22 İyul 2016 14:27
647

“Açığı, mən Ermənistandakı hadisələrə ilk gündən fikir vermədim. Yəni, ona kriminal elementlərin bir “razborka”sı kimi baxırdım. Amma indi daha da genişlənib, diqqət çəkir. Bununla belə, həmin hadisələrin təşkilatçılarının və iştirakçılarının Jirayr Səfilyanın adamları olduğu bildirilir. Səfilyan həbs olunduqdan sonra onun kriminal dəstəsi polis orqanlarını tutub ki, onu azad etsinlər”.

Bunu Teleqraf.com-a açıqlamasında Konfliktlərin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyev bildirib.

Ermənistanda son günlər baş verən proseslər barədə fikirlərini bölüşən E.Mehdiyev bunun siyasi bir gəlişmə olduğunu düşünmədiyini vurğulayıb: “Bu, daha çox kriminal elementlərin polislə hərəkətidir və o da daha çox son dönəmdə Ermənistanda adi hal alıb. Müşahidə etsəniz görərsiniz ki, hər gün, hər yerdə silahlı ölüm hadisələri baş verir. Bunlar da bir-biri ilə silahlı hesab çürütmə toqquşmalarının nəticəsidir. Həm İrəvanda, həm Gümrüdə, həm də rayonlarda silahlı insidentlər artıq adi hal alıb. Amma bu hadisə daha çox Jirayr Səfilyanın tutulması ilə bağlıdır”.

E.Mehdiyev qeyd edib ki, J.Səfilyanın Şuşanın işğalında heç bir rolu yoxdur: “O əməliyyatda minlərlə ermənidən biri kimi Səfilyan da iştirak edib. Sadəcə olaraq o, Livan ermənisidir və onlar da hamısı nasist-faşist düşüncəli adamlardır. Sərkisyan da onu həbs etdirir. Ümumiyyətlə, bu düşüncədə olanlar təkcə işğal edilmiş Azərbaycan ərazilərini deyil, bütün Türkiyə və Azərbaycanı qədim erməni torpağı bilir. O baxımdan Səfilyan guya Qarabağ danışıqlarında hansısa güzəştlərin olduğunu iddia edərək Sərkisyana qarşı çıxdığını bildirirsə, bununla özünə tərəfdar sayını artırmağa çalışır. Çünki o bilir ki, Ermənistanda çoxsaylı insanlar işğal edilmiş ərazilərin geri qaytarılmasını istəmir. Bununla da özünün dəstək bazasını artırır. Amma onun çıxışlarının heç bir əhəmiyyəti yoxdur və indiki toqquşmalarda əsas mövzu da deyil. Bu, sadəcə Azərbaycan üçün maraq kəsb etdiyi üçün bizim KİV-lərdə yayılır”.

Belə bir fikir də var ki, danışıqlar prosesində Ermənistana Azərbaycana güzəştə getməklə bağlı hansısa təzyiqlər olduğu üçün hazırkı iğtişaşları da rəsmi İrəvan özü təşkil edib. E.Mehdiyev bununla bağlı deyib ki, bunu demək bir qədər çətindir: “Mən bunu deyə bilmərəm. İkincisi də, bu daha çox konspirologiya nəzəriyyəsidir. Amma dövlətin başında dayanan kriminal Sərkisyan özünün necə deyərlər, məclisinin pozulmasını istəmir. Sərkisyan istəyir ki, həmişə hər şeyi kontrolda saxlasın. İndiki halda isə İrəvanın mərkəzində bu cür vəziyyət heç də onun üçün münbit şərait deyil”.

Digər tərəfdən isə E.Mehdiyev qeyd edib ki, bu gün İrəvanda baş verənlər Ermənistanın hakim rejimi üçün xarakterik bir haldır: “Hər zaman belə olub. Məsələn, indi Səfilyanı tutublar, onun da dəstəsi gəlib polis idarəsini tutub. “Razborka” edir, hesab çürüdür ki, sən onu burax, mən də sizi öldürməyim. Ermənistanda hər zaman belə olub”.

Müsahibimiz Ermənistanda silahlı qrupların sayının çoxluğuna diqqət çəkib: “Çünki həm Qarabağ müharibəsindən sonra orda çoxlu sayda silahlar saxlanılıb, gizlədilib. Hələ Qarabağ müharibəsi başlamazdan öncə də Ermənistandakı Rusiya hərbi bazasına hücum edilirdi, yaxud pulla alınırdı. Ermənistanda çoxlu sayda insanlarda avtomat, pulemyot silahları var idi. 1991-92-ci illərdə minlərlə silah əldə edilirdi. Sonra, yəni müharibə başa çatdıqdan sonra işğal edilmiş ərazilərdən silahların toplanmasına kim nəzarət edirdi?! Bu baxımdan Ermənistanda həm əhalinin əlində silah çoxdur, həm də kriminal dəstələr var ki, silahlı reketçilik yolu ilə pul qazanmağı əsas götürüblər. Yəni, iqtisadi maraqların təmin edilməsi üçün silahla hərəkət edirlər. Son illərə nəzər salsanız, onlarla silahlı insident baş verib. Hər ay neçə-neçə yerlərdə silahlı toqquşmalar olur, insanlar bir-birlərini öldürür, biznesmenləri öldürürlər. Kim pul vermirsə, ona hücum edir, öldürür, yaralayır. Bu, orada həyat tərzinə çevrilib”.

Səxavət HƏMİD


Müəllif: