14 May 2014 15:34
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər Teyyublu: “Bu baş tutmayacaqsa, onda allah hamının işini avand eləsin”

“İstəyirik ki, Milli Şurada nüfuzlu insanlar fəaliyyət göstərsin və onlar təsirlərdən kənarda olsunlar. KXCP zamanında qurumun inkişafı və təşkilatlanmasına dair təkliflər paketini Milli Şura rəhbərliyinə təqdim etmişdi. Hesab edirik ki, Milli Şuranın daha ciddi güc mərkəzinə çevrilməsinin bir yolu da yerlərdə təşkilatlanmasından keçir. Milli Şuranın komissiyaları yaradılıb. Bu komissiyalar işləməlidir. Əgər bu baş verməyəcəksə, demək, nəticə yaxşı olmayacaq. İndiki vəziyyət isə şəxsən məni qane etmir. Biz təşkilatlanma işində sanki zəiflik nümayiş etdiririk”.

Bunu Milli Şuranın üzvü, KXCP sədrinin təşkilati məsələlər üzrə müavini Xəzər Teyyublu bildirib.
X. Teyyublu ziyalıların, müstəqil ictimai xadimlərin Milli Şuraya meyl etməməsinin səbəbləri haqda danışmaq istəməyib. Deyib ki, bu haqda danışması başqa məsələlərin meydana gəlməsinə yol aça bilər: “Əbülfəz Elçibəy də qeyd edirdi ki, hər bir məsələnin zamana ehtiyacı var”.

Milli Şura üzvü daha sonra əlavə edib ki, KXCP-nin təkliflərindən biri də, Milli Şuranın daha da inkişaf etdirilməsi, hətta əksər qüvvələrin burada cəmləşməsi ilə bağlıdır:

“Milli Şura yalnız adı ilə Milli Şura olmalı deyil. Bu, bütünlüklə kənarda qalan ictimai-siyasi qurumların, siyasi qüvvələrin, ictimai xadimlərin, ziyalıların qəbul edəcəyi bir quruma çevrilməlidir. Biz şəxsən KXCP olaraq Müsavat Partiyasının, eləcə də, Liberal Partiyanın və “El” Hərəkatının Milli Şuradan getməsinə etiraz etmişik. Əgər bu məsələlər bir yerdə həll ediləcəksə, Milli Şura həm önə çıxacaq, həm də yaşayacaq. Yox əgər, yerimizdə saymalı olacağıqsa, heç bir inkişaf, mübarizə olmayacaq. Bu da o deməkdir ki, biz Milli Şura olaraq geridə qalacağıq və bunun təşkilatlanma işimizə də mənfi təsiri baş verəcək. Məsələn, deyə bilərik ki, hər təşkilat özündən 50 nəfər adam gətirsin və Milli Şuranın üzvlərinin sayını 500 nəfərə qaldıraq. Bununla nə dəyişir? Axı Milli Şuradan kənarda siyasətlə məşğul olan nə qədər partiyalar, şəxslər var”.

Daha sonra KXCP funksioneri deyib ki, Milli Şura mitinqlər keçirmək haqqında düşünməlidir. Onun fikrincə, artıq aksiyalarla bağlı hazırlıqlar olmalıdır:

“Hər halda Milli Şura həm aksiyalar keçirməli, həm də təşkilatlanma işinə ciddi diqqət yetirməlidir. Milli Şura daxilində gedən proseslər, bəzi qurumların şuranı tərk etməsi insanlarda bir ruh düşgünlüyü yaratdı. Bu gün Milli Şura toparlanaraq təmərküzləşmə nöqtələri tapmalıdır. Amma sabah bu olmaya, ölkədə başqa siyasi vəziyyət yarana və başqa siyasi qüvvələr də bir yerə toparlana bilər. Ölkədə kiçikliyindən və böyüklüyündən asılı olmayaraq hamı böyük bir qurumda birləşməlidir. Ayrı-ayrılıqda partiyalar ətrafında bir neçə siyasi təşkilatı birləşdirib fəaliyyət göstərəcəksə, bu cəmiyyətdə parçalanma təəssüratı yaradacaq. Həm də nəzərə almaq lazımdır ki, qarşıdan bələdiyyə, daha sonra parlament seçkiləri gəlir. İki nəhəng seçki prosesində hamının bir yerdə olması vacibdir. KXCP hesab edir ki, hamı bir yerdə olacaqsa, bizdə bu prosesdə olacağıq, yox əgər bu baş tutmayacaqsa, onda allah hamının işini avand eləsin”.

Nemət


Müəllif: