31 Mart 2017 15:14
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın".

Teleqraf.com-un məlumatına görə, bu sözləri Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə deyib.

Prezident qeyd edib ki, aprel döyüşləri Ermənistanın təxribatı idi: "İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Deyə bilərəm ki, Ermənistan öz müstəqil həyatını, bax, bu işğala qurban verdi. Çünki əgər bu işğal olmasaydı, əgər onlar Azərbaycan ilə münasibətləri normal qura bilsəydilər bu gün Ermənistan müstəqil ölkə kimi bəlkə də özünü göstərə bilərdi. Ancaq bu gün hamı bilir ki, Ermənistan müstəqil dövlət deyil. Onlar bu işğala görə müxtəlif ölkələrdən, müxtəlif xarici dairələrdən, beynəlxalq maliyyə qurumlarından, demək olar ki, tam asılı vəziyyətə düşüblər. Çünki bunların iqtisadiyyatı iflic vəziyyətindədir, xarici borc kritik həddə çatıb, yoxsulluq demək olar ki, 40-50 faiz səviyyəsindədir, heç bir perspektiv yoxdur. Bunlar öz xalqını nə qədər aldadacaqlar? Ona görə də bu vəziyyətə düşmələrinin əsas səbəbi onların işğalçı siyasətidir. Bu gün bu yolu seçmiş Ermənistan rəhbərliyi öz xalqını uçuruma aparır".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan isə müstəqillik dövründə əsl müstəqil ölkəyə çevrildi: "Biz sübut etdik ki, bizim taleyimiz öz əlimizdədir, heç bir kənar qüvvə bizə heç nəyi diktə edə bilməz və tarix bunu göstərdi. Biz ləyaqətlə yaşayırıq, dünya arenasında öz maraqlarımızı müdafiə edirik və sözümüzü deyirik. Ermənistan isə demək olar ki, bütün bu imkanlardan məhrum olub və bu, əlbəttə, heç bir ölkəyə başucalığı gətirmir. Ona görə, bugünkü Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə ki, onların maraqları üçün işğala son qoyulmalıdır, məsələ o qədər tez həllini tapar, sülh bərpa olunar və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edər".


Müəllif: