5 Fevral 2015 17:10
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kərim Kərimov: “Partiyaya qəbulda keyfiyyətə xüsusi diqqət yetirilir”

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Partiyadaxili inkişaf və intizam komissiyasının iclası keçirilib. İclasda komissiya üzvləri ilə yanaşı partiyanın Bakı şəhəri və Abşeron rayonu üzrə təşkilatlarının sədrləri və aparat rəhbərləri iştirak ediblər.

Teleqraf.com-un məlumatına görə, iclasda partiyaya qəbulda keyfiyyət göstəricilərinin əsas prinsipləri müzakirə olunub. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edərək partiyaya qəbulda keyfiyyətə xüsusi diqqət yetirildiyini deyib. O qəbul prosesində əsas prinsipləri sadalayıb və qeyd edib ki, YAP sıralarına gənclərin qəbulu prioritetdir. Xüsusilə, Heydər Əliyev ideyalarına sadiqlik, prezident İlham Əliyevin siyasətinin dəstəklənməsi, şəxsin ideya-siyasi hazırlığı, mədəni-əxlaqi keyfiyyətləri və digər vacib amillər YAP sıralarına qəbulda əsas prinsiplərdir.

İclasda YAP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Məhəmməd Məmmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının öz fəaliyyəti ilə digər siyasi təşkilatlara nümunə olduğunu bildirib.

M.Məmmədov deyib ki, YAP-ın sıralarında partiyanın ideya və prinsiplərini qəbul edən insanlar birləşib. Onun sözlərinə görə, hazırda YAP sıralarında 650 min nəfərə yaxın üzv birləşib. Bunların 45 faizini qadınlar, 40 faizini isə gənclər təşkil edir: “Partiyamızda intizam məsələlərinə xüsusi diqqət yetirilir.

Sevindirici haldır ki, nizam-intizam yüksək səviyyədədir. Mərkəzi Nəzarət-Təftiş Komissiyası mütəmadi olaraq bu yöndə araşdırmalar aparır, müvafiq qərarlar qəbul edir. Bu baxımdan, partiyaya qəbul prosesində yüksək nizam-intizam, mənəvi-əxlaqi keyfiyyətlərin də nəzərə alınması müsbət haldır”.

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov isə ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini vurğulayıb. O qeyd edib ki, prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkə gəncliyi inkişaf edir.

S.Orucov Yeni Azərbaycan Partiyasının da gənclərə olan münasibətini yüksək dəyərləndirib, Gənclər Birliyinin fəaliyyətinə hərtərəfli dəstək verildiyini vurğulayıb. İclasda YAP Gənclər Birliyinin sədri bir sıra təkliflərlə çıxış edib. Partiyanın sıralarında 254 minə qədər gəncin birləşdiyini deyən S.Orucov kəmiyyət baxımdan bunun yüksək göstərici olduğunu diqqətə çatdırıb: “Ona görə də, biz daha çox keyfiyyətə üstünlük veririk. Eyni zamanda, vaxtaşırı olaraq partiyanın veteranları ilə gənclərin görüşlərinin keçirilməsi yaxşı olardı. Belə görüşlər təkcə Bakı şəhərində deyil, bölgələrdə də keçirilməlidir. Çünki gənclərin partiya veteranlarının tövsiyələrinə hər zaman ehtiyacı var”.

İclasda YAP Siyasi Şurasının üzvü Rizvan Vahabov, YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və digərləri çıxış edərək müzakirə olunan məsələ ilə bağlı öz fikirlərini bildiriblər.

Səxavət


Müəllif: