12 May 2014 17:43
584

Müsavat başqanı İsa Qəmbər Fransa prezidenti ilə görüşündən danışıb.

Teleqraf.com musavat.com-a istinadən həmin müsahibəni təqdim edir:

- İsa bəy, Avropanın aparıcı dövlətinin başçısının Azərbaycan müxalifəti ilə ayrıca görüş keçirməsini necə dəyərləndirirsiniz? Görüşlə bağlı nə deyə bilərsiniz?

- Fransa kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir dövlətin prezidentinin Azərbaycanda siyasi partiya liderləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirtməsi Azərbaycanın demokratik qüvvələrinə, müxalifətə çox böyük önəm verilməsinin təzahürü kimi qiymətləndirilə bilər.

- Bu görüşdə müzakirə olunan məsələlər, mesajlar barədə nə deyə bilərsiniz?

- Bütün ənənəvi mövzular var, insan haqları, demokratiyanın inkişaf səviyyəsi, seçkilərin saxtalaşdırılması ilə bağlı, siyasi məhbus mövzusu və eyni zamanda Rusiyanın ekspansionist siyasəti nəticəsində son dövrdə yaranmış vəziyyət və təhlükələr, təhdidlərlə bağlı danışdıq. Azərbaycanın Avroatlantik məkana inteqrasiya meylliliyi, bizim mövqeyimiz barədə fikir mübadiləsi oldu. Eyni zamanda Qarabağ məsələsinin həlli ilə bağlı mövqeyimizi izah etdik, məsələnin ədalətli həllinə dəstək verilməsinin də önəmini qeyd etdik.

- Fransa prezidenti ilə görüşün məntiqi nəticəsi olaraq nə gözləyirsiniz?

- Hesab edirəm ki, bu, beynəlxalq birliyin Azərbaycandakı demokratik qüvvələrə, siyasi müxalifətə diqqətinin mesajıdır və o mesaj həm də hakimiyyətə və cəmiyyətə verilib. Bu, demokratik qüvvələrə, seçkilərə və müzakirə olunan digər məsələlərə diqqətin artacağından xəbər verir.

- Bundan sonra həbsdə olanların əfvi ilə bağlı gözləntiniz daha böyükdür, yoxsa həbs və təqib dalğası Ollandın səfərindən sonra yenidən vüsət ala bilər?

- Bu məsələ Fransa prezidentinin keçirdiyi mətbuat konfransındakı suallarda da səslənib. O da bu məsələyə münasibətini bildirib. Təbii ki, bu məsələyə diqqət artacaq. Ancaq bunun nə şəkildə olacağı ilə bağlı bir söz demək çətindir.


Müəllif: