təkliflərini səsləndirəcək. Xüsusən sonuncu məsələ bizim üçün aktualdır. Məsələ ondadır ki, İkinci Dünya müharibəsi başa çatan ərəfədə yaradılan BMT hazırkı reallıqlara cavab vermir. Biz bunu hiss edirik. Görürük ki, BMT-də məsələlərə fərqli yanaşmalar var. Ona görə də bu məsələlərin Prezidentin nitqində əsas yer tutacağını düşünürəm”.

Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-də açılıb. Bir il davam edəcək sessiya zamanı 160-a yaxın məsələnin müzakirəsi planlaşdırılır. Sentyabrın 19-dan 25-dək sessiyada ümumi dinləmələr keçiriləcək. Dövlət başçıları sessiyanın ümumi dinləmələr hissəsində çıxışlar edəcəklər.


Müəllif: Səxavət HƏMİD