13 Fevral 2018 14:13
4 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

12.08

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, parlament “Konstitusiya Məhkəməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirə edib.

Layihə haqqında deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

"Konstitusiya Məhkəməsi haqqında" Qanuna 73.9-cu maddə əlavə edilib. Yeni maddədə qeyd edilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu Qanunda, həmçinin digər normativ hüquqi aktlarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir.

***

12.10

Fevralın 25-də səlahiyyət müddəti bitən Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edilib.

Teleqraf.com xəbə rverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür.

***

12.25

Parlament bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, məruzəni Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Nazir müavini qeyd edib ki, Milli Məclisdə 2017-ci ildə "Bələdiyyələrin statusu haqqında" Qanuna dəyişikliklər edilib, bələdiyyələrlə bağlı bir sıra qanunverici dəyişikliklər həyata keçirilib.

Vilayət Zahirov vurğulayıb ki, bələdiyyələrin hüququ maarifləndirilməsi daim Ədliyyə Nazirliyinin diqqətində saxlanılıb.
Hesabatda qeyd edilir ki, 2017-ci ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçib və onların qanunvericiliyə uyğunluğu yoxlanıb. Bu aktların böyük əksəriyyəti qanunvericiliyə uyğun olub. 1979 aktın dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə tövsiyələr verilib, 741 akt ləğv edilib və 714 akt dəyişdirilib. Bələdiyyə aktları yoxlanılarkən, torpaq qanunvericiliyinin pozulması halları müəyyən edilib və 2636 hektar torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verilməsi müəyyən olunub. Bu torpaqların bələdiyyələrə qaytarılması istiqamətində tədbirlər görülüb. Bələdiyyələrlə bağlı 24 fakt üzrə materiallar toplanılıb və müvafiq hüquq-mühafizə orqanlarına göndərilib. Qanun pozuntuları torpaq sahəsinin qanunsuz icarəyə verilməsi, həmin icarədən alınan vəsaitin bələdiyyə büdcəsinə ödənilməməsi, təmir işləri ilə bağlı bələdiyyə vəsaitlərinin mənimsənilməsi, büdcə vəsaitlərinin qanunsuz silinməsi və digər məsələlərlə bağlı olub. Bu faktlarla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb.

Hesabatda bildirilir ki, ümumilikdə ötən il torpaq qanunvericiliyinin pozulması halları 2016-cı ilə nisbətən 3 dəfədən çox azalıb.

Həmçinin 78 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

***

12.27

Milli Məclisin bu gün keçirilən plenar iclasında Qasım Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb.

Teleqraf.com xəbər verir ki, layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Məsələ səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Q.Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib. O, 2008-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri olub.

***

12:49

Milli Məclisdə "Bələdiyyələrin statusu haqqında" Qanuna dəyişikliklərin müzakirəsi zamanı spikerlə Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə arasında mübahisə yaranıb.

Teleqraf.com xəbər verir ki, A.Rəhimzadə Ədliyyə nazirinin müavini Vilayət Zahirovun hesabatından sonra qaydalara görə komitə sədrinə çıxış üçün söz vermədiyinə görə spiker Oqtay Əsədova etiraz edib:

“Mən danışmaq istəmirəm, vaxtında söz vermək lazım idi”.

Spiker isə bildirib ki, komitə sədri müzakirələr zamanı çıxış etmək istəyirdisə, əvvəldən çıxışa yazılmalı idi: "İstədiyiniz vaxt çıxış üçün yazılıb, fikrinizi bildirə bilərsiniz”.

***

12.58

Azərbaycanın bölgələrində bələdiyyə sədri təyin olunan şəxslər əksər vaxtlarda bu vəzifəni icra etməyə hazır olmurlar.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Elmira Axundova bildirib.

E.Axundova deyib ki, buna görə də bələdiyyə sədrləri təlimlərə cəlb edilməlidir: “Düzdür, ötən il təlimlərin sayı art;b. Ancaq tədris kursları artırılmalıdır. Ötən ilki hesabatdan məlum olur ki, bələdiyyələrdən şikayətlər artsa da, əsaslandırılmış şikayətlərin təmin edilməsi halları azalıb. Vətəndaşların əsaslandırılmış müraciətlərinin nə üçün həllini tapmamasına cavab verilməlidir”.

Millət vəkili onu da əlavə edib ki, bələdiyyələrin problemlərinin başlıca səbəbi onların icra hakimiyyətlərindən asılı olmalarıdır.

***

13.02

Hər il müvafiq dövlət qurumu bələdiyyələrlə bağlı hesabat verir, lakin onların ölkə həyatındakı rolunun artırıması istiqamətində hökümətdən müvafiq qanun layihələri parlamentə daxil olmur.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə“ Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, ölkə prezidenti kiçik və orta sahibkarlığın inkişafına dəstək verir, lakin bələdiyyələr onların fəaliyyətinə mane olur: “Bəzən sahibkar Bakı ətrafında mazutlu torpaq sahəsini icarəyə götürmək istəyir. Bütün sənədlər hazır olanda bələdiyyə sədri torpağın sonuncu auksion qiymətinə satılacağını deyir. Bələdiyyələr yerli icra hakimiyyətləri ilə birlikdə cinayət sövdələşməsinə gedib sahibkarların marağına toxunurlar. Bələdiyyə sədrləri ərazidəki sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, lakin sonra həmin materialların pulu geri qaytarılmır. Hesab edirəm ki, Ədliyyə Nazirliyi bu qanunsuzluqların qarşısının alınmasında xüsusi rol oynamalıdır. Çox zaman icra hakimiyyətləri bu qanunsuzluqları bələdiyyələrin əli ilə gördürür. Mənə bir diş həkimi müraciət etmişdi, onun obyekti qanunsuz olaraq icra hakimiyyəti tərəfindən sökülmüşdü. Bələdiyyə isə bu məsələdə vətəndaşın tərəfində olmur”.

***

13.42

“Ələt azad iqtisadi zonası” haqqında Qanun layihəsi Mİlli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Terleqraf.com xəbər verir ki, spiker Oqtay Əsədov qanun layihəsinin bir sıra komitələr və müvafiq dövlət qurumları tərəfindən müzakirə edildiyini xatırladıb.

Qanun layihəsi barədə məlumat verən Milli Məclisin sədr müavini Valeh Ələsgərov bildirib ki, qanun gələcək investorların analayacağı dildə yazılıb:

“Qanun layihəsi 5 fəsildən və 30 maddədən ibarətdir. Bu qanunun 3.5-ci maddəsi gələcək investorlar üçün xüsusilə əhəmiyyətlidir. Belə ki, həmin maddəyə görə, Azad Zona səlahiyyətli qurumu Azad Zona qanunvericiliyinin ingilis dilinə tərcümə edilmiş mətnlərinin autentikliyini təsdiq edir. Azad Zona səlahiyyətli qurumu tərəfindən autentikliyi təsdiq edilmiş Azad Zona qanunvericiliyi Azərbaycan dilində olan Azad Zona qanunvericiliyi ilə eyni hüquqi qüvvəyə malikdir. Azad Zona daxili qaydaları Azərbaycan və ingilis dillərində dərc olunur. Azad iqtisadi zona səlahiyyətli qurumunun hüquqları və vəzifələrində beynəlxalq təcrübə əsas götürülüb”.

Qeyd edək ki, qanunun 16-cı maddəsinə əsasən, Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri vergidən azaddırlar.

Qanunun 17-ci maddəsinə əsasən, Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir.

Qanunun 30-cu maddəsinə əsasən, Azad Zonada işçi dili anlayışı nəzərdə tuturlur. Bu maddəyə əsasən Azad Zonada Azərbaycan dili ilə yanaşı, işçi dil kimi ingilis dili işlədilə bilər. Sənədlərdən və ya rabitə vasitələrindən istifadə zamanı dil baxımından şərh uyğunsuzluğu yarandıqda, tərəflərin razılaşmasında nəzərdə tutulan dildəki mətn üstünlük təşkil edir.

Deputat Əli Məsimli deyib ki, bu qanun Azərbaycan üçün əhəmiyyətlidir:

“Azərbaycanın geopolitik və coğrafi şəraiti, habelə Ələtin nəqliyyat qovşağı üzərində yerləşməsini nəzərə alaraq Azad İqtisadi Zonanın yaradılması məqsədəuyğundur. Düşünürəm ki, qısa müddətə yükdaşıma artacaq”.

Hazırda müzakirələr davam edir.

***

13.57

Ciddi qanun layihəsi hazırlanıb və mən də komitədə ona səs verdim. Ancaq qanunda Konstitusiya ilə ziddiyyət təşkil edən normalar var.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Qüdrət Həsənquliyev “Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, bildirib ki, qanunun 20, 23 və 26-cı maddələrdə olan normalar ya yenidən işlənməli, ya da ümumiyyətlə, çıxarılmalıdır:

“Azərbaycan müəyyən bir ərazisində xarici investorlar üçün əlverişli iqtisadi zona yaradır. Onlar vergidən azad edilir. Lakin ekologiya, əmək hüquqları ilə bağlı hansı güzəştlərə getmək olar? Konstitusiyada qeyd edilir ki, hər bir vətəndaşın məhkəmələrə müracuiət etmək hüququ var. Üstəlik konstitusiya beynəlxalq hüquqlardan üstündür. Komitədə bizi “vətənpərvərlikdə” tənqid etdiniz. Biz təkliflərimizi versək də, bunu nəzərə almadan plenar iclasda müzakirəyə çıxardınız”.
Qüdrət Həsənquliyev daha sonra bildirib ki, Valeh Ələsgərova hörməti var və onun bu çıxışı sadəcə, olaraq müzakirə edilən qanunla konstitusiya arasında mövcud olan ziddiyyətlərlə bağlıdır: “Hesab edirəm ki, Azad iqtisadi zonada ancaq vergi və gömrük güzəştləri, habelə bürokratik maneələr varsa, onlar aradan qaldırılmalıdır”.

***

14.08

Qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb və əsasən, konseptual təklifləri irəli sürülməlidir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov “Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatların iradlarına münasibət bildirərkən deyib.

Spiker bildirib ki, söhbət investorlar üçün əlverişli şəraitin yaradılmasından gedir:

“Nə üçün əcnəbilər bura investisiya qoymaqda maraqlı olmalıdır? Bunun üçün müvafiq şərait yaradılmalıdır, investor bilməlidir ki, burda qazanc var. Məlumat üçün deyim ki, dünyada 3500 azad iqtisadi zona var, lakin onların cəmi 150-si normal işləyir. Niyə? Çünki normal şərait yaradılıb. Təklif edirəm ki, qanun layihəsinə konseptual yanaşaq”.

***

Təklif edirəm ki, Bakının Qaradağ rayonun adı dəyişdirilərək, bu raouna Ulu öndər Heydər Əliyevin adı verilsin.

Bunu Milli Məclisdə “Ələt azad iqtisadi zonası haqqında" Qanunun birinci oxunuşda müzakirəsi zamanı deputat Aydın Hüseynov deyib.

O, bildirib ki, həm eks-prezident Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Qaradağ rayonunun sosial-iqtisadi inkişafında önəmli rolu olub: “Ona görə də təklif edirəm ki, Heydər Əliyevin anadan olmasının 95 illiyi əlaqədar Qaradağ rayonu Heydər Əliyev rayonu adlandırılsın”.


Müəllif: Cavad