19 May 2017 14:00
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada döyüş əməliyyatlarında iştirak edən ilk rus hərbçi məhkəmə qarşısına çıxarılıb.

Teleqraf.com “Kommersant” qəzetinə istinadən xəbər verir ki, müqavilə əsasında xidmət edən sıravi Artyom Xilko silahını itirməkdə ittiham olunur. Hərbçi Moskva Hərbi Dairə Məhkəməsində keçirilən proses zamanı özünü tam təqsirli bilib. Məhkəmə onun ilk dəfə ittiham olunduğunu, döyüş əməliyyatlarında iştirak etdiyini nəzərə alaraq, 50 min rubl cərimə cəzası ilə kifayətlənib. Həmçinin, hərbçiyə xidmətini davam etdirməsi imkanı yaradılıb.

Məhkəmə prosesi KİV üçün qapalı keçirilib. Ancaq cinayət işinin bəzi detalları məlum olub. Belə ki, A.Xilko digər hərbçi yoldaşı ilə birgə Rusiya Hərbi Dəniz Qüvvələrinin Tartusdakı bazasına daxil olan yükü qəbul edərək, onun ünvanına çatdırılmasını təmin edib. Növbəti dəfə yük boşaldılan zaman sıravi Xilko avtomatını “Ural”ın bortunda unudub. Güman olunur ki, avtomat yolda oğurlanıb. İstintaq silahın satılması versiyasını tamamilə istisna edib.

Hərbçiyə qaldırılmış cinayət işi Suriyada döyüş əməliyyatlarında iştirak edən rusiyalı hərbçilərin istintaqa cəlb olunmasına və məhkəmə qarşısına çıxarılmasına dair ilk faktdır.


Müəllif: Səxavət