24 Aprel 2018 12:51
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pulsuz verilən dərmanların siyahısına yenidən baxılmalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ombudsman Elmira Süleymanova Milli Məclisin bugünkü plenar iclasında hesabat məruzəsi ilə çıxışı zamanı deyib.

Ombudsman bildirib ki, həmin siyahıdakı bir sıra dərmanlar artıq ölkəyə gətirilmir:

“Bəzilərinin istifadəsi məhdudlaşdırılıb. Buna görə də pulsuz dərmanlar məsələsi yenidən gündəmə gəlməlidir”.

E.Süleymanova onu da vurğulayıb ki, təhsil sahəsində bir sıra məsələlər həllini tapsa da, həllini gözləyən problemlər var:

“Bu problemlərdən biri şagirdlərin birinci sinfə qəbulunda özünü göstərir. Bu zaman bir sıra pozuntular müşahidə edilir. Dərsliklərin keyfiyyəti, biliyi zəif olan uşaqların məktəbdən uzaqlaşdırılması kimi problemlər var. Bəzən məktəblərdə müəllimlər zəruri olmayan əlavə dərs vəsaitlərinin alınmasına məcbur edir. Bu dərs vəsaitləri qısa zaman sonra yeniləri ilə əvəzlənir. Məktəbəqədər müəssisələrdə mövcud yerlərin sayı bu yaşda olan uşaqların sayına uyğun gəlmir. Kənd məktəblərində də problemlər var. Bir neçə kəndin şagirdlərinin bir məktəbdə təhsil alması problem yaradır. Bəzən bu şagirdlər meşədən keçərək, uzun yol qət edib məktəbə gəlir. Bu məktəblər nəqliyyatla təmin edilməlidir. Əks halda uşaqlar məktəbdən yayınacaq”.


Müəllif: Gülxar