29 Aprel 2014 19:06
1 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Azərbaycandakı səfirliyi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa və onun həyat yoldaşı, politoloq Arif Yunusa 5 illik viza verdiyini təsdiqləyib. Səfirliyin mətbuat katibi Cəmilə Axundova “Media forum” saytına deyib ki, səfirlik vizanı Leyla Yunusa və Arif Yunusa aprelin 28-də verib.

Mətbuat katibi vizanın növünə aydınlıq gətirməkdən imtina edib, eyni zamanda vizanın hansı prosedurlarla verildiyini açıqlamayıb.

Cəmilə Axundova aprelin 28-də Fransa səfirliyi əməkdaşlarının Leyla Yunusla Arif Yunusu xaricə yola salmaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna getdiyini də təsdiqləyib: “Amma bunun səbəbləri haqda məlumatım yoxdur”.

Leyla və Arif Yunus aprelin 28-də axşamdan xeyli keçmiş Bakı hava limanında, Qətərin paytaxtı Dohaya gedərkən saxlanıblar. Onların ölkədən çıxmasına icazə verilməyib.

Aprelin 29-da Leyla Yunus hazırda həbsdə olan, dövlətə xəyanətdə şübhəli bilinən jurnalist Rauf Mirqədirovun işi üzrə Baş Prokurorluğun ağır cinayətləri araşdıran istintaq idarəsində dindirilib.


Müəllif: