7 Aprel 2016 16:49
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsinin cəbhə bölgəsinə səfəri başa çatıb.

“Al Jazeera International”, “Reuters”, “Associated Press” “France-Presse”, Rusiyadan “Kommersant”, “Komsomolskaya pravda”, “Novaya vremya”, Türkiyədən “Anadolu” agentliyi, “Milliyyət” qəzeti, TRT, İran və Çindən olan jurnalistlər və bir sıra başqa ölkələrin media orqanlarının nümayəndələri Füzuli rayonundan sonra Ağdam və Tərtər rayonlarında olublar.

Ağdam Rayon İcra Hakimiyyətində keçirilən görüşdən sonra qonaqlar Əhmədağalı kəndinə gedib, erməni silahlılarının atdığı mərminin partlaması nəticəsində həyatını itirən Dadaşov Qaraş Şahmar oğlunun ailəsinə baş çəkiblər. Sonra mərmi düşməsi nəticəsində dağılan yaşayış evinə və Sarıcalı kənd tam orta məktəbinə baxış keçirilib.

Xarici media nümayəndələri daha sonra Tərtər rayonuna gəliblər. Jurnalistlər ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində dağılan Krukova Olqa İvan qızının evinə və həyatını itirmiş 15 yaşlı Həsənova Turanə Kamandar qızının ailəsinə baş çəkiblər.

Qeyd edək ki, xarici jurnalistlərin bu səfəri qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar və Ermənistanın törətdiyi təxribatlar nəticəsində mülki insanlara və obyektlərə dəymiş zərərləri beynəlxalq ictimaiyyətin diqqətinə daha operativ çatdırmaq məqsədi ilə təşkil olunub. (Azərtac)


Müəllif: