9 İyul 2015 11:07

Avropa Azərbaycan Cəmiyyəti "Chatham House" -a etiraz məktubu göndərdi

Böyük Britaniyanın beynəlxalq analitika mərkəzi Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu - "Chatham House" dünən "Dağlıq Qarabağ: Regional çağırışlar" mövzusunda müzakirələr keçirib. Tədbir "Chatham House"un "Rusiya və Avrasiya" Proqramı tərəfindən həyata keçirilib.

Maraqlıdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı-terrorçu qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan toplantıya spiker kimi dəvət edilib. "Chatham House" onu siyahıda "de-fakto Dağlıq Qarabağ Respublikasının prezidenti" kimi təqdim edib. Saakyan erməni dilində çıxış edərək, daxili vəziyyət barədə məruzə edib və regional təhlükəsizlik barədə öz fikirlərini bildirib. Daha sonra bir saat ərzində sualları cavablandırıb.

Xatırladaq ki, Böyük Britaniya Dağlıq Qarabağda "prezident" və "parlament" seçkilərini legitim hesab etməyib və Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

1920-ci ildə yaradılmış Beynəlxalq Münasibətlər üzrə Kral Araşdırmaları İnstitutu dünyanın nüfuzlu məkanlarından sayılır. Qraf Çatamın İnstituta bağışladığı mülkün adı ilə bu institut "Chatham House" da adlanır. İnstitutun məqsədi beynəlxalq arenadakı əsas problemlərin öyrənilməsi və anqlo-amerikan qarşılıqlı münasibətlərini möhkəmlətməyə Amerika auditoriyasının ümumi dəstəyini almaqdır.

"Chatham House" öz daxili qaydalarına əsasən, görüşlər və diskussiyalar təşkil edir. Bu qaydalara görə, iştirakçılar aldıqları informasiyadan azad şəkildə istifadə edə bilərlər, ancaq onlar toplantıda çıxış edənlərin adlarını və işlədikləri yeri açıqlamaq ixtiyarında deyillər. Bundan başqa, informasiyanı hardan aldıqları barədə xatırlatma vermək də qadağandır.

Kral Araşdırmaları İnstitutu Şura tərəfindən idarə olunur. Şuranın sədri lord Marşall Naytsbridc, direktor isə professor Viktor Balmer-Tomasdır. Qurum Afrika, Şimali və Cənubi Amerika, Asiya, Avropa, Yaxın Şərq, Rusiya və Avrasiyanın beynəlxalq iqtisadiyyat və müdafiə sahələrində təhqiqatlar aparır.

Avropa Azərbaycan Cəmiyyətindən "Chatham House"a açıq məktub

İşğal olunmuş Azərbaycan ərazilərində qurulmuş rejimin başçısının Londona dəvət edilməsi bu ölkədəki Azərbaycan təşkilatlarının və soydaşlarımızın etirazına səbəb olub. Böyük Britaniyadakı ən fəal Azərbaycan təşkilatlarından olan Avropa Azərbaycan Cəmiyyəti (TEAS) "Chatham House" İnstitutuna açıq məktub ünvanlayıb. TEAS-dan verilən məlumata görə, məktubda deyilir: "Avropa Azərbaycan Cəmiyyəti nəzərinizə çatdırır ki, Bako Saakyanın "Chatham House" İnstitutu tərəfindən rəsmi olaraq Böyük Britaniyaya görüşə dəvət olunması qərarı bizə ədalətli münasibət deyil. Bu hadisənin Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ müharibəsi zamanı 20 min nəfərə yaxın ailə üzvünü və dostunu itirmiş və həmin insanın ucbatından hələ də yerindən-yurdundan didərgin düşmüş minlərlə azərbaycanlı məcburi köçkünün sonsuz kədərinə səbəb olmasını, şübhəsiz, təsəvvür edə bilərsiniz. Sizin bu insanı "Chatham House"a dəvət etməniz keçən 23 il ərzində kifayət qədər əzab çəkmiş insanların üzünə təhqiredici şillə kimi qəbul olunur. Xüsusilə də, Ermənistandakı cari vəziyyəti nəzərə alsanız, bunun regionda sülh və demokratiyaya olan ümidlərə bir zərbə olduğuna əmin ola bilərsiniz.

Siz çox yaxşı bilirsiniz ki, Bako Saakyan dünyada heç bir ölkə tərəfindən tanınmayan qondarma rejimin təmsilçisidir. O, BMT, Avropa Şurası, NATO və bir çox digər təşkilatların Azərbaycan torpaqlarının işğalını dayandırmağı və hər şeyindən məhrum olmuş sakinlərin öz yurdlarına qayıtmasını tələb edən qətnamələrini təkzib edən silahlı qüvvələri təmsil edir. O, heç bir beynəlxalq hökümət tərəfindən tanınmayan qondarma seçkilər əsasında vəzifə tutmaq iddiasındadır və məhz o, öz ailələrinin qəbirlərini ziyarət etməyə gedərkən (həmin vaxt onların dostu da öldürüldü) girov götürülmüş iki azərbaycanlının saxlanmasında məsuliyyət daşıyır.

Bako Saakyan da, şübhəsiz, Gürcüstandakı və bu gün Ukraynada Donbas və Luqanskda günün mövzusu olan separatçılarla eyni rolu oynayır və eyni xidməti göstərir. Bunun da çətin ki, sözügedən regionlarda stabilliyə faydası olsun.

TEAS sizdən xahiş etdi ki, ən azından bu keçmiş KQB rəhbərinin qatıldığı görüşdə iştirak edərək, onun mövqeyinə dair həqiqəti çatdırmaq üçün bizə də icazə verəsiniz. Kral Beynəlxalq Münasibətlər İnstitutuna uzun müddət üzv olmağımıza baxmayaraq, siz zorakı qüvvələr siyasəti üzrə təcrübəli mütəxəssislə bir arada olmağı üstün tutaraq, bizim iştirakımızı qəbul etməyi rədd etdiniz. Sizlər sizə olan etimadı itirdiniz. Siz müstəqil siyasət institutu statusunuzla qürrələnməkdən utanmalısınız. Buna görə də biz zorakı qüvvələr siyasətinə qarşı olan insanlara müraciət edirik ki, bu gün (dünən-S.Həmid) "Chatham House"un qarşısında keçirəcəyimiz etiraz aksiyasında bizə qoşulsunlar".

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla "Chatham House" İnstitutunda keçirilən görüşə buraxılmayıb. Buna görə də TEAS etiraz aksiyası təşkil edib.

Azərbaycanlılardan separatçıların liderinə Londonda etiraz

Dünən səhər saatlarında Londonda Böyük Britaniyanın Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu - "Chatham House"un təşkilatçılığı ilə separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın spikerliyi ilə "Dağlıq Qarabağ: daxili inkişaf və regional çağırışlar" mövzusunda müzakirələr başlayıb. Müzakirələr davam edərkən Saakyanın Londona səfərinə ertiraz edən soydaşlarımız orada etiraz aksiyası keçiriblər.

Xatırladaq ki, "Chatham House" bununla bağlı öz saytında elan yerləşdirmiş və Bako Saakyanı "Dağlıq Qarabağ Respublikasının de-fakto prezidenti" kimi təqdim etmişdi. Saytda deyilirdi ki, B.Saakyan Dağlıq Qarabağda daxili siyasi vəziyyətlə bağlı məlumat verəcək, regionda təhlükəsizlik və müxtəlif oyunçular arasında münasibətlər barədə fikirlərini bölüşəcək, 1 saat ərzində sualları cavablandıracaq. Bununla bağlı Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iyulun 1-də Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub və ona qəti etiraz bildirilib. Azərbaycan tərəfinin sərt reaksiyasından sonra bu elan saytdan götürülsə də, tədbir ləğv olunmayıb.

Britaniyalı siyasətçilərdən Saakyana etiraz

"Bako Saakyanın Londonda yerləşən "Chatham House" - Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçiriləcək tədbirdə nitq söyləmək üçün dəvət olunması heç bir məntiqə sığmır". Bunu isə Böyük Britaniya Lordlar Palatasının üzvü, lord Kilklunu Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq bəyan edib. O bildirib ki, əslində həmin tədbirə Ermənistanın işğalçılıq siyasəti nəticəsində məcburi köçkün düşmüş Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri dəvət olunmalı idi: "Məhz bu insanların mövqeyi daha çox önəm kəsb edir, nəinki onları öz yer-yurdlarından didərgin salanlar. "DQR" rejiminin başçısı Saakyan beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. "Chatham House"un bu dəvəti təşkilatın statusuna xələl gətirir və həmin şəxsə layiq olmadığı legitimlik səviyyəsini qazandırır. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dörd qətnaməsi var və onlara əməl olunmasının vaxtı çatıb".

Böyük Britaniya parlamentinin üzvü Stefan Hepbörn da Lord Kilkluninin fikirlərinə şərik çıxıb. S.Hepbörn bildirib ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın "Chatham House" İnstitutuna dəvət olunması yolverilməzdir. Onun qondarma rejimi dünyadakı heç bir dövlət tərəfindən tanınmayıb və Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə hələ də əməl olunmur. "O, Böyük Britaniyada istənilmir və mən "Chatham House"dan xahiş edirəm ki, onu dəvət etmək məsələsi barədə yenidən düşünsün", - deyə S.Hepbörn söyləyib.

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi Bob Blekman da Bako Saakyanın Londona gözlənilən səfərini pisləyib.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) mətbuat xidmətindən verilən məlumata görə, millət vəkili TEAS-ın sorğusuna cavabında "Chatham House" - Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçiriləcək tədbirdə B.Saakyanın nitq söyləmək üçün Londona dəvət olunması ilə əlaqədar institutun direktoru Robin Nibletə etiraz məktubu ilə müraciət etdiyini deyib.

B.Blekmanın etiraz məktubunda deyilir: "Hələ ötən həftə mənə Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş kitab təqdimatında iştirak etmək nəsib oldu. Bunun fonunda separatçı Dağlıq Qarabağ rejiminin "prezidenti" Bako Saakyanın "Chatham House"da nitq söyləməsi üçün dəvət olunması xəbərini eşidəndə, şoka düşdüm. Böyük Britaniya hökuməti Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi tanımır. Bununla belə, hökumət Saakyanın Böyük Britaniyaya səfərinin qarşısını ala bilmir. Çünki bu, qeyri-rəsmi özəl səfərdir. Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi olaraq, "Chatham House" kimi nüfuzlu bir instituta belə bir arzuolunmaz şəxsin dəvət olunması məni kədərləndirir və bu tədbirin təxirə salınması üçün sizə müraciət edirəm".

Lakin, göründüyü kimi, Britaniya tərəfi bu tədbiri təxirə salmayıb.

Səxavət HƏMİD


Müəllif:
Загрузка...