29 İyul 2015 11:04

Cens Stoltenberq: "Müttəfiqimiz Türkiyə ilə terrora qarşı mübarizədə həmfikirik"

Dünən NATO-nun Brüsseldəki baş qərargahında fövqəladə iclas keçirilib. Türkiyənin Suriyada və İraqda müvafiq olaraq İŞİD və PKK terrorçularına qarşı apardığı əməliyyatlarla bağlı çağırılan iclasda çıxış edən NATO-nun baş katibi Cens Stoltenberq terrora qarşı mübarizədə Türkiyə ilə həmrəy olduqlarını bildirib.

C.Stoltenberq qeyd edib ki, prosesləri yaxından izləyirlər. O, Türkiyədə törədilən terror aktlarını pisləyib: "NATO hadisələri çox yaxından izləyir. Müttəfiqimiz Türkiyə ilə terrora qarşı mübarizədə həmfikirik".

NATO-nun rəsmi nümayəndəsi Matias Ayxenlaub "İslam Dövləti" və PKK ilə mübarizə aparmaq üçün Türkiyəyə dəstək məsələsini şərh edərkən deyib ki, NATO Türkiyənin ballistik raketlərlə atəşə tutulmasından ehtiyat edir. Onun sözlərinə görə, NATO bu məqsədlə Türkiyənin hava hücumundan müdafiəsini gücləndirir.

NATO nümayəndəsi qeyd edib ki, bu, NATO-nun Türkiyə ilə həmrəyliyinin konkret əlamətidir.

Türkiyə NATO-ya necə daxil oldu?

Xatırladaq ki, Türkiyə 1950-ci ilin 25 iyununda başlanan Koreya müharibəsində iştirak edən BMT qüvvələrinin sərəncamına bir piyada diviziyası göndərib. I Dünya müharibəsindən sonrakı dövrdə türk əsgəri ilk dəfə hərbi əməliyyatlarda iştirak etdi və bu döyüşlərdə nəyə qadir olduğunu öz tərəfdaşlarına ən yüksək şəkildə göstərə bildi və sübut etdi ki, Türkiyənin NATO-ya girməsi elə təşkilatın özü üçün lazımdır. Buna görə də 1951-ci ilin sentyabrında Ottavada toplanan NATO Nazirlər Şurası Türkiyə və Yunanıstanın təşkilata qoşulmasına razılıq verdi.

1951-ci ilin 13 oktyabrında ABŞ, Böyük Britaniya, Fransa və Türkiyə bir Orta Şərq Müttəfiq Komandanlığı qurulması haqqında Misirə təklif verdilər. Plana görə, bu komandanlıq daha geniş ərazinin təhlükəsizliyini öz üzərinə götürməli, Avstraliya, Yeni Zelandiya və Cənubi Afrika İttifaqı kimi ölkələr ona qoşulmalı idilər. Süveyş bölgəsində olan hərbi hissələr də həmin komandanlığın sərəncamına verilirdi. Misir bu təklifi Böyük Britaniyanın Süveyşdən çıxmaması üçün qurulan bir hiylə kimi dəyərləndirdi və ayın 17-də onu rədd etdi. Həmin gün NATO Şurası Londonda imzaladığı bir protokol ilə Türkiyə və Yunanıstanı NATO-ya qəbul etdi. Türkiyə Böyük Millət Məclisi isə 1952-ci ilin 19 fevralında Türkiyənin NATO-ya daxil olmasını təsdiqlədi.

"Prosesi davam etdirmək mümkün deyil"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd məsələsinin çözüm prosesinin ölkənin suverenliyinə təhlükə törədənlərlə davam etdirilməsinin mümkün olmadığını bəyan edib. Çinə səfər zamanı jurnalistlərə açıqlamasında Ərdoğan deyib ki, prosesi ölkənin milli birliyini pozmaq istəyənlərlə davam etdirmək mümkün deyil: "Proses başlayanda mən baş nazir və partiya sədri idim. Təəssüf ki, bundan sui-istifadə halları oldu. Milli birliyimizə xələl gətirənlərlə prosesi davam etdirmək mümkün deyil. Vacib olan milli birlikdir. Çözüm prosesi odur ki, ölkənin hər bir vətəndaşına verilmiş hüququ təmin olunacaq. Burada geri addım atmaq olmaz".

Ərdoğan əlavə edib ki, Türkiyə Cümhuriyyəti terrorçuları dəstəkləyən hər təbəqədən hesab soruşmaq iqtidarındadır:

"Türkiyə adı və məqsədinin nə olmasından asılı olmayaraq, paralel dövlət təşkilatlanması ilə mübarizə aparmağa qadirdir. İraqın şimalında apardığımız mübarizə millətin təhlükəsizliyini təhdid edənlərə qarşıdır. Türkiyə terror təşkilatları arasında heç bir ayrı-seçkilik etmir".

Türkiyə prezidenti Suriya ilə sərhəddə "bufer zonası" yaradılacağını açıqlayıb: "ABŞ prezidenti Barak Obama ilə telefonda bu məsələni hərtərəfli müzakirə etdik. Həmin ərazi İŞİD-dən təmizlənəcək və 1,7 milyona yaxın suriyalı qaçqın oraya yerləşdiriləcək".

Türkiyənin NATO-nun üzvü olduğunu xatırladan Ərdoğan, NATO-nun digər üzvlərinin Türkiyəni dəstəklədiyini bəyan etdiyini deyib.

Prezident Rəcəb Tayyib Ərdoğanın bu çıxışının ardınca Türkiyədə, Muş-Kulp yolu üzərindəki iki körpü PKK terror təşkilatının üzvləri tərəfindən partladılıb. Türkiyə hüquq-mühafizə orqanları hadisə ilə bağlı xüsusi əməliyyata başlayıb.

Məlumata görə, terrorçular ərazidən uzaqlaşmağa nail olublar.

"Türkiyə İŞİD-lə mübarizəyə töhfə verir"

Türkiyənin milli müdafiə naziri Vecdi Gönül isə bildirib ki, Türkiyə İŞİD terror təşkilatının yaratdığı təhlükəni aradan qaldırmaq üçün zəruri tədbirləri görür: "Bizi ümumi məqsədlər naminə birləşdirən ölkələrlə əməkdaşlıq edilir. Türkiyə, həmçinin koalisiya qüvvələrini dəstəkləyərək İŞİD-lə mübarizəyə töhfə verir. Türkiyə parlamentinin 2012-ci ildə qəbul etdiyi mandata əsasən, Ankara terrorçuluqla və ölkəyə qarşı yönəldilmiş digər təhdidlərlə mübarizə aparmaq üçün istənilən tədbiri görə, İraq və Suriyadakı terrorçu qruplaşmalar tərəfindən yarana biləcək təhlükəni dəf edə, böhrandan əvvəl və sonra ölkənin maraqlarını qoruya bilər. Və bu, Türkiyəyə dövlət təhlükəsizliyinin təmin edilməsini təhdid edən istənilən təhlükəyə qarşı mübarizə hüququ verir.

İŞİD-ə qarşı səmərəli mübarizə və ölkənin təhlükəsizliyinin təmin edilməsi Türkiyənin prioritetlərindən biridir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, İŞİD-in yaranması və güclənməsinə səbəb Əsəd rejiminin dəstəklədiyi Suriyadakı qeyri-sabitlikdir. İŞİD-i dəstəkləyən qüvvələr aradan qaldırılmayanadək, onun məhv edilməsi mümkün olmayacaq. Bir sözlə, İŞİD-ə qarşı mübarizə Suriyada sabitlik və təhlükəsizliyə də xidmət edəcək. Bu, Suriya xalqının tələblərini təmin edən Cenevrə sazişlərinin reallaşdırılması yolu ilə mümkündür.

V.Gönül deyib ki, Suriyada sabitliyin əldə edilməsi və siyasi danışıqlara başlamaq üçün Suriya rejiminə siyasi təzyiq göstərilməlidir: "Bu böhranın nizamlanmasında nəticəyə yalnız belə nail olmaq olar və bundan sonra İŞİD-in tam məhv edilməsi mümkün olacaq. Bununla yanaşı, kəşfiyyat məlumatlarının mübadiləsi və terrorçuluqla mübarizədə əməkdaşlıq lazımdır. Bu məsələdə terrorçuluqla mübarizə sahəsində ciddi uğurlar qazanmış İraq nümunə göstərilə bilər".

"İŞİD təhlükəsi ilə üz-üzəyik"

Türkiyə ordusu baş qərargahının keçmiş rəisi general İlkər Başbuğ isə Suriya və İraqdakı vəziyyəti analiz edərək deyib ki, Türkiyə Hərbi Hava Qüvvələrindən və müxtəlif bölgələrdəki hərbi bazalarından istifadə etməyə başlamaqla, artıq Suriyada İŞİD-ə qarşı aparılan əməliyyatın bir parçasına çevrilib. Onun sözlərinə görə, Türkiyənin İŞİD-ə qarşı aparılan əməliyyatlarda iştirakının faydası və zərərlərini yaxşı fikirləşmək lazımdır: "Unutmaq olmaz ki, həm Suriya ilə sərhəd boyunca, həm də ölkə içində ciddi İŞİD təhlükəsi ilə üz-üzəyik. İŞİD-in bu qərara və əməliyyatlara necə cavab verəcəyini də gələcəkdə görəcəyik".

Daha sonra İŞİD terror təşkilatının necə yarandığından danışan İ.Başbuğ deyib: "Əvvəlcə keçmişə baxaq. 1923-cü il yanvarın 16-da Mustafa Kamal Məclisdəki çıxışında "İngilislər Mosul-Kərkük bölgəsində kürd hökuməti qurmaq istəyirlər. Əgər niyyətləri baş tutsa, bu, ölkəmizdə yaşayan kürdlərə də təsir edə bilər" demişdi. Bu hal indi də aktualdır. Hazırda biz müstəqil kürd dövlətinin qurulmasına dair ümidlərin reallaşmağa ən yaxın olduğu məqamdayıq.

İŞİD-in qarşısını almaq çox çətinləşib. Siyasi baxımdan bunu bacaracaq iki ölkə var: Türkiyə və İran. Müstəqil kürd dövləti necə qurula bilər? 2000-ci illərin əvvəllərində biz tez-tez nə deyirdik? Kərkük, Kərkük, Kərkük. Kərkük Barzaninin nəzarətinə keçdi. İndi Mosul İŞİD-in əlindədir, orda əməliyyat aparmaq haqqında fikirləşirlər, amma aparmırlar. Əgər sabah, ya da yaxın vaxtlarda İŞİD ordan çıxarılsa, Mosul kimin nəzarətinə keçəcək? Yenə Barzaninin. O nə demişdi? "Mosuldan sonra İraqdakı siyasi vəziyyət belə qala bilməz, dəyişiklik olacaq. Bu barədə fikirləşmək lazımdır.

Baxın, İŞİD bir yerə hücum edir, oranı alır, sonra terrorçuları oradan qovurlar, həmin bölgəyə kürdlər daxil olur. Bunu da düşünməliyik. Yəni Suriyanın şimalı ilk dəfə gündəmə gəlmir. Vəziyyət çox kritikdir. Xəritəyə baxsaq, bu gün Suriyanın şimalında İŞİD-in nəzarətində olan xətt İraqın şimalında kürdlərin nəzarətində olan xətlə birləşə bilər.

Suruçdakı hadisə Türkiyənin kürd vətəndaşları ilə dövləti üz-üzə qoydu. Bəlkə də, terror aktını hazırlayanlar elə buna nail olmaq istəyirdilər. Odur ki, əgər ağılla hərəkət etməsək, İŞİD-ə xidmət göstərmiş olacağıq".

"NATO bu mübarizənin aparılmasında maraqlı olmalıdır"

Politoloq Arzu Nağıyev qeyd edib ki, Türkiyə son vaxtlar PKK ilə ciddi mübarizəyə başlayıb, hərbi hava qüvvələri tərəfindən PKK-nın bazaları məhv edilir: "Eyni zamanda, İraqda yerləşən İŞİD qruplaşmalarının da bazaları məhv edilir. Bu, ona görə edilir ki, PKK qrupları İŞİD-lə razılaşma əsasında müəyyən danışıqlara gedə bilərlər. Bu da, əlbəttə, Türkiyənin marağında deyil. Türkiyə NATO-nun üzvüdür, yəqin ki, ilk öncə NATO da bu mübarizənin aparılmasında maraqlı olmalıdır. Türkiyə Hərbi Hava Qüvvələri bu hərbi əməliyyatları təkbaşına aparır və hərbi dəstək üçün NATO-ya müraciət etməyib. Çünki NATO qüvvələri PKK-ya qarşı heç bir əməliyyat həyata keçirmir və bunu Türkiyənin daxili problemi kimi qəbul edir.

İŞİD-ə gəldikdə isə belə bir müraciət olsa, NATO-nun yığıncağının keçirilməsi və qərar qəbul etməsi vacib olacaq. Bu məsələnin də bir tərəfi Suriya problemidir. Bu gün NATO-nun qarşısında duran əsas vəzifələrdən biri Suriya hakimiyyətini dəyişməkdir, Türkiyə isə bu məsələyə başqa cür yanaşır, çünki Rusiya faktoru da var. NATO-nun bu məsələlərə qarışması artıq böyük savaş deməkdir. Yəqin ki, hava hücumları başa çatdıqdan sonra quru qoşunları vasitəsilə Türkiyənin İraqla həmsərhəd ərazilərində təhlükəsiz bufer zonaları yaradılacaq və bundan sonra sərhədin mühafizəsi gücləndiriləcək. Paralel olaraq isə PKK və İŞİD dəstəkçilərinə qarşı Türkiyənin öz ərazisində də antiterror əməliyyatları davam etdiriləcək".

"ABŞ, Rusiya, İran kimi ölkələr dəstək verə bilər"

Beynəlxalq məsələlər üzrə analitik Toğrul İsmayıl hesab edir ki, Türkiyə əməliyyatları müttəfiqləri ilə razılaşdıqdan sonra həyata keçirir: "Suruçdakı terror aktı ilə Türkiyə İŞİD-in birbaşa hədəfinə çevrildi və keçirilən əməliyyatlar da buna adekvat cavabdır. Xatırlayırsınızsa, Türkiyənin hərbi təyyarəsi Suriya ordusu tərəfindən salınanda, müdafiə olunma addımı seçildi. İndi isə müdafiə ilə yanaşı, hücumlar da reallaşır. Lakin burada beynəlxalq situasiyanı da nəzərə almaq lazımdır. Ehtimal ki, Ankara müttəfiqləri ilə razılaşdıqdan sonra bütün region üçün təhlükə olan İŞİD-i vurmaq qərarını verib. Buna paralel olaraq, PKK-ya qarşı da ölkə daxilində və xaricdə əməliyyatlar aparılır. Ankarada anlayırlar ki, problemə qarşı təkbaşına getmək çətin olacaq. Ona görə də kənardan dəstək axtarılır. Xüsusilə, regionda maraqları olan ABŞ, Rusiya, İran kimi ölkələr dəstək verə bilər".

Politoloq hesab edir ki, Suriya məsələsində ümumi dilə tapılsa, terrora da son qoymaq mümkündür: "Fikrimcə, Türkiyə bu cür əməliyyatlarda zəngin təcrübəyə malikdir. Amma terrorun kökünü bununla kəsmək mümkün deyil".

BƏXTİYAR


Müəllif:
Загрузка...