5 İyul 2016 12:37

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılıb.


Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.


Məruzəçi hakim Sona Salmanova qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 29-da Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb: “MSK-nın təqdim etdiyi protokol MSK-nın səsvermə hüququ olan 18 üzvünün hamısı tərəfindən imzalanıb. Ali Məhkəməyə 4 şikayət daxil olub, 3 şikayət üzrə apelyasiya məhkəmələrinin qərarları qüvvədə saxlanılıb, apelyasiya məhkəmələrinin 1 qərarı isə ləğv olunub. Prokurorluğa isə 1 şikayət daxil olub, bu şikayət də baxılması üçün MSK-ya göndərilib”.

MSK sədri Məzahir Pənahov 90 saylı Ağdaş seçki dairəsi üzrə 7 deputatlığa namizədin qeydə alındığını, namizədlərin seçicilərə seçki platformalarını çatdırması üçün lazımı şərait yaradıldığını bildirib: "Dairədə Avropa Şurası Parlament Assambleyasının 4 müşahidəçisi müşahidə aparırdı, o cümlədən 743 müşahidəçi qeydiyyatdan keçmişdi.Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri seçkinin yüksək səviyyədə təşkil edildiyini, şəffaf keçirildiyini xüsusi qeyd ediblər. Seçkilərdə seçici fəallığı 57.9% olub. Həmin gecə seçkinin ilkin nəticələri açıqlanıb. Milli Məclisə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov 85.6% səs toplayıb. MSK-ya 2-nin müddəti ötməklə, cəmi 7 müraciət daxil olub. Müşahidəçilərdən bizə müraciət daxil olmayıb. Seçkilərlə əlaqədar məhkəmələrə də müraciət olmayıb. Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən gec 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır. Ancaq bu durumda biz 20 gün gözləməyə ehtiyac görmədik. İyunun 29-da MSK səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolu və ona əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. Hesab edirəm ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkilərin nəticələri ilə bağlı təqdim etdiyi sənədi təsdiq edə bilər”.



Daha sonra Konstitusiya Məhkəməsinin hakimləri M. Pənahova bir neçə sual ünvanlayıb, M. Pənahov həmin sualları cavablandırıb. M. Pənahov deputatlığa namizədlərin qeydiyyatı dövründə İlqar Məmmədovun (REAL Hərəkatının sədri) səlahiyyətli nümayəndəsinin imza vərəqələrini boş qaytardığını da nəzərə çatdırıb.

İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov çıxış edib. O, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.

Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla isə Ulduzə Həmidova çıxış edib. Onlar hakimlərin suallarını da cavablandırıblar.

Daha sonra hakimlər müşavirəyə gedib. Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin nəticələrini təsdiq edib.

Beləliklə, Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, 90 saylı Ağdaş seçki dairəsi üzrə deputat seçilmiş C.Osmanovun deputat statusu təsdiq edilib. (“APA”)


Müəllif:
Загрузка...