29 Aprel 2014 16:20
1 396

“Leyla və Arif Yunus cütlüyü neçə il bundan əvvəl həbs edilməli idi”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov deyib.

Onun sözlərinə görə, bu iki şəxslə bağlı çoxdan tədbir görülməliydi: “Hətta bu addımı gecikmiş hesab edirəm. Çünki neçə illərdir hər iki şəxs Azərbaycanın milli və dövlətçilik maraqlarına zərbə vurmaqla məşğuldur. Təbii ki, hüquq-mühafizə orqanları onları saxlayıbsa, deməli fəaliyyətləri tamamilə təhlükəli həddə çatdığı sübut olunub. Azərbaycan demokratik dövlətdir, amma bu ölkə başlı-başına buraxılmayıb ki, kimlərsə hüquq müdafiəçisi adı ilə istədiyini edə bilsin. Hesab edirəm ki, onlarla bağlı aparılan araşdırmalar zamanı hələ çox məsələlər ortaya çıxacaq. Bu insanlar uzun illərdir erməni dəyirmanına su tökürlər, onlara havadarlıq edirlər, Azərbaycanda erməni təbliğatı aparırlar. Təbii ki, belə insanların fəaliyyəti ciddi araşdırılmalıdır və qanunauyğun tədbirlər görülməlidir”.

V.Qədirov əlavə edib ki, əgər vətəndaş hüquq-mühafizə orqanına qarşı kobud hərəkət edirsə, qanun qarşısında cavab verməlidir. Onun sözlərinə görə, Leyla Yunusun bu hərəkətləri özbaşınalıqdan xəbər verir: “Bu vaxta qədər özbaşına hərəkət ediblər və hesab edirlər ki, istənilən vaxt istənilən vətəndaşa, hətta polisə qarşı kobudluq edə bilər. Hüquq müdafiəçiləri olduğu üçün düşünürlər ki, vətəndaşların, xalqın hətta polisin hüquqlarını pozması üçün bunlara səlahiyyət verilib”.

BƏXTİYAR


Müəllif: