25 İyul 2014 13:08
1 186

Müsavat Partiyasında başqanlıq uğrunda mübarizə artıq qarşıdurma həddinə doğru irəliləyir.

Teleqraf.com xəbər verir ki, başqanlığa iddialı olan İsa Qəmbərin müşaviri Səxavət Əlisoy sosial şəbəkələrdə diqqəti çəkən fikirlərini yayıb. “Müsavatın növbəti başqanı kim olacaq” başlıqlı yazısında Səxavət Əlisoy qeyd edir ki, bu gün Azərbaycan siyasi mühitində ən maraq doğuran sual Müsavatın növbəti başqanının kim olmasıdır: “Biriləri özünü artıq başqan hesab edir və vəzifə bölgüsü aparır, bəzilərini dostları başqan görür, elələri də var ki, 5-6 min km-dən ismarış-ultimatum yollayır ki, filankəsdən savayı kimsə başqan postunda otura bilməz. Siyasi səriştəni və təcrübəni kriteriya kimi vurğulayanlar var, “filankəs”in bu posta daha çox yaraşdığını iddia edənlər var, “behmənkəs”in başqan olduğu təqdirdə partiyanın ağ günə çıxacağını deyənlər var, siyasi koridorlarda çox şeylər danışanlar var. Bütün bunların hamısı normaldır, nədən ki, hər kəsin danışmaq, düşündüklərini izhar etmək haqqı var. Deyilənlərə birini də mən əlavə etmək istəyirəm.

Müsavat Partiyası tarixi bir partiyadır və milli dəyərlərimizdən biridir. Bu partiyada çox sayda ziyalı başqan postuna layiqdir. Sadəcə, bu iddiaya düşən unutmamalıdır ki, əhalinin 90 faizindən çoxu, o cümlədən müsavatçıların da 90 faizindən çoxu Azərbaycan türkləridir. Odur ki, Müsavat Partiyasının başqanı TÜRK oğlu TÜRK olmalıdır və əminəm ki, belə də olacaq”.

Xatırladaq ki, ötən gün Avropada yaşayan müsavatçı Eldəniz Yusifov açıqlamasında Arif Hacılını başqan gördüyünü, Qubad İbadoğlunun isə başqanlığa, həbsə və mübarizəyə hazır olmadığını açıqlamışdı. Ancaq İsa Qəmbərin müşaviri statusunda yeni başqanın türk olacağını elan etməsi partiya daxilində Azərbaycan türkü olmayan birinin başqan olmaq istəyi haqqında fikirə gəlməyə əsas verir.

Cavidan


Müəllif: